24 dekabr 2025 tarixində Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda təbrizli gənc şair Əli Çağlanın “Katarina” adlı şeirlər kitabının təqdimatı və imza günü keçirilib.
Təqdimatda Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Xalq şairi Sabir Rüstəmxanlı, AYB-nin Beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu, şair Həmid Herisçi, filologiya elmləri doktoru Pərvanə Məmmədli, filologiya elmləri doktoru Esmira Fuad, Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru Varis Yolçuyev, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova, iqtisad elmləri doktoru, şair Rəsmiyyə Sabir, gənc yazar İlahə Səfərzadə, İranlı mühacirlər cəmiyyətinin nümayəndələri cənubşünas, milli fəal Yədulla Kənani, jurnalist Güləddin İsmayılov və başqaları çıxış edib.
Xalq şairi, AYB-nin Güney Azərbaycan ədəbiyyatı komissiyasının sədri Sabir Rüstəmxanlının moderatorluğu ilə baş tutan tədbirdə Əli Çağlanın şeirləri təhlil olunub, onun Güney Azərbaycan və Azərbaycan Respublikası arasında ədəbi əlaqələrdəki önəmli fəaliyyətindən bəhs ediblər.
Tədbirin gedişində Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar Azərbaycan Yazıçılar Birliyinin Fəxri üzvü təbrizli gənc şair Əli Çağlaya Dünya Gənc Türk Yazarlar Birliyinin üzvülük vəsiqəsini təqdim edib.
Ənənəvi olaraq tədbirin sonunda gənc şairə “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşrinə görə verilən “Ziyadar” mükafatı təqdim olunub. Mükafatı yazarlar cameəsi adından “Yazarlar” jurnalının baş redaktoru, MYK-nın icraçı katibi şair Zaur Ustac təqdim edib.
Qeyd edək ki, Əli Çağlanın bu gün təqdim olunan kitabı Azərbaycanda Bakı şəhərində “Yarasa” nəşriyyatı tərəfindən, daha sonra isə Türkiyədə Ankara şəhərində “Efsun” nəşriyyatında çap olunaraq yayımlanıb.
“Yazarlar” olaraq təbrizli gənc şair dostumuzu təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
Fotolara görə Arzu Murada sonsuz təşəkkürümüzü bildiririk! Tədbirdən fotolar:

















Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ
Oxuyun >> Gözündə tük var



