Birlik Bərabərlikdən, Bolluq Bərəkət, Sevgi Doğar

Birlik Bərabərlikdən, Bolluq Bərəkət, Sevgi Doğar
Həyat elə bir səhnədir ki, burada hər kəs öz rolunu oynayır – amma o rolların ahəngini yaradan bir güc var: birlik və bərabərlik.
İnsan tək olanda gücsüz, bir olanda məğlub, amma birlikdə olanda məğrur, yenilməz və ucalardadır. Tarix boyu xalqların ən çətin zamanlarda belə ayaqda qalmasının səbəbi məhz birlik ruhu, ürək birliyi, niyyət saflığı olmuşdur.
Bir yerdə olan əllər bir ev tikər, bir olan qəlblər isə bir milləti dirçəldər. Bərabərlik olmayan yerdə ədalət susar, sevgi boynubükük qalar. Amma harada ki, insanlar bir-birinə arxa-dayaq olar, orada bolluq da gələr, bərəkət də artar. Sevgi isə bu bərabərlikdən doğan ən saf meyvədir.
Bu gün cəmiyyət olaraq daha çox sevməyə, bağışlamağa, bir olmağa, həmrəy olmağa ehtiyacımız var. Zəhmət və zəka birləşəndə uğur yaranır. Əllər bir yerdə olanda çörək bollanır. Qəlblər birləşəndə isə nur saçan sevgilər doğur.
Unutmayaq:
— Bir damla su təkdirsə quruyar, amma min damla birləşəndə dəniz yaranar.
— Bir könül bir könülü sevəndə orada nur doğar.
—Birlik varsa – orada ümid, işıq və sabah var.
Gəlin bir olaq, güc olaq, sevgi olaq!
Çünki birlikdən doğan bərabərlik, bərabərlikdən doğan sevgi, sevgi ilə yoğrulan bərəkət bizi hər zaman aydın sabahlara aparacaq.
Hörmətlə:Pərvanə Salmanqızı


