ÜZEYİR HACIBƏYLİNİN “SEÇİLMİŞ PEDAQOJİ ƏSƏRLƏRİ” ADLI KİTABI İŞIQ ÜZÜ GÖRDÜ

YENİ NƏŞR
ÜZEYİR HACIBƏYLİNİN “SEÇİLMİŞ PEDAQOJİ ƏSƏRLƏRİ” ADLI KİTABI İŞIQ ÜZÜ GÖRDÜ
“Mütərcim” nəşriyyatı Üzeyir Hacıbəylinin “ Seçilmiş pedaqoji əsərləri”ini nəşr etmişdir.Üzeyir Hacıbəylinin pedaqoji əsəırləri ilk dəfə olaraq ayrıca kitab halında işıq üzü görür. “Seçilmiş pedaqoji əsərlər”də dahi bəstəkarın məktəb, təhsil, tərbiyə, təlim, təhsilin idarə olunması və müəllim şəxsiyyətinə aid fikirləri öz əksini tapmışdır. Mənbə kimi 1985-ci ildə “Yazıçı” nəşriyyatında çap olunmuş “Üzeyir Hacıbəyov. “Seçilmiş əsərlər”i, 2005-ci ildə Şərq-Qərb nəşriyyatında işıq üzü görmüş “Üzeyir Hacıbəyli. Seçilmiş əsərlər”i iki cildliyinin 2-ci cildinin materialları əsas götürülmüşdür.
Materialların bir qismi Üzeyir Hacıbəylinin məqalələri, bir qismi felyetonları, satirik hekayələri, səhnəcikləridir.
Tədqiqatçılar materiallardan istifadə edərkən mənbə kimi ya bu kitabı və onun səhifələrini göstərə, yaxud dahi bəstəkarın 1985 və 2005-ci il nəşrlərinə əsaslana bilərlər.
“Seçilmiş pedaqoji əsərlər”in hazırlanmasının təşəbbüskarı, ön sözün müəllifi və elmi redaktoru pedaqogika elmləri doktoru, professor, respublikanın Əməkdar müəllimi Akif Nurağa oğlu Abbasovdur.
Tərtib edənlər:
Akif Nurağa oğlu Abbasov,
pedaqogika elmləri doktoru, professor,
İradə Böyükağa qızı Əmirəliyeva,
pedaqogika üzrə fəlsəfə doktoru,
Lalə Akif qızı Məmmədli,
pedaqogika üzrə fəlsəfə doktoru
Bu kitab Üzeyir Hacıbəyli sevərlər, müəllimlər, gənc tədqiqatçılar, doktorantlar, magistrant və magistlər üçün nəzərdə tutulmuşdur.


