Zaur Ustacın “Sevgi dolu şeirlər” kitabı – Ziyadar

Zaur Ustacın “Sevgi dolu şeirlər” kitabı – Ziyadar
Ədəbiyyat tarix boyu bəşərin yolunu işıqlandıran bir çıraq olub. Xüsusilə poeziya insan ruhunun ən dərin qatlarına enərək həm fərdi, həm də milli kimliyi ifadə edir. Zaur Ustacın “Sevgi dolu şeirlər” kitabı da bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Adından da göründüyü kimi, kitab yalnız bir şeir toplusu deyil, həm də yol göstərən, istiqamət verən, milli-mənəvi dəyərləri qoruyaraq, gələcəyə daşıyan mənəvi ulduz – işıq (çıraq, mayak) rolunu oynayır.
“Sevgi dolu şeirlər” kitabı oxucuya bir mesaj verir: insan öz yolunu itirməmək üçün mənəvi ulduzlarını, onların göstərdiyi yolu (saman yolunu – işıq yolunu, sevgi yolunu) unutmamalıdır. Bu yol göstərən (Ziyadar) ulduz (ulduzlar) – ziya bəzən Vətəndir, bəzən ana dili, bəzən də şəhidlərin ruhu, milli yaddaş və tarixi mirasdır. Zaur Ustacın poeziyası yalnız estetik gözəlliyi ilə deyil, həm də məzmun yükü ilə seçilir. O, oxucunu düşündürür, həm də yol göstərir:
Dünyanın təməli sevgidir, gülüm!
Dərdin, ah-nalənin özü də sevgi…
Kitabda müəllifin poetik üslubu sadə, lakin dərin məna ilə yüklənib. Şeirlərdə müasir insanın qarşısında dayanan mənəvi böhranlar, milli kimliyin qorunması ehtiyacı, bütövlük arzusu ön plana çəkilir. Zaur Ustac bir tərəfdən klassik ədəbiyyatın zəngin ənənələrindən faydalanır, digər tərəfdən çağdaş dövrün ictimai-siyasi reallıqlarını şeir dili ilə ifadə edir. Bu isə əsərə həm publisistik kəskinlik, həm də bədii zəriflik qatır:
Ustac xoşlar, kəsə etsin söhbəti,
Çalış boşa yeməyəsən möhnəti,
Dadımlıqdı bu dünyanın neməti,
Macal verməz heç kimsəyə doymağa…
“Sevgi dolu şeirlər” kitabı həm də bir ədəbi manifest kimi qəbul oluna bilər. Burada yalnız fərdi duyğular deyil, həm də milli amal, vətəndaş məsuliyyəti, bəşəri dəyərlərə sədaqət özünü göstərir. Müəllifin şeirləri oxucuya bir növ çağırışdır: özünü tanı, kimliyini unutma, milli ulduzunu yol göstərici kimi qəbul et!
Publisistik baxımdan əsərin gücü ondadır ki, o, yalnız poetik mətnlərdən ibarət deyil, həm də cəmiyyətin problemlərinə işıq salır. Müasir insanın qarşısında duran ən böyük sual – “haradan gəlirik və hara gedirik?” – kitabın ideya xəttində daim öz əksini tapır:
…sevin ki, seviləsiniz…
Bu baxımdan “Sevgi dolu şeirlər” həm ədəbiyyatsevərlər, həm də gənc nəslin milli-mənəvi tərbiyəsi üçün qiymətli qaynaqdır.
Hər misrası bir nümunədən, bir ibrətdən, bir dəvətdən ibarət olan Zaur Ustac bu çağırışları ilə sübut edir ki, şair yalnız qəlbin sözçüsü deyil, həm də cəmiyyətin vicdanıdır. Onun “Sevgi dolu şeirlər” kitabı da məhz vicdanın, haqqın, həqiqətin işığını oxucuya təqdim edir.
Bu məqamda istər-istəməz kitab haqqında olan Vqif İsaqoğlunun – “Sevgi dolu şeirlər”in işığında yazısını xatırlamalı olursan… Başdan-ayağa bu müqəddəs işığın tərənnümünə həsr olunmuş yazının sonluğu belədir (olduğu kimi):
“Sevgi dolu şeirlər” onun zəngin və çoxşaxəli yaradıcılığından süzülən bir damla nurdur. Bu nurun özündə bir Günəş işığı var. Bu günəşin işığına yığışıb şair qəlbindən süzülüb gələn şeirləri oxuyun, bu şeirlərin sehr-cazibəsinə düşün və unutmayın ki, Zaur Ustac kimi haqqa üz tutan şairlərin yanında olmaq Allaha da xoş gələr. Allahın xoşuna gəlməyi kim istəməz ki?
Bu kitabı oxumaq sadəcə poeziya zövqü yaşatmaq deyil, həm də bir istiqamət, bir yol, bir missiya qazanmaq deməkdir.
Müəllif: Günnur AĞAYEVA,
müstəqil ədəbiyyatşünas-tənqidçi
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru


