Weather Data Source: havadurumuuzun.com

Əziz xatirəsi daim qəlbimizdə yaşayacaq

Sözün ölməz sərkərdəsi – Xalq şairi Nəriman Həsənzadənin əziz xatirəsinə

Azərbaycan ədəbiyyatı 1 avqust 2026-cı ildə özünün ən böyük söz ustadlarından, milli poeziyamızın parlaq simalarından biri olan Xalq şairi Nəriman Əliməmməd oğlu Həsənzadəni itirdi. Onun vəfatı təkcə ədəbi mühit üçün deyil, bütün Azərbaycan xalqı üçün ağır itkidir. Çünki Nəriman Həsənzadə yalnız şair deyildi – o, milli yaddaşın, vətən sevgisinin, mənəvi dəyərlərin və insanlıq amalının sözlə yaşayan salnaməçisi idi.

Nəriman Həsənzadə 18 fevral 1931-ci ildə Qazax rayonunun Poylu kəndində dünyaya göz açmışdır. Uşaqlıq illərindən xalqın zəngin folkloru, saz-söz mühiti və Azərbaycan təbiətinin gözəlliyi onun dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır. Sonralar bu mənəvi zənginlik onun şeirlərində, poemalarında və dramaturji əsərlərində öz əksini tapmışdır.

O, Azərbaycan Dövlət Universitetində təhsil almış, elmi fəaliyyətini davam etdirərək 1965-ci ildə filologiya elmləri namizədi elmi dərəcəsini almışdır. Gənc yaşlarından mətbuat və ədəbiyyat sahəsində fəaliyyət göstərən Nəriman Həsənzadə 1954-cü ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olmuş, ömrünü Azərbaycan söz sənətinə xidmətə həsr etmişdir.

Nəriman Həsənzadənin yaradıcılığı Vətənə məhəbbət, milli kimlik, tarixə ehtiram, insan taleyi, sevgi, vicdan və mənəviyyat kimi ali dəyərlərlə zəngindir. Onun poeziyasında Azərbaycan torpağının ağrısı da, qüruru da, xalqın keçmişi də, gələcəyə olan inamı da yaşayırdı. Şairin misralarında xalqın ruhu, zamanın səsi və insan qəlbinin ən incə duyğuları əks olunurdu.

Dramaturq kimi də uğurlu fəaliyyət göstərən Nəriman Həsənzadənin səhnə əsərləri Azərbaycan teatr sənətinə mühüm töhfələr vermişdir. O, sözün estetik gözəlliyini ictimai məsuliyyətlə birləşdirərək hər zaman milli düşüncənin keşiyində dayanmışdır.

Onun ictimai-siyasi fəaliyyəti də zəngin olmuşdur. 1990–1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı kimi dövlətçilik ideyalarına xidmət etmiş, 1991–2001-ci illərdə Mətbuat və İnformasiya nazirinin birinci müavini vəzifəsində çalışaraq ölkənin informasiya siyasətinin formalaşmasına öz töhfəsini vermişdir.

Ədəbiyyat və mədəniyyət sahəsində misilsiz xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, 1981-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi, 2005-ci ildə Azərbaycanın Xalq şairi fəxri adlarına layiq görülmüş, “Şöhrət”, “Şərəf”, “İstiqlal” və “Heydər Əliyev” ordenləri, eləcə də Heydər Əliyev mükafatı ilə təltif edilmişdir. 2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan bölməsinin müxbir üzvü, 2004-cü ildə isə akademiki seçilmişdir.

Nəriman Həsənzadə təkcə kitablar yazmadı – o, bütöv bir məktəb yaratdı. Onun poeziyası neçə-neçə nəslin mənəvi dünyasını formalaşdırdı, gənc qələm sahiblərinə yol göstərdi və Azərbaycan dilinin zənginliyini, poetik qüdrətini bütün dünyaya nümayiş etdirdi.

Bu gün fiziki olaraq aramızdan ayrılsa da, onun misraları yaşayacaq, əsərləri yeni nəsillərin yolunu işıqlandıracaq, adı Azərbaycan ədəbiyyatının qızıl səhifələrində əbədi yaşayacaqdır. Böyük söz ustadları cismani ömürlərini başa vursalar da, onların yaratdığı mənəvi sərvət zamanın fövqündə yaşayır.

Allah Xalq şairi Nəriman Həsənzadəyə rəhmət eləsin. Məqamı cənnət, ruhu şad olsun.

Ailəsinə, doğmalarına, Azərbaycan Yazıçılar Birliyinə, ədəbi ictimaiyyətə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, bu ağır itkiyə görə səmimi hüznümüzü bölüşürük.

Əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.

Pərvanə Salmanqızı
Qazeteçi,şair,araşdırmaçı yazar, AJB üzvü,zefernews.az saytının rəhbəri, Dünya Afşarlar Dərnəyinin Azərbaycan Təmsilçisi.Türkiyənin Anasan Yazarlar Birliyinin,Daqistan Respublikası Ədəbiyyatçılar Birliyinin,Azərbaycan Təmsilçisi,Turan Yazarlar Birliyinin üzvü.

Top