Kağız, yoxsa elektron kitablar daha üstündür?

Kağız, yoxsa elektron kitablar daha üstündür?
Texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə oxuma vərdişləri də dəyişir. Əvvəllər kitabxanalar dolub-daşırdı, indi isə bir çox insan bir kliklə minlərlə kitabı telefonuna, planşetinə və ya elektron kitab oxuyucusuna yükləyə bilir. Bununla belə bu dəyişiklik yeni bir sualı da ortaya çıxarır: kağız, yoxsa elektron kitablar daha üstündür? Bu sualın cavabı, sadəcə, texniki üstünlüklərdən yox, həm də oxucunun şəxsi seçimindən, həyat tərzindən və mədəni baxışından asılıdır.
Uşaqlığımızın bir hissəsi kitab vərəqlərinin qoxusu, səhifələrin çevrilməsi, kitab künclərinə yazılmış qeydlərlə keçib. Kağız kitab təkcə oxuma vasitəsi deyil, həm də emosional bağ yaradan bir obyektdir. Onunla münasibət canlı və doğmadır. Bu səbəbdən bir çox insan üçün kağız kitablar təkcə “informasiya daşıyıcısı” yox, həm də mədəni dəyər kimidir.
Kitabla canlı ünsiyyət zamanı telefon və ya internet kimi yayındırıcı vasitələrdən uzaq qalmaq olur. Oxucu kitabın dünyasına daha rahat daxil olur, diqqətini yalnız mətnə cəmləyir. Elektron cihazlardan fərqli olaraq kitab gözləri yormur, uzun müddət oxumağa daha uyğundur. Əlavə olaraq kitab rəfi dolusu kitablar evə özünəməxsus bir ruh qatır. Onlar gözəl görünüşlə yanaşı, insanın zövqünü və dünyagörüşünü də əks etdirir.
Digər tərəfdən, elektron kitabların da danılmaz üstünlükləri var. Ən əsas üstünlüyü əlçatanlıq və portativlikdir. Bir elektron cihazda minlərlə kitabı daşımaq mümkündür. Bu xüsusilə də səyahət edənlər, tələbələr və daim hərəkətdə olan insanlar üçün böyük üstünlükdür. Belə ki, artıq kitab çantasına ehtiyac qalmır, çünki istədiyin kitab telefonundadır.
Elektron kitablar həm də iqtisadi baxımdan sərfəlidir. Onlar çox zaman kağız nüsxələrindən daha ucuz olur və pulsuz versiyalarına da rast gəlmək mümkündür. Üstəlik ətraf mühit baxımından da daha ekoloji hesab olunur: kağız istehsalında istifadə olunan ağaclar və resurslar elektron kitabda sərf olunmur.
Texnologiyanın bir digər üstünlüyü də axtarış imkanı və qeydlərin rahatlıqla saxlanmasıdır. Elektron kitablar vasitəsilə mətn daxilində söz axtarmaq, önəmli yerləri işarələmək, qeydlər aparmaq olduqca asandır. Bəzi proqramlar oxuma sürətini ölçür, audio versiyalarla oxumağı birləşdirir və oxucunun inkişafına yardım edir.
Şəxsən mən hər iki formatdan istifadə edirəm. Lakin ürəyimə daha yaxın olanı hələ də kağız kitabdır. Kağız kitabla oxuyarkən həm mətnlə emosional bağ qururam, həm də oxuma prosesi mənə daha “real” gəlir. Elektron kitabda səhifə nömrəsi və ya kitabın fiziki hissi yox kimi görünür, sanki bir növ “keçici məlumat axını” ilə qarşı-qarşıya qalıram.
Bununla belə bəzi hallarda, məsələn, gecə işıq yanmasın deyə və ya çantamda yer yoxdursa, elektron kitabları üstün tuturam. Xüsusilə də xarici dildə kitab oxuyanda sözlərin üstündə klikləyib tərcüməsini birbaşa görmək böyük rahatlıq yaradır. Həmçinin elektron kitablar universitet dərslikləri və elmi materiallar üçün çox əlverişlidir.
Lakin bir şeyi unutmaq olmaz, elektron kitabların çox istifadəsi göz yorğunluğuna, konsentrasiya azalmasına və ekrana bağlılıq vərdişinin daha da dərinləşməsinə səbəb ola bilər. Buna görə hər zaman balansı qorumağa çalışmalıyıq.
Bugünkü dövrdə gənclər arasında oxumaq vərdişinin zəifləməsi narahatlıq doğurur. Əsas məsələ kitabın hansı formada olması yox, onun oxunmasıdır. Bəzən insanlar “Mən ancaq kağız kitab oxuyuram” və ya “Mən müasirəm, yalnız PDF oxuyuram” deyə bir-birini qınayır. Halbuki, əsas məsələ formada deyil , məzmunda və oxuma istəyindədir.
Əsas sual bu olmalıdır. Biz gündə nə qədər vaxtımızı kitab oxumağa ayırırıq? Kitab həyatımıza daxil olmadıqca istər kağız olsun, istər elektron, heç bir format bizi dəyişə bilməz.
Kağız kitabların klassik cazibəsi və canlılığı danılmazdır. O, oxucuda nostalji hisslər oyadır, yaddaşda daha dərin izlər buraxır. Elektron kitablar isə zamanla ayaqlaşan, rahat və əlçatan alternativdir. Məncə, bu iki format arasında seçim etmək yerinə onları düzgün şəkildə birləşdirmək daha doğrudur. Eynilə həyatdakı bir çox şey kimi burada da balans əsasdır.
Oxumaq hansı formada olursa-olsun, düşüncəni formalaşdırır və dünyagörüşü genişləndirir. Kağız və ya elektron… Əsas odur ki, kitab həyatımızda olsun.
Müəllif: Elnurə Cəfərova
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru


