Weather Data Source: havadurumuuzun.com

Üfüqdən Doğan Qadın

Üfüqdən Doğan Qadın

Bəzən bir qadın səs-küylə deyil, səssizliklə doğur.
Gecənin ən uzun yerində, qaranlığın ümidə çevrildiyi anda…
Məhz o an üfüqdən bir qadın doğur.
Üfüqdən doğan qadın keçmişin ağrılarını arxasında qoyan qadındır.
O, qaranlıqdan qaçmayıb — qaranlığın içindən keçib.
Hər sınma ona dərs olub, hər göz yaşı ruhuna hikmət qatıb.
Bu qadın zamanla barışıb, tale ilə mübarizəni deyil, onu anlamağı seçib.
Onun gücü səsində deyil, duruşundadır.
İşığı parlaq deyil, dərin və səssizdir.
O, hər kəs kimi olmağa çalışmayıb, çünki bilib ki, özün olmaq ən ağır, amma ən doğru yoldur.
Üfüqdən doğan qadın ana olanda bu işıq daha da genişlənir.
Ana olmaq onun çiyinlərinə yük yox, mənəvi kamillik gətirib.
O, yalnız bir övladı deyil, bir gələcəyi daşıyır.
Gecələr öz qorxularını susdurub, övladının sabahını qoruyur.
Sevgi onun üçün fədakarlıqdır, amma özündən imtina deyil.
Bu qadın ruhani oyanışını kənarda axtarmayıb.
Nə uzaq yollar, nə də böyük sözlər…
O, sadəcə dayanıb öz içini dinləyib.
Və anlayıb ki, kamillik qüsursuzluq deyil —
kamillik öz qüsurlarını qəbul edə biləcək qədər güclü olmaqdır.
Üfüqdən doğan qadın artıq sübut etməz.
Çünki o, özünə sübut olunub.
Nə itirdikləri ilə yaşayır, nə də qazandıqları ilə öyünür.
O, tarazlığı tapıb — ruhla ağıl arasında, sevgi ilə sərhəd arasında.
Cəmiyyət onu bəzən anlamayıb, bəzən susdurmaq istəyib.
Amma o qadın bilib: işıq hər kəsin gözünə eyni düşmür.
O, öz yerini gözləməyib — öz dəyəri ilə yaradıb.
Və indi harada dayanırsa, orası mərkəzdir.
Üfüqdən doğan qadın bilir ki, xoşbəxtlik nail olunacaq bir zirvə deyil.
Xoşbəxtlik daşıyılan bir haldır.
O, sabahı gözləmir — sabahın özüdür.
Bu qadın bir obraz deyil.
O, bir çağırışdır.
Özünə qayıdışın, oyanışın, ləyaqətin çağırışı…
Və bu hekayə burada bitmir.
Çünki hər oyanan qadınla
yenidən başlayır.

(Davamı var)

Müəllif hüquqları qorunur
Pərvanə Salmanqızı.

Top