Weather Data Source: havadurumuuzun.com

14 İyul – Qəhrəmanlığın Tarixə Həkk Olunduğu Gün

14 İyul – Qəhrəmanlığın Tarixə Həkk Olunduğu Gün

Bəzi tarixlər var ki, təqvimdə sadəcə bir gün deyil, bütöv bir xalqın yaddaşına həkk olunan qəhrəmanlıq salnaməsidir. 14 iyul 2020-ci il də Azərbaycan xalqı üçün məhz belə müqəddəs günlərdən biridir. Həmin gün Vətənin müdafiəsi uğrunda ön cəbhədə döyüşərək şəhidlik zirvəsinə ucalan general-mayor Polad Həşimov və Milli Qəhrəman, şəhid polkovnik İlqar Mirzəyev öz qanları ilə tarix yazdılar. Onların qəhrəmanlığı Azərbaycan xalqının milli ruhunu daha da gücləndirdi, xalqı bir yumruq kimi birləşdirdi və Vətən uğrunda mübarizənin müqəddəsliyini bütün dünyaya nümayiş etdirdi.

2020-ci ilin iyul ayında Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatlara qarşı Azərbaycan Ordusu qətiyyətlə cavab verdi. Bu döyüşlər Qarabağdan uzaqda, Azərbaycanın dövlət sərhədində baş versə də, əslində xalqın azadlıq iradəsinin, dövlətçilik əzminin və milli birliyinin sınağı idi.

Məhz həmin döyüşlərdə general-mayor Polad Həşimov ən yüksək rütbəli zabit olmasına baxmayaraq qərargahda qalmağı deyil, əsgərlərinin yanında ön xətdə olmağı seçdi. O, Vətəni yalnız əmrlə deyil, şəxsi nümunəsi ilə qoruyan sərkərdələrdən idi. Əsgərinin taleyini öz taleyindən üstün tutan, Vətən sevgisini həyatının mənasına çevirən Polad Həşimov son nəfəsini də Azərbaycan torpağı uğrunda verdi.

Onunla çiyin-çiyinə döyüşən Milli Qəhrəman, polkovnik İlqar Mirzəyev də eyni gündə qəhrəmanlıq salnaməsinə öz adını qızıl hərflərlə yazdı. Peşəkar hərbçi, cəsur komandir və vətəninə sonsuz bağlı insan olan İlqar Mirzəyev də əsgərlərini tək buraxmadı. O, komandir məsuliyyətini yalnız sözlə deyil, canı ilə sübut etdi. Şəhidlik zirvəsinə yüksələrək ömrünü əbədiyyətə çevirdi.

Şəhidlik ölüm deyil. Şəhidlik millətin vicdanında əbədi yaşamaqdır. Şəhidlər torpağın bağrına əmanət edilirlər, lakin xalqın qəlbindən heç zaman ayrılmırlar. Onların qanı ilə sulanan torpaq müqəddəsləşir, onların adı gələcək nəsillərə qəhrəmanlıq məktəbi olur.

14 iyul şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqında misilsiz həmrəylik yaratdı. Minlərlə insan küçələrə çıxaraq Ordusuna və dövlətinə dəstəyini nümayiş etdirdi. Həmin birlik sonradan 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfərin mənəvi başlanğıclarından birinə çevrildi. Tovuz döyüşlərində göstərilən qəhrəmanlıq xalqın qələbəyə olan inamını daha da möhkəmləndirdi.

Polad Həşimov və İlqar Mirzəyev göstərdilər ki, əsl komandir əsgərinə arxadan deyil, ön sıradan rəhbərlik edir. Onlar rütbələrini çiyinlərində deyil, ürəklərində daşıyan zabitlər idi. Onların həyat yolu gənclər üçün vətənpərvərlik, şərəf, ləyaqət və fədakarlıq nümunəsidir.

Bu gün Azərbaycanın azad səmasında dalğalanan üçrəngli bayrağın hər rəngində şəhidlərin müqəddəs qanının izi var. Hər bir azərbaycanlı həmin bayrağa baxarkən Polad Həşimovun qətiyyətini, İlqar Mirzəyevin cəsarətini, bütün şəhidlərimizin müqəddəs ruhunu hiss edir.

Qəhrəmanlar fiziki ömürlərini başa vursalar da, onların mənəvi ömrü əbədidir. Onlar tarix kitablarının deyil, xalqın qəlbinin qəhrəmanlarıdır. Azərbaycanın gələcəyi onların bizə miras qoyduğu Vətən sevgəsi, birlik ruhu və mübarizə əzmi üzərində qurulur.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. General-mayor Polad Həşimovun, Milli Qəhrəman polkovnik İlqar Mirzəyevin və Vətən uğrunda canlarını fəda edən bütün qəhrəmanlarımızın əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq. Onların müqəddəs ruhu qarşısında baş əyir, əmanət qoyduqları Vətəni qorumağı hər bir azərbaycanlının şərəf borcu hesab edirik.

Ruhunuz şad olsun, qəhrəman oğullar! Siz yalnız bir dövrün deyil, bütün zamanların qürur simvolusunuz. Azərbaycanın tarixi yaşadıqca sizin adlarınız da əbədi yaşayacaq.

Müəllif:
Pərvanə Salmanqızı
Qazeteçi,şair,araşdırmaçı yazar, AJB üzvü, Dünya Afşarlar Dərnəyinin Azərbaycan Təmsilçisi.Türkiyənin Anasan Yazarlar Birliyinin,Daqistan Respublikası Ədəbiyyatçılar Birliyinin,Azərbaycan Təmsilçisi,Turan Yazarlar Birliyinin üzvü

Top