Weather Data Source: havadurumuuzun.com

Dronqo – Azərbaycan ədəbiyyatının Ogüst Düpeni

Dronqo – Azərbaycan ədəbiyyatının Ogüst Düpeni, Şerlok Holmsu, Erkül Puarosu, komissar Meqresi…

Müasir dövrdə detektiv janrı istər ədəbiyyatda, istər kinematoqrafiyada öndə gedən janrlardan hesab edilir. Konkretlik, lakoniklik, bədii təsvir vasitələrindən minimum istifadə, analitik təhlil əsas faktoru hesab edilən bu janrın yaranma tarixinin digərlərdən fərqliliyi, yəni tam dəqiq olması da, bəlkə taleyin gərdişinin fəlsəfi cavabıdır.
Detektiv janrı dünya ədəbiyyatı tarixinə özünün mistik, pessimist şeirləri ilə şöhrət tapan, ölümü bu günə qədər müəmmalı qalan, “Quzğun”u ilə insan duyğularını silkələyən Edqar Allan Ponun 1841-ci ildə yazdığı və həmin il aprelin 20-si “Qrem məqəzin” (ing. “Grahams Magazine”) jurnalında işıq üzü görmüş “Morq küçəsində qətl” əsəri ilə gəldi. İlk dəfə Amerikanın qadın yazıçısı Enn Ketrin Qrin tərəfindən 1878-ci ildə bu janrda yaratdığı əsərilə latın mənşəli “detectro” sözündən yaranmış, “təhqiqat”, “axtarış”, “öyrənmə”, eləcə də “xəfiyyə” mənası verən “detektiv” məfhumunu ədəbiyyata gətirilməklə daha bir yeni səhifə açıldı. İxtisasca həkim olan Artur Konan Doyl yumor, sarkazm qataraq, hadisələrin təhlili prinsiplərini inkişaf etdirməklə, sonradan kriminalistikada istifadə olunacaq metodlar barədə yazmaqla janrın populyarlığını artıraraq, elə bir obraz yaratmışdı ki, bədii surət olsa da, hələ də insanlar tərəfindən canlı şəxsiyyət kimi qarşılanacaq, demək olar, bu janrda yaradacaq bütün ədiblər tərəfindən Şerlok Holmsun adı mütləq şəkildə çəkiləcəkdi. Oxucuların arasında məşhurluğuna görə kitablarının sayı “Bibliya”dan sonra ikinci yerdə olan qadın-yazıçı Aqata Kristi öz adını janrın tarixində qızıl hərflərlə yazdı. Jorj Simenon komissar Meqresi ilə detektiv janrının inkişafında öz izini qoydu… Siyahı uzanmağa başladı.
XX əsrin əvvəllərində detektiv yazarlarından ibarət “Detektiv Klub”u yarandı. Əvvəlcə Edqar Allan Po, sonradan isə Stiven Van Dayn və Ronald Noks tərəfindən janrda yazılan əsərlər müəyyən çərçivəyə salınaraq, məhdudlaşdırıcı qaydalar tətbiq edildi. Amma həmin qaydalar çox keçmədi ki, oxucularda yoruculuq hissi yaratdı və populyarlıq azalmağa başladı. Qaydaları pozan ilklər sırasına elə klubun üzvü “Rocer Ekroydun qətli” əsəri ilə Aqata Kristi oldu. Lakin bu, nə janrın, nə də yazıçının populyarlığına xələl gətirmədi. Əksinə, janrın yeni növləri yaranmağa başladı, mövzu dairəsi genişləndi, sadə, adi “qapalı məkan”dan siyasi motivlərə qədər çatdı. Bu siyahı zaman keçdikcə, artdı. Qərb düşüncəsi, Qərb lakonikliyi, Qərb xarakteri bu janrda özünü tam əks etdirirdi…
Şərq… Həmişə özünəməxsusluğu ilə seçilən coğrafi anlam da olsa, özündə böyük sirli aləmi ehtiva edən məkan… Şərq… Romantika, mübaliğəli təsvirlər, duyğuların, hisslərin əsas götürüldüyü, mənəviyyatın həmişə öndə olduğu motivləri üstünlük təşkil edən Şərq… Redrayd Kiplinqin bu kəlami öz dəyərindən düşmür: “Şərq Şərqdir, Qərb isə Qərb”.
Azərbaycan – Şərqlə Qərbin, Avropa ilə Asiyanın qovuşuğunda yerləşən Vətənimiz…
