Weather Data Source: havadurumuuzun.com

Mənim Qürurum, Mənim Müəllimim – Atam Salman müəllim

Mənim Qürurum, Mənim Müəllimim – Atam Salman müəllim

Hər bir insan həyatında bir yol göstərici, bir dayaq, bir ilham qaynağı axtarar. Mənim üçün bu insan müəllimim, atam, qürurum Salman müəllimdir. O, sadəcə mənim atam deyil – o, bütöv bir ömrü təhsilə, insanlığa, vətənə xidmətə həsr etmiş, mənəviyyatın və mərifətin simvoluna çevrilmiş bir Azərbaycan ziyalısıdır.

Salman müəllim bu millətin zəka irsini, elm ocaqlarının nurunu, müəllim adına olan ən böyük ehtiramı özündə yaşadan və yaşadan şəxsiyyətdir. Onun auditoriyada dediyi hər bir söz, həyat yolu ilə izah etdiyi hər bir dərs bu gün yüzlərlə, minlərlə insanın yaddaşında, qəlbində silinməz izlər buraxmışdır.

Mən, Pərvanə Salmanqızı olaraq, bu böyük insanın övladı olmaqla həm fəxr edir, həm də məsuliyyət daşıyıram. Çünki o, yalnız mənim atam deyil — o, dövlətin yetişdirdiyi, cəmiyyətin dəyər verdiyi, gənclərin örnək götürdüyü bir irfan sahibidir. Onun əxlaqı, sadəliyi, zəhmətkeşliyi, ədalət anlayışı və hər kəsə bəslədiyi sevgi, əsl müəllimlik nümunəsidir.

Salman müəllimin ömrü sinif otaqlarında təkcə dərs deməklə yox, insan yetişdirməklə, düşüncə formalaşdırmaqla, cəmiyyətə vicdanlı vətəndaşlar qazandırmaqla keçib. Bu, sadəcə bir peşə deyil – bu, bir missiya, bir qutsal ömür yoludur.

O, mənim həyatda ilk müəllimim oldu. Mənə təkcə hərfləri, rəqəmləri yox, dəyərləri, vicdanı, mərhəməti və mübariz olmağı öyrətdi. Həyatın çətin yollarında onun ədalətli duruşu, alicənab davranışı və səssiz mübarizəsi mənim ən güclü silahım oldu.

Əziz atam, dəyərli Salman müəllim!
Sizin ömrünüz yalnız ailəmiz üçün deyil, Azərbaycan təhsili və ziyalılığı üçün bir qürur mənbəyidir. Bu gün yüzlərlə tələbəniz sizi hörmətlə anırsa, minlərlə insan adınızı rəğbətlə çəkirsə, bu, sizin halal zəhmətinizin, sönməyən işığınızın təntənəsidir.

Siz yaşadıqca biz güclüyük!
Sizin kimi ataya sahib olduqca mən fəxr etməyə davam edəcəyəm!

Hörmətlə: Pərvanə Salmanqızı

Top