“Qəhrəmanlıq tariximiz nəsillərə örnəkdir” kitabının təqdimatı keçirilib

“Qəhrəmanlıq tariximiz nəsillərə örnəkdir” kitabının təqdimatı keçirilib
Bu gün Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 181 saylı məktəbdə tədqiqatçı jurnalist, Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi sədri Əkrəm Bəydəmirlinin müəllifi olduğu “Qəhrəmanlıq tariximiz nəsillərə örnəkdir” kitabının təqdimatı keçirilib. Şəhid ailələrinin və məktəb kollektivinin iştirakı ilə keçirilən təqdimat mərasimini öncə məktəbin direktoru Təhmasib Məmiyev açaraq Azərbaycanın Zəfər tarixinə nəzər salıb və şəhidlərimizdən bəhs edən bu kitabın önəmindən danışdı.
Daha sonra məktəbin tarix müəlliməsi, şəhid ailəsi Arzu Yaqubova fikirlərini açıqlayaraq belə nəşrlərin uşaqların dünyagörüşünə, vətənpərvərlik əhval-ruhiyyəsinin yüksəlməsinə müsbət təsir etdiyini bildirdi.
Şəhid Tərlan Eyniyevin atası Gölişad müəllim öz övladı ilə bağlı xatirələrini danışdı və şəhidlərimiz haqqında yazılmış belə kitabların çap olunmasını yüksək dəyərləndirdi.
Daha sonra kitabın müəllifi Əkrəm Bəydəmirli çıxış edərək bildirdi: “II Qarabağ müharibəsində qazilərimizin, şəhidlərimizin şücaəti hesabına qazanılmış tarixi qələbə hər birimizin həyatında önəmli məqamdır. Bir ilə yaxın müddətdə 40 şəhidin döyüş və həyat yoluna nəzər salaraq “Qəhrəmanlıq tariximiz: nəsillərə örnəkdir” adlı, bu kitabı yazıb ərsəyə gətirmək qürurvericidir. Təqdimata, görə məktəbin rəhbərliyinə, ümumilikdə kollektivə təşəkkürümü çatdırıram”.
Daha sonra məktəb şagirdlərinin kitabla bağlı çıxışları səsləndirildi, sualları cavablandırıldı.

Xatırladırıq ki, kitab AMEA-nın rəyi, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin vəsaiti, Sosial Rifah və Tədqiqatlar İctimai Birliyiinin layihəsi ilə çap olunub.


