Weather Data Source: havadurumuuzun.com

Minnətdaram Tanrıma

 

Minnətdaram Tanrıma, danışmağa dilim var!
Problem çözən əqlim, haqq sevən əməlim var!

Minnətdaram dünyaya baxan gözlərim üçün,
Yalana qılınc çalan doğru sözlərim üçün,
Titrəsə də, çökməyən zərif dizlərim üçün!
Yaxşı ki, dərddən sınıb, əyilməyən belim var.

Şükür ki, ayağım var, min yol dəysə də daşa,
Qəlb evim gülüstandır, baxmaz payıza, qışa.
Tükənmərəm yüz ömür yaşayıb vursam başa,
Çünki Tanrıma bağım, sevgidən təməlim var,
Məhəbbət mürəkkəbli qələm tutan əlim var!

MƏN SEVİRƏM BU HƏYATI

Mən sevirəm bu həyatı!
Sevinciylə, kədəriylə,
Ömür adlı dəqiqəsi, saniyəsi,
Hətta bəzən puça varan hədəriylə.

Mən sevirəm bu həyatı!
Maska taxan insanları,
Bütün dolan-bulanları,
Yaxşılara yamanları
Qismət yazan qədəriylə.

Mən sevirəm bu həyatı!
Hıçqırığı, qəhqəhəsi,
Sevgi adlı hədiyyəsi,
Ölüm qoxan son nöqtəsi
Qəbulumdur yetəriylə.

Çünki ruhum bu cismimlə
Təkrar doğub görməyəcək kainatı.
Mən sevirəm bu həyatı,
Qucaqlayıb dörd əl ilə!

*** **** ****

Gözəllik tapman üçün
Gözəl olman gərəkdir.
Hər şeyi gözəl edən
Köksündəki ürəkdir.

Yaxşılıq et, yaxşıyla
Qarşılaşsın əməlin!
Sınaq et dostu, yarı,
Güvən olsun təməlin!

Çalış ki, qəbul eylə
Hər kəsi olduğu tək.
Onda nə haqq itəcək,
Nə vicdan göynəyəcək.

 

MƏNİ TƏRK ETMƏ, ANA!

Məni bihuş eyləyən
Qoxun cənnət alması,
O mənalı gözlərin
Həyatımın aynası.
Ən rahat məkanımdır
Qollarının arası.
Parçalama aynamı,
Qıyma isti yuvama!
Hələ böyüməmişəm,
Məni tərk etmə, ana!

Sənə gündüz etdiyim
Gecələri borcluyam.
Qəddini kaman edən
Sərt illəri borcluyam.
Milyonlarla nələri,
Necələri borcluyam.
Hələ başlamamışam
Faiz artan borcuma
Baxma yaşa, boyuma,
İnan, böyüməmişəm.
Yalvarıram, əbədi
Ayrılıb getmə, ana!
Məni tərk etmə, ana!

 

PAYIZIMDAN SƏTİRLƏR

Ömrümüz payızdan qışa doğrudur,
Sıramız azalır hər addımbaşı.
Dünən başda duran əziz dostların
Bu gün nəsibidir soyuq baş daşı.

Əsmə, dəli xəzri, girmə bağçama,
Tökmə payız adlı son yarpaqları.
Yayımı, yazımı ötürdüm hədər,
Payızım qoy gün tək parlasın barı,
Olsun həyatımın kəhrəba qaşı.

Demirəm əbədi yaşayım, durum,
Varlığım şad etsin qohum-qardaşı.
Əlvida edəndə fani dünyaya,
Etibarlı dostlar töksün göz yaşı,
Qəlbini ağrıdan, içini didən
Kədər-sevgisindən qoysun baş daşı.

HİKMƏTİ ELİMDƏN,
MİSRASI DİLİMDƏN

Hər qocanı müdrik bilib inanma,
Axmaqlar da qocalır bu dünyada.
Can deyənə ürək verib dost sanma,
Dar gündə tək qalarsan, çatmaz dada.

Pis adama pislik edib pis olma,
Səbr eləsən, on qat əvəzin alar.
Ömrünə zəhər qatanın yoluna
Əfi ilan çıxar, qəlbindən çalar.

Yalanlara bilərəkdən göz yumma,
Bir gün gələr, gerçəklə üzləşərsən.
Heç bir sirri əbədi gizli sanma,
Açılanda özün çaşa düşərsən.

İki şeyi arasan da əbəsdir,
Zamanında özü gəlib tapacaq:
Biri sevgi – qəlbə hay verən səsdir,
Gəlişiylə yeni dünya yapacaq.
Biri ölüm, gəlir ki, desin: “Bəsdir!”
Nöqtə qoyub ömrünə son qatacaq.

 

SÖZÜM QIZI OLAN ATALARADIR

Sözüm qızı olan atalaradır:
Tanrım qadınları yaranışından,
Ata sevgisinə möhtac yaradır.

Bu qoca bəşərin təməli qadın,
Təməlin təməli ata əlində.
Analar əsasdır desək də, lakin
Güvənin qaynağı ata dilində.

Atadır qızının ilk qəhrəmanı,
Sehrli nağılı, həyat romanı.
Hər kəsə inamı, eşqi, gümanı
Atayla bağlıdır körpəliyindən.

Sevin qızınızı, üzü solmasın,
Sevinci bol olsun, gözü dolmasın.
İyrənc sevdalara fəda olmasın,
Qalmasın zərbədən xal ürəyində.

Sevin qızınızı, üzü solmasın,
Sevinci bol olsun, gözü dolmasın.
İyrənc sevdalara fəda olmasın,
Qalmasın zərbədən xal ürəyində.

Əgər istərsəniz olsun bəxtəvər,
Gül açsın arzusu, çəkməsin kədər,
Sevin qızınızı dünyalar qədər,
Dost kimi əl tutun hər gərəyində.

SƏNSİZ

Dünyada heç kimə “canımsan” demə,
Sanma ki, o kəslər öləcək sənsiz.
Bir gün olmadığın vəfasız həyat,
Hamıya çox adi gələcək sənsiz.

Qeydinə qalan da, canı yanan da,
Əziz dostların da, doğma anan da,
Sənə “həyatımsan” deyən canan da
Sevəcək, deyəcək, güləcək sənsiz.

Budur həqiqəti qoca dünyanın:
Təkəri fırlanmır geri zamanın.
Yaşa, nəbzini tut hər keçən anın!
Həyat özü nəğmə ötəcək sənsiz,
Sədası ruhuna yetəcək sənsiz.

Müəllif: Arzulu Arzu

Top