Vətənə Qurban Olmuş Ömür – Şəhid Nazim Şirinovun Əbədi Dastanı

Vətənə Qurban Olmuş Ömür – Şəhid Nazim Şirinovun Əbədi Dastanı
Bu il aparılan ekshumasiya işləri nəticəsində kimliyi müəyyən edilən 73 şəhidimizdən biri də 1962-ci il yanvarın 1-də Cəbrayıl rayonunun Doşulu kəndində dünyaya gəlmiş Şirinov Nazim Şirin oğludur. O, 1993-cü il oktyabrın 23-də, Vətən torpağı – Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
İllərlə ailəsi oğullarının bircə xəbərini gözlədi… Gözləmək – bir ömrü dayandırmaq, zamanın axışına susmaq deməkdir. Nəhayət, 2024-cü ildə aparılan ekshumasiya prosesi nəticəsində Nazim Şirinovun məzarı müəyyən edildi. O, şəhidliyinin 31-ci ilində adıyla, kimliyi ilə, şərəf və qürurla tapıldı.
İyunun 7-də Pərvanə Salmanqızı Abdullayeva Şəhidin ailəsi ilə görüşdü,görüş zamanı duyğulu anlar yaşandı. Ailəsinin hər bir üzvü Nazim Şirinovu yalnız igid döyüşçü kimi yox, həm də qayğıkeş ailə başçısı, mehriban ata, sədaqətli övlad kimi xatırlayır. Onun haqqında danışarkən sanki ruhu otaqda dolaşır, hər kəsə şəhid qüruru, şəhid dərdi yaşadırdı.
Nazim Şirinovun timsalında bir daha şahid olduq ki, Vətən sevgisi ölümdən də güclüdür. O, təkcə ailəsinin yox, bütün Azərbaycanın oğlu idi. Onun itkisi hər birimizin ürəyində iz qoyub, amma bu iz acı yox, qürur izidir.

Bu yazı, Nazim Şirinovun adı önündə bir minnətdarlıq, bir ehtiram duruşudur. Onun müqəddəs ruhu qarşısında baş əyir, ailəsinə səbr, Vətənə əbədi sülh arzulayırıq.
Ruhu şad olsun! Adı daim yaşayacaq!
PƏRVANƏ SALMANQIZI ABDULLAYEVA


