Weather Data Source: havadurumuuzun.com

Səssiz Ucalığın Sədası – Şəhid Camal İsmayılovun Doğum Gününə

Səssiz Ucalığın Sədası – Şəhid Camal İsmayılovun Doğum Gününə

Bu gün torpaq səssiz dayanıb…
Bu gün səmalar öz rənasını şəhidin ruhuna bürüyüb…
Bu gün igid bir Vətən oğlunun – Camal İsmayılovun doğulduğu gündür. Lakin onun bu dünyaya gəlişi yalnız bir ömür deyil, bir dastanın, bir qəhrəmanlığın, bir əbədiyyətin başlanğıcıdır.

Camal – səssizliyi ilə danışan, susqunluğu ilə hayqıran bir igid idi. O, Vətəni təkcə sevmədi – o, Vətənin öz qanı ilə azadlığını yazdı. O, ananın laylasından, torpağın ətrindən, bayrağın kölgəsindən doğulmuşdu. Onun qəlbi bir dağ kimi möhkəm, niyyəti bir dua kimi saf, addımı isə şəhidliyə aparan yol qədər aydın idi.

Vətən Müharibəsində o, sadəcə bir əsgər deyildi – o, bütün bir millətin ümidini, dirənişini, qeyrətini çiynində daşıyan bir Qəhrəman idi. Camal İsmayılov yalnız düşmənə qarşı döyüşmədi – o, qorxuya qarşı, təslimiyyətə qarşı, susqunluğa qarşı döyüşdü. O, şəhid oldu – amma ölmədi… Çünki şəhidlər ölməz, Camal kimi qəhrəmanlar torpağın bağrında deyil, xalqın qəlbində uyuyar.

Bu gün onun doğum günüdür. Amma o gün artıq həm də bir xalqın iftixar günü, bir bayraq günü, bir şəhidlik zirvəsinin işıqlandığı gündür.

Ey Camal, sən getdin…
Amma izlərin qalmış yolların dili var – danışır.
Sən getdin…
Amma baxışların bayrağımıza hopdu – ucaldıqca səni xatırlayırıq.
Sən getdin…
Amma sənin adını daşıyan körpələr böyüyür – səni sevir, səni oxuyur, səni anlayır.

Ruhun şad olsun, igid oğul!
Doğum günün mübarək, şəhid Camal İsmayılov!

İmza:Pərvanə Salmanqızı

Top