Weather Data Source: havadurumuuzun.com

Diplomatiya – Sözlə Qurulan Sülhün Səhnəsi

Diplomatiya – Sözlə Qurulan Sülhün Səhnəsi

9 iyul – Azərbaycan diplomatiyasının şərəfli tarixində mühüm bir gündür. Bu gün, Vətənimizin xarici siyasət müstəvisindəki uğurlarını, diplomatik mübarizəsini və milli maraqların müdafiəsindəki qətiyyətini xatırladığımız Azərbaycan Respublikası Diplomatiya Günüdür.

Diplomatiya – yalnız masa arxasında aparılan söhbətlər və protokol tədbirləri deyil. Diplomatiya – xalqın haqq səsinin dünyaya çatdırılması, milli kimliyin beynəlxalq səviyyədə tanıdılması, müstəqil və güclü Azərbaycanın sözünün çəkisinin artmasıdır.

Tarix sübut etdi ki, müstəqil Azərbaycanın diplomatiyası xalqın iradəsinə, dövlətin milli maraqlarına əsaslanır. Xocalı soyqırımı, Qarabağ münaqişəsi və 44 günlük Zəfər savaşı kimi ağrılı və şanlı səhifələr, diplomatik meydanda da xalqımızın haqq səsini dünyaya duyurmaq üçün əzm və qətiyyət tələb edirdi. Bu qətiyyətlə çıxış edən diplomatlarımız – Azərbaycanın səssiz qəhrəmanları, səhnədə görünməsə də, böyük savaşlar aparan mübariz elçilərdir.

Diplomatiya – sükutun içindəki söz, təbəssümün arxasındakı iradə, sülhün arxasındakı gücdür. Bu gücü ədalətə, beynəlxalq hüquqa və milli maraqlara söykənərək qoruyub saxlayan Azərbaycan diplomatlarını təbrik edir, onlara möhkəm iradə, dərin zəka və daim yüksələn Vətən eşqi arzulayıram.

Qəlbi Vətənlə döyünən, dili millətin haqqını danışan, baxışları uzaqgörən olan hər bir diplomat – Azərbaycanın nur daşıyan səsi, haqqı hayqıran güzgüsüdür.

Diplomatiya Günü münasibətilə bütün diplomatlarımızı təbrik edir, şəhid olmuş diplomatik nümayəndələrimizi dərin ehtiramla yad edirəm. Vətən naminə çalışan hər bir insan kimi, diplomatlarımız da tarix yazır – səssiz, sakit, amma sarsılmaz.

Yaşasın müstəqil Azərbaycan!
Yaşasın Azərbaycanın diplomatiyası!

İmza:Pərvanə Salmanqızı

Top