Ustad xanəndə Xan Şuşinskinin məzarı ziyarət olunub
Ustad xanəndə Xan Şuşinskinin məzarı ziyarət olunub
Zefernews.az xəbər verir ki,
Avqustun 20-də, Azərbaycan muğam sənətinin böyük ustadı, məşhur xanəndə, Xalq artisti Xan Şuşinskinin (1901-1979) anadan olmasının 122-ci ildönümündə II Fəxri xiyabanda məzarı ziyarət olunub.
Mədəniyyət Nazirliyinin nümayəndələri və incəsənət xadimləri sənətkarın məzarı üstünə güllər düzüb, xatirəsini yad ediblər.
Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Beynəlxalq Muğam Mərkəzinin direktoru Əməkdar artist Sahib Paşazadə çıxış edərək Xan Şuşinskinin musiqi mədəniyyətimizdə, muğam sənətinin inkişafında xidmətlərindən danışdılar.
Qeyd olundu ki, ustad xanəndə muğamlarımızın bənzərsiz ifaçısı olmaqla yanaşı, “Şuşanın dağları”, “Məndən gen gəzmə”, “Ay gözəl” kimi dillər əzbəri olan mahnı və təsnifləri bəstələyib.
Muğam ustadı İslam Abdullayevin tələbəsi olan İsfəndiyar Cavanşirov “Xan Şuşinski” adını təsadüfən qazanmayıb. Hər kəs anadan olanda ona ad verilir və nadir insanlar olur ki, onlar həyatda ad qazanırlar. Xan Şuşinski hələ gənc yaşlarından ecazkar səsi, ifası ilə muğam sənətinin Xanı olduğunu sübuta yetirmişdi. O həm də bu adı böyük şərəflə Şuşa şəhərinin əsasını qoyan Pənahəli xanın kötücəsi olaraq daşıyırdı. 16 yaşında olarkən ustadı İslam Abdullayevlə birgə iştirak etdiyi məclisdə “Kürd-Şahnaz” muğamını heyrətamiz bir tərzdə ifa etdiyinə görə müəllimi ona “Xan Şuşinski” adını verib.
Xanəndənin ailəsi adından çıxış edən oğlu Aslan Cavanşirov və qızı Bəyimxanım Verdiyeva anım tədbirinə qatılan hər kəsə təşəkkür edərək bu gün Xan Şuşinskinin doğma yurdu Şuşanın azad olunmasına görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və ölkəmizdə muğam sənətinin inkişafına diqqət və qayğısına görə Birinci vitse Prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.
Qeyd edək ki, Xan Şuşinski müstəsna istedadı, geniş diapazonlu, gur və məlahətli səsi, yüksək ifaçılıq mədəniyyəti sayəsində hələ gənclik illərində şöhrət qazanıb, Azərbaycan muğam ifaçılığı sənətini zənginləşdirib. Eyni zamanda bir neçə muğama yeni xallar, guşə və şöbələr əlavə edib. 1924-cü ildən keçmiş SSRİ-nin bir çox şəhərlərində uğurla çıxış etməklə, muğam sənətini ayrı-ayrı xalqların nümayəndələrinə sevdirib, musiqimizin təbliğində özünəməxsus xidmətlər göstərib. Vaxtilə onun böyük məharətlə ifa etdiyi “Qarabağ şikəstəsi”, “Bayatı-Şiraz”, “Mahur”, “Mirzə Hüseyn segahı”, “Şahnaz”, “Şur”, “Çahargah” və “Heyratı” muğamları, bir sıra təsniflər, “Qara qaşın vəsməsi”, “Apardı sellər Saranı”, “Girdim yarın bağçasına” xalq mahnıları, milli musiqi mədəniyyətimizdə xüsusi yer tutan bu gözəl sənət nümunələrini dinləyicilərin yaddaşına əbədi həkk etdirib.
Xan Şuşinskinin müəllifi olduğu “Qəmərim”, “Şuşanın dağları”, “Ay gözəl” mahnıları da dillər əzbərinə çevrilib. O, bəstəkar mahnılarına da müraciət edib, Üzeyir Hacıbəylinin “Qara göz” mahnısının ilk ifaçısı olub.
Ustad sənətçinin gənc xanəndələrin yetişdirilməsində də əməyi var. Milli muğam ifaçılığı məktəbinin yüksək ənənələri əsasında məktəb yaratmış görkəmli xanəndə bütün səy və bacarığını istedadlı ifaçıların yeni nəslinin inkişafına sərf edib.
1943-cü ildə o, milli musiqi mədəniyyəti sahəsindəki uğurlarına görə “Xalq artisti” fəxri adına layiq görülüb, “Şərəf nişanı” ordeni və medallarla təltif olunub.
Xan Şuşinski 1979-cu il martın 18-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub.