Weather Data Source: havadurumuuzun.com

Yel Çərşənbəsi – Təbiətin nəfəsi, baharın müjdəçisi

Yel Çərşənbəsi – Təbiətin nəfəsi, baharın müjdəçisi

Novruzun gəlişini müjdələyən dörd müqəddəs çərşənbədən biri olan Yel Çərşənbəsi xalqımızın qədim inanc və düşüncə sistemində xüsusi məna daşıyır. Su, Od və Torpaq kimi təbiətin əsas ünsürləri ilə yanaşı, Yel – külək də həyatın və varlığın davamlılığını təmin edən ilahi qüvvə kimi qəbul edilmişdir. Bu çərşənbə təbiətin oyanışının, torpağın nəfəs almasının və baharın qapımızı döyməsinin rəmzidir.
Qədim türk mifologiyasında yel yalnız fiziki bir hadisə deyil, həm də ruhani bir güc, kainatın hərəkətə gətirən nəfəsi sayılırdı. Atalarımız inanırdılar ki, Yel Çərşənbəsində əsən küləklər qışın son nəfəsini aparır, torpağın sinəsini açaraq baharın gəlişinə yol verir. Bu gün küləyin əsdiyi istiqamət belə insanlar üçün bir işarə hesab edilirdi; deyərdilər ki, yel hansı tərəfdən əsərsə, o tərəfdən ruzi və bərəkət gələr.
Folklorumuzda Yel Baba haqqında rəvayətlər də bu çərşənbənin qədim köklərini göstərir. İnanca görə, Yel Baba torpağın üzərində gəzərək ağacları oyadır, çiçəklərin tumurcuqlarına can verir, suların axarına sürət qatır. Bu səbəbdən insanlar həmin gün təbiətə hörmətlə yanaşar, ağaclara, suya və torpağa ehtiram göstərərdilər.
Yel Çərşənbəsi həm də insanın ruhuna aid bir rəmzdir. Necə ki külək durğun havanı hərəkətə gətirir, eləcə də bu çərşənbə insan qəlbinə yenilənmə və ümid gətirir. Bu gün insanların könlündəki ağırlıqların sovrulması, qəlblərin saflaşması və yeni başlanğıclar üçün ilham tapması arzu edilir.
Xalqımız əsrlər boyu Novruzun hər çərşənbəsini təmizlənmə, yenilənmə və həyatın davamlılığı kimi dəyərləndirib. Yel Çərşənbəsi də bu müqəddəs silsilənin mühüm mərhələsi olaraq təbiətin nəfəsini, kainatın hərəkətini və həyatın bitməz enerjisini simvolizə edir.
Qoy Yel Çərşənbəsinin saf və azad küləyi hər birimizin həyatından kədəri, qəm-qüssəni aparsın, yerinə sevinc, ümid və bərəkət gətirsin. Baharın nəfəsi evlərimizə xoşbəxtlik, qəlbimizə nur bəxş etsin.

Pərvanə Salmanqızı
Jurnalist, şair-publisist.

Top