Şəhidlərin Ruhuna Həsr Olunan Qürur və Mübarizə Meydanı – “Arpaçay Open”

Şəhidlərin Ruhuna Həsr Olunan Qürur və Mübarizə Meydanı – “Arpaçay Open”
30–31 yanvar və 1 fevral tarixlərində keçiriləcək, artıq ənənəvi xarakter almış “Arpaçay Open” Beynəlxalq Karate Turniri bir daha sübut edir ki, idman təkcə fiziki gücün yox, milli yaddaşın, mənəvi dəyərlərin və tarixi məsuliyyətin daşıyıcısıdır. Bu mötəbər yarış hər il olduğu kimi, bu il də Vətən uğrunda canından keçmiş Şəhidlərimizin əziz xatirəsinə həsr olunur.
Azərbaycan xalqının tarixi qanla, mübarizə ilə, amma eyni zamanda qürur və ləyaqətlə yazılıb. Bu torpağın hər qarışı şəhid qanı ilə suvarılıb. “Arpaçay Open” turniri də məhz bu müqəddəs yaddaşın yaşadılması, gənc nəsillərə ötürülməsi və idman meydanlarında milli ruhun təcəssümüdür. Burada hər bir zərbə, hər bir qələbə təkcə idman uğuru deyil, həm də şəhidlərimizin ruhuna ehtiramın ifadəsidir.
Azərbaycan Karate Federasiyasının dəstəyi, Arpaçay İdman Birliyinin təşkilatçılığı ilə keçirilən bu beynəlxalq turnirdə iştirak edən hər bir idmançı böyük bir məsuliyyət daşıyır. Onlar tatami üzərində yalnız özlərini deyil, Vətən adını, xalqın qürurunu və şəhidlərimizin əmanətini təmsil edirlər. Bu yarış idmançıları təkcə fiziki cəhətdən deyil, mənəvi baxımdan da gücləndirir.
Biz bu gün azad nəfəs alırıqsa, bayrağımız dalğalanırsa, idman meydanlarında qalibiyyətlər qazanırıqsa, bunu şəhidlərimizə borcluyuq. Onların xatirəsi qəlbimizdə əbədi yaşayacaq, adları tariximizə qızıl hərflərlə yazılacaq.
Bütün iştirakçılara uğurlar arzulayır, Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyirik.
Pərvanə Salmanqızı
Jurnalist, şair-publisist


