Müasir insanın həbsxanası

Müasir insanın həbsxanası
Mən fəlsəfə ilə tələbə olduğum illərdə tanış oldum. Yadıma gəlir ki, fəlsəfə dərsində Platonun “Dövlət” əsərindəki “Mağara alleqoriyası”nı oxudum, amma ilk baxışdan bu, sadəcə qədim yunan filosofunun maraqlı bir hekayəsi kimi göründü. Həm də mən o zamanlar o qədər dərin düşünə bilmirdim, hekayələri sadəcə hadisələr zənciri kimi başa düşürdüm.
Yığcam olaraq qeyd etsəm, həmin alleqoriyada bunlardan bəhs olunurdu:
İnsanlar doğulduqları gündən etibarən bir mağarada zəncirlənmiş vəziyyətdə yaşayırlar. Onlar yalnız qarşılarındakı divara baxa bilir və arxalarındakı odun yaratdığı kölgələri görürlər. Həqiqi dünyanı heç vaxt görmədikləri üçün həmin kölgələri reallıq hesab edirlər. Günlərin birində onlardan biri zəncirlərini qıraraq mağaradan çıxır. Əvvəlcə günəş işığı gözlərini qamaşdırır, lakin zaman keçdikcə o, ilk dəfə həqiqi dünyanı görür və anlayır ki, indiyə qədər gördükləri sadəcə kölgələrdən ibarət imiş. O, mağaraya qayıdıb həqiqəti digərlərinə danışmaq istəyəndə isə ona inanmırlar və onu rədd edirlər.
Əslində, fəlsəfi baxımdan yanaşsaq, bu hekayəni dərin təhlil edib kitab yazmaq olar. Məsələn, Platonun “ideyalar aləmi” məfhumu hekayənin mahiyyəti ilə uzlaşır. Amma bu gün mən bu kiçik, amma dərin məzmunlu yazıya öz sahəm və təcrübəm istiqamətindən yanaşmaq istəyirəm.
Belə baxanda, fiziki olaraq heç birimiz mağarada yaşamırıq. Bəzilərimiz azad olduğumuzu düşünürük, istəklərimizi edirik, öz qərarlarımıza əsasən hərəkət etdiyimizi zənn edirik. Bəs bu, həqiqətənmi belədir?
Platonun təsvir etdiyi mağara əslində bu gün də mövcuddur. Sadəcə onun divarları daşdan deyil. Biz doğulduğumuz gündən etibarən ailənin, məktəbin, cəmiyyətin və yaşadığımız mühitin təsiri altında formalaşırıq. Bizə nəyin doğru, nəyin yanlış olduğu öyrədilir. Hansı hissləri göstərmək, necə davranmaq, nəyi bacarmaq və hətta özümüz haqqında nə düşünmək lazım olduğu tədricən beynimizdə bir sistem yaradır. Bir müddət sonra isə bu düşüncələrin bizə aid olub-olmadığını sorğulamırıq. Onları həqiqət kimi qəbul edirik. Məhz həmin anda görünməyən zəncirlər yaranmağa başlayır.
Konsultasiyada iştirak edən şəxslər üçün ən çətin tapşırıq “Mən kiməm?”, “Dəyərlərim nədir?” suallarına cavab yazmaqdır. İştirakçıların yazdığı cavabları təhlil etdikdə yenə məlum olur ki, onların şəxsiyyəti ətrafın onlara proqramlaşdırdığı “sxemlər” əsasında formalaşıb. İndi nə qədər insan var: sevmədiyi işdə çalışıb şikayət edən, həyatda məna tapa bilməyən, daxili boşluğuna görə ətrafını “zəhərləyən”, dəyərsizlik hissini “basdıraraq” süni xoşbəxtlik saçan…
Müasir dövrün mağarası bunlardır əslində: sosial media, cəmiyyət, status, “hamı belə edir” düşüncəsi, başqalarının fikri… Bizi özümüzlə üz-üzə gəlməyə qoymayan mağaralar…
Bəs mağaradan çıxmaq nədir?
Mağaradan çıxmaq uşaqlıqdan formalaşan inancları, cəmiyyətin gözləntilərini və avtomatik düşüncə qəliblərini sorğulamaqdır. İnsan həmin görünməz zəncirləri gördükcə seçimlərini qorxu və vərdişlə deyil, şüurlu şəkildə etməyə başlayır. Bunun üçün isə insanın daim öz şəxsi inkişafı üzərində işləməsi (psixoloji və fəlsəfi kitablar, psixoloji dəstək, mentor dəstəyi, podkastlar və s.) lazımdır. Düzgün suallar vermək, öz reaksiyalarını, yaşadığı situasiyalara baxış bucağını sorğulamaq lazımdır.
Heç kim mağaradan çıxmış şəkildə doğulmur. Bu; cəsarət, səbir və davamlı öyrənmə tələb edən bir yoldur. Hər yeni sual, hər yeni təcrübə və hər fərqli baxış bucağı bizi həqiqətə bir addım da yaxınlaşdırır. Unutmayaq ki, ən qaranlıq mağaranın belə çıxışı var.
Sevgi ilə qalın…
Klinik Psixoloq, təlimçi Aytac Ələkbərova