Neçə-neçə əsrlərdən sonra Şərq mədəniyyətinin hər cəhətini özündə əks etdirən Azərbaycan ədəbiyyatı və incəsənəti üç əsrə yaxın idi ki, artıq Qərbə yönəlirdi. Bu məqamda qırğız yazıçısı Çingiz Aytmatovun belə fikri yerinə düşər: “Bu yerlərdə qatarlar şərqdən qərbə, qərbdən şərqə gedir…”
Fazil Mustafanın təbirincə deyilsə, “Qərbdə rasionallığa, Şərqdə isə nağılçılığa meyl güclüdür. Qərb ağıla söykənir, Şərq qəlbə”. Digər Şərq xalqlarının ədəbiyyatında detektiv janrının çox az inkişafı ilə müqayisədə, Qərbin hərtərəfli təsirinin nəticəsində Azərbaycanda bunun yaranması təbii hesab edilə bilər. Məhz Şərqlə Qərbin, Avropa ilə Asiyanın birləşdiyi və ayrıldığı torpaqda yerləşməsi Şərq yönümlü Azərbaycanda Qərbə xas detektiv janrının yaranmasında mühüm amil oldu. Belə ki, Azərbaycan ədəbiyyatına bu janr XX əsrin 50-ci illərində, Cəmşid Əmirovun “Sahil əməliyyatı” əsəri ilə gəldi. Sonradan o əsərin məzmununa görə “İstintaq davam edir” filmi cəkiləcəkdi. “Brilyant məsələsi”, “Qara “Volqa” isə janra marağı daha da artıracaq, yazıçının yaratdığı əsərlərin sayı az olsa da, populyarlığını bu günə qədər itirməyəcək həmin kitablar ədəbiyyat tariximizdə silinməz iz qoyacaqdi. Azərbaycan ədəbiyyatında ilk dəfə olaraq, arqo və jarqonlardan istifadə, hüqüq-mühafizə orqanlarınin iş prinsipinin təsviri, kəşfiyyatın bəzi nüansları oxucular arasında populyarlığı azaltmayacaq, əksinə, artıracaqdı.
Sonra digər ədiblər də bu janra müraciət edəcəkdilər. Ayrı-ayrı yazıçıların müxtəlif əsərləri janrın ədəbiyyatımıza gəlişindən sonra populyarlığı tədricən saxlayacaqdı.
Azərbaycan ədəbiyyatında detektiv janrının inkişafında xüsusi mərhələni, mübaliğəsiz demək olar ki, Çingiz Abdullayevin yaradıcılığı açdı. Milliyyətcə azərbaycanlı, həmişə Bakıdan olduğu vurğulanan Dronqo! Baş qəhrəmanın əsil ad-soyadı heç bir əsərdə göstərilmədi və hələ də göstərilmir… O, konservatordur və bu mühafizəkarlıq çox cəhətlərdə özünü əks etdirir – “Farenhayt” rayihəsini heç zaman dəyişmir, janrın qaydalarına görə tənhadır (müəyyən dövrdən sonra onun həyatına daxil olmuş Cil həmin qaydalara müvafiq surətdə, həmişə Dronqo ilə birlikdə deyil, İtaliyada yaşayan zadəgan nəslin nümayəndəsi olan xanımdır), Bakıdakı mənzilinin interyerinin quruluşu Moskvadakı evi ilə eynidir, səyahəti xoşlayır, avtomobil idarə etməyi sevmir, hadisələr baş verən məkanları, otellərin nömrələrinədək təfsilatları o dərəcədə dəqiqliklə qeyd edir ki, bu, sonradan həmin yerlərə səyahət edənlərin marağına səbəb olur. “Mavi mələklər”in Migel Qonsales adı altında ədəbiyyatımıza qədəm qoymuş, estafeti Anri Lejivr kimi davam etdirən, real həyatdakı prototipi yazıçı özü olan Dronqo obrazı və onun yaradıcısı, ixtisasca hüquqşünas, hüquq elmləri doktoru, “Şərəf” və “Şöhrət” ordenli, Azərbaycan Xalq yazıçısı Çingiz Abdullayev… Tropik və subtropik coğrafi məkanlarda səs yamsılamaqla, başqa canlıların avazını təkrarlamaqla özünəməxsusluğu ilə seçilən, amma öz yuvasını qorumaqda xüsusi qorxmazlıq nümayiş etdirən dronqo quşu… O quşun ümumi ismi əvvəlcə ekspert-analitikin gizli ləqəbinə, sonradan isə xüsusi ismə çevrilərək, obrazın əsil adını əvəzlədi.
