Weather Data Source: havadurumuuzun.com

1969-cu il 14 iyul – Azərbaycanın müasir dirçəliş yolunun başlanğıcı

1969-cu il 14 iyul – Azərbaycanın müasir dirçəliş yolunun başlanğıcı

1969-cu il 14 iyul tarixi Azərbaycanın yeni tarixində dönüş nöqtəsi, xalqın taleyində böyük dəyişikliklərin başlanğıcı kimi dəyərləndirilir. Həmin gün Azərbaycan Kommunist Partiyasının birinci katibi vəzifəsinə Ulu Öndər Heydər Əliyevin seçilməsi ilə ölkənin həyatında yeni mərhələ başlandı. Bu, sadəcə bir kadr dəyişikliyi deyildi – bu, bir xalqın inkişaf, dirçəliş və gələcək müstəqillik yoluna qədəm qoyması idi.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan SSR-də iqtisadiyyatın bütün sahələrində əsaslı islahatlar həyata keçirildi. Sənaye və kənd təsərrüfatı sahələrində sürətli inkişaf başladı. Elmin, təhsilin, mədəniyyətin inkişafına xüsusi diqqət ayrıldı. Gənclər arasında milli ruhun, təhsilin və peşə hazırlığının gücləndirilməsi istiqamətində ciddi addımlar atıldı. Onun uzaqgörən siyasəti nəticəsində gələcək müstəqil Azərbaycanın iqtisadi, elmi və intellektual potensialı üçün möhkəm təməl formalaşdı.

Heydər Əliyev xalqın milli kimliyinə və dövlətçilik şüuruna yeni nəfəs verdi. Onun rəhbərliyi ilə Azərbaycan təkcə Sovet İttifaqı çərçivəsində deyil, ümumittifaq və beynəlxalq səviyyədə də tanınmağa başladı. Naxçıvandan tutmuş Bakı şəhərinə qədər hər qarış torpaqda quruculuq, tərəqqi, intibah ab-havası hiss olunurdu.

Bu səbəbdəndir ki, 14 iyul tarixi xalqımızın yaddaşına dirçəlişin, ümidin və tarixi məsuliyyətin başlanğıcı kimi həkk olunub. Məhz həmin gün, gələcək müstəqil Azərbaycanın təməli qoyuldu – Ulu Öndərin uzaqgörən siyasəti, xalqına olan sevgisi və sarsılmaz iradəsi ilə.

Bu gün Azərbaycan Respublikası dünyanın qüdrətli və söz sahibi olan dövlətlərindən biri kimi Heydər Əliyev yolunun bəhrəsini yaşayır. 14 iyulun tarixi əhəmiyyəti isə zaman keçdikcə daha da dərinləşir və xalqımızın yaddaşında daim yaşamağa davam edir.

Bu gün müstəqil Azərbaycan dövləti öz inkişaf yolu ilə bütün dünyaya sübut edir ki, Ulu Öndərin 1969-cu il 14 iyulda başlatdığı islahatlar və strateji baxışlar yalnız bir dövrün deyil, bütöv bir millətin sabahını qurdu. O, Azərbaycanın müstəqilliyinin təməlini qoydu, xalqın gələcəyini aydın və möhkəm bir istiqamətə yönəltdi.

Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərini hər zaman yüksək dəyərləndirəcək, onun ideyalarını yaşadacaq və müstəqilliyimizin qorunması naminə bu dəyərləri nəsildən-nəslə ötürəcəkdir. Çünki bu yol – Heydər Əliyev yolu – əbədiyaşar bir xalqın, güclü bir dövlətin yoludur.

14 iyul – yaddaşımızda təkcə tarix deyil, həm də bir millətin dirçəliş günüdür.

İmza:Pərvanə Salmanqızı

Top