Weather Data Source: havadurumuuzun.com

Nizami poeziyası Litva ədəbi məkanında

     Nizami poeziyası Litva ədəbi məkanında

İndiyədək Nizami poeziyasının Baltik xalqlarının dillərində yayımlanması sahəsində ən möhtəşəm işi litvalı tərcüməçi Linas Broga (1925-2005) görüb. Bu, ilk növbədə, onun “Leyli və Məcnun” poemasını Litva dilinə çevirməsi ilə bağlıdır. Poema 1985-ci ildə Vilnüsdə kitab şəklində 14 min nüsxə ilə nəşr olunub. L.Broga kitaba poema ilə yanaşı, Nizamidən tərcümə etdiyi 5 qəzəli, 8 rübaini və 2 qəsidəni də daxil edib. O, “Leyli və Məcnun”un tərcüməsinə həm də 10 səhifədə müfəssəl izahatlar hazırlayıb, xüsusi lüğət tərtib edib və elmi tədqiqat səviyyəli geniş bir sözardı yazıb. Müəllif sözardını belə ibrətamiz fikirlərlə tamamlayır:

     “Əsl sənət, əsl gözəllik – həqiqi bir dəyərdir və başqaları ilə bölüşəndə tükənmir. Odur ki, Nizaminin poetik sərvəti biz litvalılara da məxsusdur. Hərçənd bu sərvəti əxz etmək asan deyil. Nizami kimi nəhəng bir şairi orijinaldan layiqincə tərcümə etmək üçün biz hələ çox işlər görməliyik”.

Nizami Gəncəvinin “Leyli və Məcnun“ poemasının litvaca nəşrinin üzqabığı. Vilnüs, „Vaga“ nəşriyyatı, 1985-ci il, 280 səh.

Poemanın Litva dilinə tərcüməçisi Linas Broga

Linas Broga tərcümə prosesində digər mətnlərlə yanaşı, “Leyli və Məcnun” poemasının görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Mübariz Əlizadə (1911-1994) tərəfindən Azərbaycan dilinə edilmiş filoloji tərcüməsindən də istifadə etmişdir (Bakı, “Elm” nəşriyyatı, 1981, 285 səh.). Qeyd etmək vacibdir ki, L. Broga üçün bu filoloji tərcümənin mətnini Azərbaycan dilindən Litva dilinə böyük zəhmət, səbir və sənətkarlıqla, Vilnüsdə yaşayan həmvətənimiz, ədəbiyyatşünas, publisist və tərcüməçi Mahir Həmzəyev çevirmişdir.

M. Həmzəyev həmçinin “Leyli və Məcnun”un Litva tərcüməsi barədə litvalı şair-tərcüməçi Alfonsas Bukontas (1941) ilə birgə „Şam kimi, sən də öz xəzinənlə yan“ başlıqlı resenziya yazmış və bu məqalə Vilnüsdə Litva Yazıçılar İttifaqının “Pergale” adlı ədəbi jurnalının 1985-ci ildə çıxmış 12-ci sayında çap edilmişdir.

Nizami Gəncəvinin „Leyli və Məcnun“ poeması haqqında resenziyanın dərc edildiyi „Pergale“ ədəbi-bədi jurnalının üzqabığı. 1985-ci il, № 12

„Leyli və Məcnun“ poemasının Litva dilinə tərcüməsi barədə resenziya mətninin görüntüsü_№ 1

„Leyli və Məcnun“ poemasının Litva dilinə tərcüməsi barədə resenziya mətninin görüntüsü_№ 2

„Leyli və Məcnun“ poemasının Litva dilinə tərcüməsi barədə resenziya mətninin görüntüsü_№ 3

Mahir Həmzəyev dahi şair Nizaminin 880 illik yubileyi münasibətilə 2021-ci ilin noyabr ayında Azərbaycan Respublikası Mədəniyyət nazirliyi tərəfindən Bakıda təşkil olunub keçirilən Nizami Gəncəvi Beynəlxalq Forumuna dəvət olunmuş və burada „Litvaya gedən Nizami yolu“ mövzulu ədəbi-tarixi məruzə ilə çıxış  etmişdir. Yeri gəlmişkən qeyd etmək istərdik ki, M. Həmzəyev bu Forumda AR Mədəniyyət nazirliyi tərəfindən „Nizami Gəncəvinin 880 illiyi (1141-2021) xatirə nişanı“ ilə təltif edilmişdir.

M. Həmzəyevə təqdim olunmuş „Nizami Gəncəvinin 880 illiyi (1141-2021) xatirə nişanı“nın vəsiqəsinin görüntüsü.

Sözügedən „Litvaya gedən Nizami yolu“ adlı ədəbi-tarixi oçerk  „525-ci qəzet“in 2022-ci ilin mayın 22-də çıxmış sayında dərc olunmuşdur (//525.az/).

https://525.az/news/192768-litvaya-geden-nizami-yolu-mahir-hemzeyev-yazir

Məlumatı hazırladı: Günnur Ağayeva


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: [email protected]

Top