Azərbaycan ədəbiyyatında ilk siyasi detektiv – Migel Qonsales obrazı ilə oxucuların geniş rəğbətini qazanan “Mavi mələklər”; Azərbaycan ədəbiyyatında ilk klassik detektiv – “Qeyri-adi qətl”; Azərbaycan ədəbiyyatına ilk vəkil (məhkəmə) detektivi kimi düşən, aparıcı obrazı Kseniya Mordyukova olan “İngilis bulvarı” və həmin hüquq müdafiəçisi haqqındakı “Bakı bulvarı”; əsas mövzusu böyük siyasətçilər Heydər Əliyev və Eduard Şevardnadzeyə qarşı hazırlanan sui-qəsdin qarşısının alınması olmasına rəğmən, o zamankı siyasi vəziyyətin analizinin müxtəlif aspektlərlə təsvir edildiyi “Qanın üç rəngi”; Vətənimizin səfalı məkanlarından biri olan gözəl təbiətli, özünəməxsus arxitekturaya malik Şəki şəhərində baş verən cinayət hadisəsinin “Allahın tərəfində”; qadın-kəşfiyyatçı Marina Çernışova haqqında tetralogiya: “Şər sənin öz ismindədir”, “Xəyanət sənin öz ismindədir”, “Qadınlar hərəkətsizliklərini saxlayırlar”, “Qadının intiqamı”; insanı zahirən çox eybəcər hala salan və cəmiyyətdən uzaqlaşdıran cüzam xəstələrinin yaşadıqlarını, xəstəxanadakı vəziyyəti sürrealist şəkillərilə məşhur İeronim Bosx və alleqorik şəkillərilə insanın daxilində gizlənmiş ikrahedici cəhətlərini, bütün mənfi xüsusiyyətlərini öz rəsmlərinə köçürmüş Piter Breygelin əsərlərindən də dəhşətli duruma bənzədən “Məhkumların cənnəti”; Əfqanıstan müharibəsində fədakarcasına döyüşmüş zabitin bir qolunun itirməsi nəticəsində istər cəmiyyət, istər ailə tərəfindən qəbul edilməməsi səbəbindən, snayperlikdən təkqol killerə döndükdən və son nəticədə, mənhus tale tərəfindən ata ilə oğlu bir-birinin qatilinə çevrilməsindən sonra özünü ispan rəssamı Fransisko Qoyyanın Madridin Prado muzeyində sənətkarın “Qara şəkillər” seriyasındakı əsərlərinin sırasında xüsusi yarıişıq, yarıqaranlıq zalda nümayiş etdirilən “Öz uşaqlarını gəmirən Saturn” rəsmindəki Roma mifoloiyasının mifik allahına bənzətməsi məqamlı “Mənim gözəl alibim”, “Üçüncü variant”, “Saturnun tövbəsi” trilogiyası; Abşeron mühiti, Bakı bağlarının təsviri, Azərbaycan xalqının adət-ənənəsinin güclü təsiri, cəmiyyətdəki qadının vəziyyəti, yazılmış qanunlardan daha da olmazın və gözəgörünməz qüvvəyə malik mənəvi qaydaların ailədə yaratdığı mənfi və müsbət halları birər-birər açan “Payız madriqalı”; Əfqanıstan müharibəsinin görünməyən siyasi tərəfləri, milliyyətinə, təhsilinə, xasiyyətinə görə ən müxtəlif xalq və qurumun nümayəndələri səkkiz nəfər kəşfiyyatçısı, onların həyatlarının ən təsiredici məqamlarının təsviri, ölkənin təbiətinin, durumunun şərhi, özləri bilmədən ölümə gedən və heç zaman geri sağ-salamat qayıtmayacaq əməliyyatçıların “Gedər-gəlməz”i… Yazıçının bütün əsərlərinin sayı 200-ə çatır…
Bədii təsvirlərdən hətta gündəlik danışıq dilində də çox istifadə olunan Azərbaycanda lakonik üslublu detektiv janrı ədəbiyyatşünaslığımızda çox az işlənilmişdir. Bu mövzuda ədəbiyyatşünaslıqda ilk cığırı açan filologiya üzrə fəlsəfə doktoru Samirə Mir-Bağırzadə oldu. Detektiv janrını işləmək istəyən istənilən doktorantın onun monoqrafiyasına müraciət etmədən nəyi isə yazması qeyri-mümkündür. Sanballı araşdırmalar sırasına İlqar Fəhminin məqaləsi; həmçinin Ülviyyə Abbasova, İlhamə Məmmədova, Leyla Gərayzadənin dissertasiyaları, tədqiqatçı Gülxani Pənah və Tural Məzahiroğlunun publisistik kitabı; Şəmil Sadiq, Salidə Şərifovanın yazıları Çingiz Abdullayevin yaradıcılığına və detektiv janrına aid məsələləri özündə ehtiva edir. Janra müraciət edənlər olsa da, barmaqla sayılan yazıların saylarının azlığı təəssüf hissi doğurmaya bilməz. Ümidvarıq ki, detektiv janrı tədqiqat mövzusu olacaqdır.
