“Paxıl insan başqasının işığına baxdığı üçün heç vaxt öz yolunu görə bilməz.”

“Paxıl insan başqasının işığına baxdığı üçün heç vaxt öz yolunu görə bilməz.”
İnsanlığın tarixi təkcə xalqların, dövlətlərin, fatehlərin hekayəsi deyil — həm də insan xarakterinin, daxili keyfiyyətlərin min illər boyunca dəyişməyən kölgəsidir. Bu kölgələrin ən qaranlıqlarından biri isə paxıllıqdır. Hələ qədim Şumer dastanlarından tutmuş Yunan mifologiyasına, Orta əsr salnamələrindən milli folklorumuza qədər paxıllıq, həmişə insanların məğlubiyyətinə səbəb olan bir zəhər kimi təsvir olunmuşdur.
Paxıl insanın ən böyük faciəsi başqasının uğurunu özünə təhdid kimi görməsidir. O, öz yoluna baxmaq əvəzinə, bütün enerjisini başqasının parıldayan bir nöqtəsini söndürməyə sərf edir. Lakin işıq başqasının deyil, gecənin özünündür; onu söndürmək mümkün deyil. Ona görə də tarixdə saysız-hesabsız nümunələr görürük: başqasına mane olmağa çalışanların çoxu nəticədə öz yolunu itirir, öz taleyinin qaranlığında itib-batır.
Ən böyük sərkərdələr, alimlər, düşüncə adamları həmişə biliblər ki, progress yalnız öz yoluna fokuslananların ayağına gəlir. Onlar başqasının uğurunu qısqanmaq əvəzinə, ondan ilham alıblar. Bu isə elm yaratmış, mədəniyyət qurmuş, imperiyalar yüksəltmişdir. Lakin əks tərəfdə — paxıllığın hökm sürdüyü yerlərdə — fəsadlar, dağılma, daxili çaxnaşma özünü göstərmişdir.
Paxıl insanın içinə düşdüyü bu qaranlıq, əslində, öz seçiminin nəticəsidir. Çünki insan başqasının işığına baxdıqca, öz içindəki məşəli yandırmağı unudur. Halbuki hər kəsin yolu, hər kəsin taleyinə düşən payı fərqlidir. Kiminsə işığı sənin yolunu qaranlıq etmir; əksinə, bəzən o işıq sənin önünü də aydınlada bilər — sən istəyəncə.
Məsələ burasındadır ki, paxıl insan bunu görmək istəmir. O, özündən güclü olanı qəbul edə bilmir, öz gücünə inanmadığı üçün başqasının gücündən narahat olur. Tarix isə belə insanları həmişə eyni sonluğa aparmışdır: öz yolunu itirmək. Çünki gözünü başqasının işığına dikən insan, öz yolunun qaranlığına məhkumdur.
Bu dünya bir səhnədir və hər kəs öz rolunu oynayır. Kiminin rolu işıq saçmaq, kimininki yol açmaqdır. Amma paxıllıq rolunu dəyişməyə çalışan, amma dəyişdikcə daha çox itirən aktyor kimidir. O, başqasının səhnəsində öz yerini axtardıqca, öz səhnəsinin pərdəsi qapalı qalır.
Həyat bizə bir dərs deyir: başqasına baxdığın qədər kiçik, özünə baxdığın qədər böyüksən. Və paxıllığın ən böyük cəzası — insanı daxildən balacalaşdırmasıdır.
Əgər insan öz yolunu görmək istəyirsə, əvvəlcə başını qaldırmalı və öz içindəki işığı yandırmalıdır. Başqasının işığına kölgə salmağa çalışanlar isə yalnız öz qaranlıqlarında itəcəklər.
2. “Paxıllıq — insanın özündə olmayanı başqasından gizli-qapalı oğurlamaq cəhdidir.”
Paxıllıq insanın içində gizlincə doğulan bir aclıqdır — sahib olmadığına sahibmiş kimi görünmək, bacarmadığını bacaranı kiçiltmək, öz dəyərsizliyini başqasının dəyərini azaldaraq ört-basdır etmək istəyi. Paxıl insan başqasının üstünlüyünü qəbul edə bilmir, amma onu əldə etmək üçün də zəhmət çəkmir. Odur ki, ən asan yol seçilir: gözdə, sözdə, qəlbdə oğurluq.
