Weather Data Source: havadurumuuzun.com

Bir Gəncin Uğur Salnaməsi – Sevindik Nəsiboğlu

Bir Gəncin Uğur Salnaməsi – Sevindik Nəsiboğlu

Bəzən elə insanlar olur ki, onların ömür yolu yaşları ilə deyil, gördükləri işlərlə ölçülür. Elə gənclər var ki, ömürlərinin ən gözəl çağında qazandıqları uğurlar, Vətən sevgisi və cəmiyyətə verdikləri töhfələrlə öz yaşıdlarına nümunəyə çevrilirlər. Belə gənclərdən biri də bu gün doğum gününü qeyd edən gənc şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 9 kitab müəllifi, Milli Aviasiya Akademiyasının Hüquqşünaslıq ixtisası üzrə II kurs tələbəsi Sevindik Nəsiboğludur.

Sevindik mənim üçün təkcə istedadlı qələm sahibi deyil. O, həm də vəfalı dost, etibarlı qardaş, yüksək mənəvi keyfiyyətlərə malik və Vətənini bütün varlığı ilə sevən ziyalı bir gəncdir. Onun qazandığı hər bir uğur mənə doğma bir insanın uğuru qədər sevinc bəxş edir. Çünki bu nailiyyətlər təsadüfən qazanılmayıb. Onların arxasında böyük zəhmət, əzm, fədakarlıq və Vətənə sonsuz sevgi dayanır.

Deyirlər ki, övlad ailənin aynasıdır. Sevindikin şəxsiyyətində də bu həqiqəti aydın görmək mümkündür. O, 30 il polis orqanlarında şərəflə xidmət etmiş, istefada olan polis polkovniki, polis əlaçısı, polis ustası, Qarabağ müharibəsi veteranı Nəsib Əliyevin ailəsində böyüyərək dövlətə sədaqət, xalqa xidmət və Vətən sevgisi ruhunda tərbiyə alıb. Bu gün onun qələmindən süzülən hər misrada, yazdığı hər əsərdə həmin tərbiyənin və milli ruhun izləri aydın hiss olunur.

Sevindik hələ məktəb illərindən ədəbiyyata böyük maraq göstərərək özünü söz sənətində təsdiqləməyi bacarıb. Gənc yaşında doqquz kitabın müəllifi olmaq hər kəsə nəsib olmayan böyük uğurdur. O, qələmi ilə təkcə şeirlər yazmır, həm də tariximizi, milli-mənəvi dəyərlərimizi, qəhrəmanlarımızı və Ulu Öndər Heydər Əliyevin zəngin irsini gələcək nəsillərə sevdirən dəyərli əsərlər yaradır.

Sevindiklə dostluğumuz və yaradıcılıq əməkdaşlığımız mənim həyatımın ən qiymətli səhifələrindəndir. 2022-ci ildə mərhum atamın əziz xatirəsinə həsr olunan “Ata həsrəti” mahnısını hazırlamaq istəyəndə ilk müraciət etdiyim insanlardan biri məhz Sevindik oldu. O, heç bir tərəddüd etmədən qəlbinin ən səmimi duyğularını misralara çevirdi. Sonradan həmin sözlərə bəstələnən musiqini mən ifa etdim. Mahnını dinləyən hər kəs kövrəldi, çünki o əsərdə təkcə söz yox, böyük ürək, səmimiyyət və övlad sevgisi vardı. Bu əsərin yaranmasında Sevindikin əvəzsiz zəhməti olduğu üçün ona hər zaman minnətdar olacağam.

Bir il sonra əməkdaşlığımız daha bir uğurlu layihə ilə davam etdi. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Ulu Öndərimiz” mahnısının sözləri Sevindik Nəsiboğluna, musiqisi isə Mehriban Aydınqızına məxsus idi. Böyük sevgi ilə ərsəyə gələn bu əsər qısa zamanda dövlət tədbirlərində və televiziya kanallarında səsləndirildi, dinləyicilərin böyük rəğbətini qazandı. Bu mahnı iki gəncin Vətənə olan sevgisinin və yaradıcılıq uğurunun gözəl nümunəsinə çevrildi.

Bu uğurlu əməkdaşlıq Sevindikin müəllifi olduğu “Ulu Öndərin İşığında” kitabında yer alan “İki Gəncin Uğuru” adlı məqalədə də öz əksini tapdı. Kitabın müxtəlif dövlət qurumlarında keçirilən təqdimat mərasimləri onun yaradıcılığına verilən yüksək qiymətin bariz nümunəsi oldu.

Sevindik Nəsiboğlu qazandığı uğurlarla yanaşı, insanlığı, sadəliyi, təvazökarlığı, dostluğa sədaqəti və xeyirxahlığı ilə də seçilir. Onu tanıyan hər kəs ilk növbədə səmimiyyətini, mehribanlığını və böyük ürəyini görür. Məhz bu xüsusiyyətlər onu yaşından asılı olmayaraq cəmiyyətdə hörmət qazanan gənclərdən birinə çevirib.

İnanıram ki, Sevindikin bu günə qədər qazandığı uğurlar onun gələcək nailiyyətlərinin yalnız başlanğıcıdır. Qarşıdakı illərdə onun adı Azərbaycan ədəbiyyatında daha böyük uğurlarla çəkiləcək, yeni kitabları, yeni layihələri və yeni əsərləri ilə xalqımıza və dövlətimizə dəyərli töhfələr verməyə davam edəcək.

Əziz və dəyərli qardaşım Sevindik!

Səni doğum günün münasibətilə ürəkdən təbrik edirəm. Uca Allah sənə uzun ömür, möhkəm can sağlığı, ailə səadəti, tükənməz enerji, firavan həyat və yeni-yeni uğurlar nəsib etsin. Qələmin daim iti, ilhamın bol, yolun açıq olsun. Yazdığın hər bir əsər Azərbaycan ədəbiyyatına yeni dəyərlər qazandırsın, oxucuların qəlbində daim yaşasın.

Sənin kimi istedadlı, vəfalı və vətənpərvər bir qardaşım olduğu üçün qürur duyuram. İnanıram ki, qarşıda bizi hələ çox uğurlu layihələr və unudulmaz nailiyyətlər gözləyir.

Nə yaxşı ki, varsan! Nə yaxşı ki, sənin kimi dəyərli bir qardaşım var! Doğum günün mübarək olsun, əziz qardaşım! Allah səni və ailəni daim qorusun, ömrünü bərəkətli, yolunu isə hər zaman uğurlu etsin!

Hörmətlə:
Allahverən Pərvizoğlu,

İctimai fəal, III-dəfə respublika mahnı müsabiqəsi laureatı, gənc xanəndə 

Top