Çalışdığım elm və sənət məbədi olan Nizami Muzeyində görkəmli filoloq, Milli Məclisin deputatı, akademik Rafael Hüseynovun təşəbbüsü ilə yaradılmış Dissertasiya Şurasında muzey əməkdaşlarımızdan və muzeyimizdə müdafiə edən sayca üçüncü iddiaçı idim. Bütün bəşəriyyəti lərzəyə gətirən koronavirusun tüğyan etdiyi zaman elmi rəhbərim akademik Rafael Hüseynovun və şura üzvlərinin böyük hissəsinin onlayn qoşulmaq, iclasda hamının maska taxmaq məcburiyyətində olduğu dövr dissertasiyamın müdafiəsi tarixi kimi mühüm gün idi. Nizami Muzeyində yenicə işləməyə başladığım zaman mübaliğəsiz demək olar ki, dünya şöhrətli yazıçı Çingiz Abdullayev ilə şəxsən tanış edib, onun yaradıcılılğı haqqında mövzu götürməyi məsləhət görən professor, filologiya elmləri doktoru, kərkükşünas Qəzənfər Paşayev olmuşdu. Əsas məsləhətçim isə o zamankı şöbə müdirim, filologiya elmləri doktoru, şərqşünas Kamil Allahyarov idi. Fəxarətlə qeyd etmək istərdim – elm yolunda addımlayanların sırasında çox nadir hallardan biri odur ki, haqqında dissertasiya yazılan ədib özü həm müzakirə, həm də müdafiədə iştirak edir. Gözəl paytaxtımızın düz mərkəzində yerləşən, arxitektura baxımdan ən gözəl tikililərdən biri olan Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin şəkillərlə zəngin iş kabinetlərinin birində keçirilən dissertasiyanın müdafiəsinə təşrif buyuraraq, yazıçı özü, yəni Çingiz Abdullayev şəxsən iştirak etmişdi…
Hərgah soruşsalar ki, insan xislətinin təzadlı məqamlarını, görünməyən, bəzən isə hətta özünə etiraf etmək istəməyən nüanslarını; heç kimin anadan cinayətkar doğulmaması prinsipini oxuculara aşılaya bilməsini; böyük siyasi oyunların cəmiyyət üzvlərinin xarakterinə, vətəndaşların mənəviyyatına olmazın təsirinin gizli tərəflərini; amansız dünyanın cəzasız mənfurluqlarını və kitablarında digər sadalanmayan mövzuları ehtiva edən Çingiz Abdullayevin yaradıcılığı mənəvi cəhətdən nə verdi, cavabım belə olardı – bu kimi mürəkkəb, çətin durumlu, siyasi hadisələrin gərginliklərlə dalbadal unudulmaz faciələr yaşatdığı müasir dövrümüzdə onun yaratdığı əsərin sonuna çatanda, qəlbimdəki insanlıq hisslərinin aqoniyasına qalib gələrək, mərhəmətin körpəcə toxumunu cücərtdi…

Təbəssüm Muxtarova,

filologiya üzrə fəlsəfə doktoru,
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşı

“Kredo” qəzeti, 07 aprel 2026, № 12 (1306), s.5.

Müasir dövr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Çingiz müəllim, Sizin doğum gününüzü təbrik edir, can sağlığı, yeni yaradıcılıq uğurları, həmişə zirvələrdə qalmaq, ruhən dinclik arzulayıram! Ad gününüz mübarək!

Təbəssüm Muxtarovanın yazıları

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top