Bu oğurluq əslində bir şeyin əldən alınması deyil — bir şeyi gözdən salmaq cəhdidir. Başqasının qazanclarını dəyərsizləşdirməklə özünü üstün göstərmək… Lakin tarix sübut edib ki, insan başqasının dəyərini alçaltmaqla özünü yüksəldə bilməz. Bu, yalnız daxildəki boşluğun etirafıdır. Çünki insanın özündə olmayanı gizli yollarla almaq mümkün deyil — ya yetişdirilməli, ya da qazanılmalıdır. Paxıl isə heç vaxt buna cəsarət etmir.
3. “Paxıl üçün ən ağır yük, başqasının xoşbəxtliyidir.”
Paxıl insan üçün başqasının gülüşü sanki ürəyinə batmış tikan kimidir. O, başqasının xoşbəxtliyini öz məğlubiyyəti kimi hiss edir. Çünki paxıllığın doğurduğu daxili boşluq insanı o qədər yükləyir ki, başqasının sevincini daşımaq belə ağır gəlir.
Düşünəndə ki, hər insanın xoşbəxtliyi öz qismətinin bir parçasıdır, paxıl insanın narahatlığı daha da mənasız görünür. Lakin paxıllıq məntiqin deyil, hisslərin zəhəridir. O hiss ki, başqasının parıltısı artdıqca paxılın içindəki qaranlıq dərinləşir. Bu səbəbdən onun üçün ən ağır yük öz yükü deyil — başqasının yüngüllüyüdür; öz dərdi deyil — başqasının rahatlığıdır; öz qaranlığı deyil — başqasının işığıdır.
4. “Paxıl insan qazanmaz, yalnız başqasının qazancına yanar.”
Paxıl insanın həyat fəlsəfəsi tərsinə işləyən saat kimidir — addım atmadan, əməyə girmədən, çalışmadan irəli getməyə ümid edir, amma hər dəfə geri qalır. Çünki o, öz qazancları üçün zəhmət çəkmək əvəzinə, başqasının qazanclarının itməsi ilə rahatlıq tapmağa çalışır.
Tarixdə belə xarakterlərin aqibəti həmişə eyni olub: yenilən, geri qalan, öz potensialını heç vaxt gerçəkləşdirməyən insanlar. Onlar başqasının uğuruna yandıqca, öz yollarını külə çeviriblər. Halbuki insanın qazancı onun zəhməti ilə seçilir, başqasının qazancı isə ona təsir etməz. Amma paxıllığın doğurduğu yanğı insanın içini o qədər yandırır ki, sonunda ən böyük zərəri yenə də özü görür.
5. “Paxıllığın kökü qorxudur — başqasının uğurundan qorxan öz gücünə inanmayan insandır.”
Hər paxıllığın arxasında qorxu dayanır: özünü kifayət qədər görməmək qorxusu, geri qalmaq qorxusu, dəyərsiz görünmək qorxusu. İnsan başqasının uğurundan niyə qorxar? Çünki öz uğuruna inanmaz. Öz imkanlarını kiçik, başqasının imkanlarını təhlükə kimi görər.
Lakin həyatın ən böyük həqiqəti budur ki: başqasının uğuru sənin önünü bağlamır, əksinə, uğurun mümkün olduğunun sübutudur. Güclü insan başqasının nailiyyətindən qorxmaz, ilham alar; zəif insan isə qorxunu paxıllığa, paxıllığı düşmənçiliyə çevirər.
Bu qorxu insanın damarlarına yayıldıqca onu öz gücündən uzaqlaşdırır. Beləcə, paxıllıq inkişafın qarşısında görünməyən, amma güclü bir səddə çevrilir. Qorxmayan insan yüksələr; qorxan insan isə başqasının yüksəlişindən gizlicə titrəyər.
İmza:Pərvanə Salmanqızı.


