Weather Data Source: havadurumuuzun.com

Qəhrəmanlar yazıldıqca yaşayırlar

Qəhrəmanlar yazıldıqca yaşayırlar

Vətən uğrunda canından keçən şəhidlərimiz və sağlamlığını qurban verən qazilərimiz xalqımızın qürur mənbəyidir. Şəhid dedikdə gözlərimiz önündə müqəddəs Vətən torpağı canlanırsa, qazi dedikdə həmin torpağın keşiyində dayanaraq onun bütövlüyü naminə ağır sınaqlardan keçən igid oğullarımız yada düşür. Bu gün mənim üçün ən müqəddəs ziyarətgahlar şəhidlərimizin uyuduğu məzarlar və qazilərimizin yaşadığı evlərdir. Belə qəhrəmanlarımızdan biri də Vətən yolunda hər iki gözünü itirən qazimiz Bəhruz Hüseyinlidir.

Bəhruz Hüseyinli 1993-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şəhid Məmməd kəndində dünyaya gəlib. Həyat onu erkən yaşlarından çətin sınaqlarla üz-üzə qoyub. Uşaqlıq illərinin bir hissəsini baba və nənəsinin himayəsində keçirsə də, bütün çətinliklərə baxmayaraq, qəlbindəki Vətən sevgisini qoruyub saxlayıb. Bu sevgi sonradan onu hərbçi peşəsinə gətirib və Vətənin keşiyində dayanmağa sövq edib.

2023-cü ildə həyata keçirilən antiterror əməliyyatları zamanı Bəhruz Hüseyinli ağır yaralanaraq hər iki gözünü itirib. Bu, bir insan üçün son dərəcə ağır itki olsa da, onun iradəsini və vətənpərvərlik ruhunu sarsıda bilməyib. Əksinə, o, göstərdiyi qəhrəmanlıqla minlərlə gəncə nümunə olub.

Qəhrəmanlarımızın həyat yolu gələcək nəsillərə çatdırılmalıdır. Çünki qəhrəmanlar haqqında yazılmadıqda onlar zamanla unudulur, unudulduqda isə mənəvi olaraq yenidən itirilirlər. Məhz bu düşüncə ilə Bəhruz Hüseyinlinin həyat və döyüş yolunu araşdıraraq “Əzablı yollar” adlı kitabı qələmə aldım. Bu əsər yalnız bir qazinin həyat hekayəsi deyil. Kitab eyni zamanda Vətən sevgisinin, insan iradəsinin, dözümün və mübarizliyin təcəssümüdür. Oxucu burada ağır həyat sınaqlarından keçən, lakin sınmayan və ruhən məğlub olmayan bir Azərbaycan oğlunun taleyi ilə tanış olur.

2026-cı il iyunun 5-də M.F. Axundzadə adına Milli Kitabxanada “Əzablı yollar” kitabının təqdimat mərasimi keçirildi. Tədbirdə elm və mədəniyyət xadimləri, şair və yazıçılar, ictimaiyyət nümayəndələri, Azərbaycan diasporunun üzvləri iştirak etdilər. Təqdimat mərasimi qazimizin həyat yoluna və ümumilikdə bütün qazilərimizin fədakarlığına göstərilən ehtiramın ifadəsi oldu.

Bu gün Azərbaycanın yüzlərlə qazisi öz sağlamlığını Vətən yolunda qurban verib. Biz onların itirdiklərini geri qaytara bilməsək də, onların qəhrəmanlıqlarını yaşatmaq, adlarını gələcək nəsillərə çatdırmaq və mənəvi dəstəyimizi əsirgəməmək borcundayıq.

Sevindirici haldır ki, Bəhruz Hüseyinli yaxın zamanda ailə həyatı qurub. Ona yeni həyatında xoşbəxtlik, sağlamlıq və səadət arzulayırıq. Qəhrəman qazimizə üz tutaraq demək istəyirəm: sən bəlkə də gözlərinlə dünyanı görə bilmirsən, amma sənin qəhrəmanlığının nuru minlərlə insanın qəlbini işıqlandırır. Sənin fədakarlığın Azərbaycan xalqının yaddaşında daim yaşayacaq. Ümid edirik ki, gələcəkdə tibb elminin inkişafı bu kimi ağır yaralar alan insanlara yeni ümidlər bəxş edəcək. Lakin bir həqiqət dəyişməz olaraq qalacaq: Bəhruz Hüseyinli öz adı və qəhrəmanlığı ilə xalqımızın yaddaşında əbədi yaşayacaq. Fotolar:

Müəllif: Mətanət Duyğulu (Süleymanova)

Şair – publisist,

Azərbaycan Yazıçılar Birliyinin üzvü

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top