Weather Data Source: havadurumuuzun.com

Dədə Ələsgərin vəfatının 100-cü ildönümü

Dədə Ələsgərin vəfatının 100-cü ildönümü

9 Mart 2026-cı il tarixində Dədə Ələsgər Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında söz və saz sənətinin böyük ustadı Dədə Ələsgərin vəfatının 100-cü ildönümü münasibətilə xatirə gecəsi keçirilib.

Tədbirin aparıcısı, şair, publisist Əkbər Qoşalı bildirib ki, tədbir Azərbaycan saz və söz mədəniyyətinin ən böyük nümayəndələrindən biri olan Aşıq Ələsgərin irsinə ehtiramın ifadəsidir. Qeyd edib ki, ustad sənətkarın yaradıcılığı xalqın mənəvi yaddaşını, dilini və dünyagörüşünü yaşadan böyük mədəni xəzinədir.

Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgərli ustad sənətkarın həyat və yaradıcılığı haqqında danışıb. O, Aşıq Ələsgərin şeirlərindən nümunələr səsləndirərək böyük ozanın saz və söz sənətində tutduğu mövqedən bəhs edib. Bildirilib ki, Aşıq Ələsgər öz yaradıcılığı ilə aşıq sənətinin ən yüksək zirvəsini fəth etmiş, sözün hikmətini və sazın qüdrətini xalqın mənəvi yaddaşında əbədi yaşadan nadir sənətkarlardan biri kimi Azərbaycan mədəniyyət tarixində silinməz iz qoyub.

Tədbirdə çıxış edən millət vəkili Hikmət Babaoğlu Aşıq Ələsgərin yaradıcılığının milli-mənəvi dəyərlərimizin formalaşmasında mühüm rol oynadığını vurğulayıb. Qeyd olunub ki, ustad sənətkarın söz dünyası Azərbaycan xalqının tarixi yaddaşını, mənəvi düşüncəsini və həyat fəlsəfəsini özündə əks etdirən böyük bir irsdir.

Konsert proqramında Azərbaycan aşıq və muğam sənətinin tanınmış nümayəndələri çıxış ediblər. Beynəlxalq müsabiqələr laureatı, Xəzər Universitetinin müəllimi Aşıq Ramin Qarayev, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Aşıq Ədalət Dəlidağlı, Azərbaycanın Əməkdar artisti Rəhilə Bəndəliyeva, eləcə də aşıqlar Aşıq Nəbi Nağıyev, Aşıq Dərya Mərdənzadə, Aşıq Məhsəti Cabbarova, Aşıq İlqar Qələmçəli və Əməkdar nədəniyyət işçisi, Aşıq Bəhmən Göyçəli Dədə Ələsgər irsinə həsr olunmuş saz havaları ifa ediblər.

Tədbirdə həmçinin dombra və kumuz ifaçısı Adnan Əmirli, müğənni Talıb Taleh, Təbrizli bəstəkar-müğənni Arif Mehmandost, xanəndələr Mehranə Vəliqızı, Rəvanə Vəliyeva və Rəşad İdrisoğlu çıxış edərək zəngin musiqi proqramı təqdim ediblər. Aşıqların ifalarını balaban ustası Ələkbər Ələkbərov müşayiət edib.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri, şair-publisist Ramiz Qusarçaylı və Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu də çıxış edərək Aşıq Ələsgərin poeziyasının və aşıq sənətinin Azərbaycan mədəniyyətində tutduğu mühüm yerdən danışıblar.

Sazın sədası və ustad sənətə ehtiram ruhunda keçən anım gecəsi tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Tədbir bir daha göstərib ki, Aşıq Ələsgərin zəngin irsi Azərbaycan xalqının mənəvi yaddaşında yaşayır və bu irs gələcək nəsillərə ötürülməkdə davam edir. Fotolar:

Anım gecəsi Azərbaycan aşıq sənətinin yaşadılması, milli mədəniyyətimizin təbliği və böyük ozanın xatirəsinin ehtiramla yad edilməsi baxımından əlamətdar hadisə kimi yadda qalıb.

7 mart Dədə Ələsgərin anım günüdür

RUHU ŞAD OLSUN!

İlkin mənbə: Dədə Ələsgər Ocağı İctimai Birliyi

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top