Arzu sonsuz ömür yarı

Arzu sonsuz ömür yarı
Arzular – insan ömrünün görünməz ipidir. Hər bir arzu içimizdə doğular, böyüyər və bəzən gerçəkləşmədən ömrümüzü yarılar. Arzularımız nə qədər çox olarsa, alnımızdakı qırışlar da o qədər dərinləşər, çünki hər bir ümid, hər bir gözlənti içimizdən bir parça aparar.
“Arzu sonsuz ömür yarı,
Artır alın qırışları…”
Bu misralar sanki ömür kitabımızın acı həqiqətini söyləyir. Gözləntilərimiz, sevdiyimiz insanlardan umduqlarımız çox olduqca, üzümüzdə zamanın izləri dərinləşir. İnsaf bəzən ən böyük hədiyyədir. Qarşımızdakından gözlədiyimiz sadə bir anlayış, bir sevgi, bir dəyər – bütün həyatımızı dəyişdirə bilər.
“Səndə insaf olsun bari,
Ağarma saçım, ağarma…”
Bu isə ruhun fəryadıdır. İnsaf dilənən bir ürəyin yalvarışı… İnsan bəzən güclü görünür, amma içindəki sükut çığırır: “Məni anla, mənə yük olma.” Saçlarımız ağardıqca, ömürdən keçən illər yalnız yaşlanmanın deyil, ruhumuzun yorğunluğunun da şahidi olur.
Arzularımız çox, ömrümüz isə qısadır. Bəlkə də bütün həyat fəlsəfəsi bundadır: gözləntiləri azaltmaq, anlayışı çoxaltmaq, sevginin qədrini bilmək… Çünki hər bir insaf, bir ürəyi yaşaldar; hər bir laqeydlik isə bir ömrü solğaldar.
İmza: Pərvanə Salmanqızı


