Weather Data Source: havadurumuuzun.com

ŞUŞADA RUSİYANIN TÖRƏTDİYİ SOYQIRIMLAR MÜZAKİRƏ EDİLDİ

ŞUŞADA RUSİYANIN TÖRƏTDİYİ SOYQIRIMLAR MÜZAKİRƏ EDİLDİ
Şuşada mədəni və etnik müxtəlifliyə dair konfrans sadəcə adi bir tədbir deyildi bu, Moskvanın həmişə susmağa çalışdığı cinayət – rus müstəmləkəçiliyi və Kremlin əsrlər boyu qeyri-rus xalqlarını istismar etməsi barədə açıq müzakirə forumu idi.
Çərkəzlər, Saxalar, Buryatlar və digər xalqlar təkcə keçmişdən danışmadılar., onlar deportasiyalar, assimilizasiya, qovulmalar, sürgünlər qadağalar, dillərin və mədəniyyətlərin məhv edilməsi barəsində danışdılar. Lakin problem aradan qalxmayıb. Bu gün də davam edir.
Çərkəz soyqırımı Rusiya imperiyasının Qafqazdakı cinayətlərinin ən dəhşətli nümunələrindən biridir. Qafqaz müharibəsindən sonra çərkəzlər kütləvi şəkildə doğma yurdlarından qovuldular. Adıgey, Kabardin, Çərkəz və Şapsuq xalqları müxtəlif ölkələrə səpələndilər. Bu gün onlar üçün dillərini və yaddaşlarını qorumaq – yaşamaq məsələsidir.
Moskva digər xalqlarara da eyni faciəni yaşatdı. Sovet dövründə çeçenlər, inquşlar, Krım tatarları, kalmıklar, qaraçaylar, balkarlar, Volqa almanları və axıska türkləri deportasiya edildi. Bu insanlar yalnız Kremlin bütöv xalqları etnik kimliyə görə cəzalandırmaq qərarı verdiyi üçün doğma torpaqlarından deportasiya edildilər.
Bu gün metodlar dəyişib, amma mahiyyət eyni olaraq qalır. Rusiyanın Ukraynaya qarşı müharibədəki uğursuzluğunu nəzərə alsaq, Moskva faktiki olaraq qeyri-rus xalqlarının gələcəyinə qarşı cinayət törədir. Kreml gizli səfərbərlik təşkil edir, qeyri-rua bölgələrə təzyiq göstərir və yerli xalqları “xərclənən material” kimi müharibəyə ölümə göndərir.
Buryatiya, Tuva, Dağıstan, Başqırdıstan, Tatarıstan, Kalmıkiya, Altay, Yakutiya, Çuvaşiya, Mari El, Mordoviya, Udmurtiya və digər bölgələr Kreml üçün əlverişli səfərbərlik ehtiyatına çevrilib. Oralarda infrastruktur yox, iş yerləri az, məvaciblər aşağı, lakin milli zəmində təzyiqlər çoxdur. İnsanlara kasıb bölgələr üçün çox böyük görünən ödənişlər təklif olunur. Amma əslində onlar insan həyatını satın alırlar.
Buryatlar, tuvalılar, saxalar, başqırdlar, tatarlar, kalmıklar, avarlar, darginlər, kumıklar, ləzgilər, laklar, tabasaranlar, noqaylar, çuvaşlar, marilər, udmurtlar, mordvalılar, komilər və digər xalqların nümayəndələri daha çox cəbhəyə göndərilir. Moskva “çoxmillətli Rusiya” haqqında təmtəraqla danışır, amma əslində bu çoxmillətlilikdən müharibə üçün yanacaq kimi istifadə edir.
Bu, artıq sadəcə səfərbərlik deyil. Bu, rus olmayan xalqların insan resurslarını, genefondunu məhv etmək siyasətidir. Moskva və Sankt-Peterburq kimi şəhərlərin rus əhalisi səfərbərliyə çağırılmır, əvəzində kasıb milli respublikaların qeyri-rus nümayəndələri əsgər mənbəyinə çevrilir. Qeyri-rus millətindən olan gəncləri doğma yurdlarından aparıb onlara aid olmayan müharibənin ətçəkən maşınına atırlar.
Bundan sonra “millətlər arasında birlik”dən danışmaq xüsusilə kinayəli və iyrəncdir. Yerli dillər məktəblərdən sıxışdırılırsa, bu necə birlikdir? Regionlar öz resurslarına nəzarət etmirsə, bu necə bərabərlikdir? Bütün vacib qərarlar Moskvada qəbul edilirsə və respublikalar yalnız xammal və əsgər mənbəyi kimi lazımdırsa, bu necə federasiyadır?
Rusiyanın cinayətləri Ukraynada açıq-aydın görünür – şəhərlər dağıdılır, mülki infrastruktur məhv edilir, uşaqlar deportasiya olunur, işgəncələr, qətllər və kütləvi insan haqları pozulur. Bu, imperiya və işğalçılıq məntiqidir. Həmin işğalçılar yaxın keçmişdə eynilə Qafqaz, Krım və Volqa bölgəsi xalqlarını məhv edib və didərgin salıb. Bu gün isə o, Ukraynanı məhv edir, eyni zamanda öz qeyri-rus xalqlarının gələcəyini əlindən alır.
Şuşadakı konfrans məhz buna görə vacibdir. Bu, Moskvanın yalnız folklorlarını nümayiş etdirməyə məcbur edilmiş xalqları bir az düşünməyə və haqlarını tələb etməyə sövq edə bilər. Kreml buryat, saxa, çərkəz, tuvalı, başqırd və ya dağıstanlı milli geyimlərində rəqs etdikdə rahat olur. Lakin hüquqlar, dil, resurslar, yaddaş və gələcək haqqında danışmağa başlayanda narahat olurlar.
Şuşa konfransı göstərdi ki, bu xalqlar artıq susmaq istəmirlər. Onların problemi zəiflikdə deyil. Əsrlər boyu onları səslərindən məhrum etməyə çalışan sistemdir. Və bu gün bu səs getdikcə daha da ucalır.


Qurban VAHİDOV,

Türk Dünyası Akademiklər Birliyi üzvü, Türk Dünyası Tarixçilər Şurası üzvü, Türk Dünyası Federasyonu Azərbaycan Ölkə Başqanlığının Mətbuat və İnformasiya üzrə Başqan Yardımçısı. Araşdırmaçı-yazar, jurnalist

Top