Səlim Babullaoğlu ilə müsahibə

Azərbaycan Yazıçılar Birliyinin katibi SƏLİM BABULLAOĞLU ilə son olaylarla bağlı söhbət
-Səlim bəy, xoş gördük.
-Xoş gördük, hər vaxtınız xeyir.
– Hərçənd o qədər də xoş gün olmadı bu gün…
– Naxçıvana dron hücumlarını nəzərdə tutursuz yəqin. Elədir, təəssüf, xoş deyil. Heç xoş deyil.-
– Yazıçı Həmid Herisçi hazırda Təbrizdə olduğu bildirilən paylaşımları ilə diqqət mərkəzinə düşüb. O, sosial şəbəkələrdə baş vermiş məlum hadisə ilə bağlı İranın məsuliyyət daşımadığını iddia edən fikirlər səsləndirməyə çalışır…Belə deyirlər. Və deyirlər ki, Həmid Herisçi Azərbaycan Yazıçılar Birliyi ilə əlaqəli şəxslərdən hesab olunur və yazıçı Anar ilə yaxınlığı ilə də tanınır.
– Əvvəla ordan başlayım ki, hər bir azərbaycanlının, o cümlədən Azərbaycan Yazıçılar Birliyinin üzvlərinin də vətənin mənafeyi, xarici təhlükə məsələsində bir mövqeyi və yekdil fikri var. Bu mövqeyi, fikri isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında səsləndirdi.
Hamımız eşitdik. Cənab Prezident dedi ki, İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir: “Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlər İran tərəfindən namərd atəşə məruz qalıb. Birinci dəfə deyil ki, İran dövləti Azərbaycana və azərbaycanlılara qarşı terror aktları həyata keçirir. Hamımız yaxşı xatırlayırıq ki, bir müddət bundan əvvəl Azərbaycanın Tehrandakı səfirliyi terror aktına məruz qaldı. Aydın məsələ idi ki, Azərbaycanı qorxutmaq, Azərbaycana qarşı çirkin əməllərini həyata keçirmək üçün bu terror aktı İranın dövlət qurumlarının ən rəhbər mərtəbələrindən sifariş edilmişdir. Bildiyiniz kimi, o vaxt Azərbaycan bu hadisəyə çox sərt reaksiya vermişdi. Dəfələrlə İran tərəfinə, xüsusilə keçən il baş vermiş toqquşmalardan sonra bildirilmişdir ki, Azərbaycan ərazisindən heç bir qonşu dövlətə qarşı istifadə olunmayacaq. Azərbaycan nə o vaxt, nə də bu dəfə İrana qarşı olan əməliyyatlarda iştirak etmir və etməyəcək…”
Cənab Prezident onu da söylədi ki, bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?! Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək. Ona görə diplomatik yollarla bütün lazımi tədbirlər görüləcək. Bizim Silahlı Qüvvələrimiz – Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib.
Yəni bundan açıq və birmənalı mövqe ola bilməz. Yeri gəlmişkən, İranın dini rəhbərinin ölümü ilə bağlı səfirliyə gedib başsağlığı verən yeganə prezident də İlham Əliyevdi, o bunu da söylədi çıxışında.
Faiq bəy, biz qonşularımızın- İranın da, Rusiyanın da, elə digərlərinin də xain, şərəfsiz əməllərini ən yaxın tariximizdən yaxşı bilirik. İki-üç gün əvvəl yenə Rusiya vətəndaşlarının təxliyyəsinə şərait yaratdıq. Hərçənd ki, Rusiyanın nə şərəfsizlik elədiyini və son illərdə baş verən bütün xain əməllərini bilirik. Ölkə başçısının davranışı, fikirləri müstəqil Azərbaycanın, azərbaycanlının yeni – cəsarətli, qorxmaz və həmçinin şəfqətli və alicənab, işıqlı siması və obrazını, fikirlərini ortaya qoyur. Bu fikirləri, biz Azərbaycan Yazıçılar Birliyi olaraq bölüşürük, təşkilat kimi ikinci bir fikrimiz yoxdur. Mən bunu sizə rəsmi deyirəm, Azərbaycan Yazıçılar Birliyinin xarici əlaqələr üzrə katibi kimi.
Qaldı Həmid Herisçi ilə bağlı dediklərinizə. O deyirsiz e, yaxınlıq-filan, bunu bilmirəm kim və niyə yazıb. Əvvəla, onu deyim ki, Həmid Herisçi ciddi ədəbiyyatçıdır, müstəqillik illəri yeni poeziyamızın görkəmli nümayəndəsidir. Şəxsən mən onu şair kimi yüksək dəyərləndirirəm. Hər şeyin adı var, yaxınlıq nədir, Həmid Herisçi Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Və yeni formalaşdırılmış Cənubi Azərbaycan Ədəbiyyatı Komissiyasının sədr müavinidir. Sədr Xalq şairimiz Sabir Rüstəmxanlıdır, Sabir müəllimin müavinidir. Bunlar ictimai əsaslı vəzifələrdir.
Birliyin sədri Anarla yaxınlıq-filan söhbəti də, fikri də avantüradır. Anar müəllim AYB-nin hər bir üzvü ilə yaxındır, yaxın olmalıdır, yalnız bu qədər.
Mən Həmid Herisçinin paylaşımlarına baxmamışam, yəqin sabah baxaram. Amma, baxsam da, baxmasam da Həmid Herisçi Azərbaycan Yazıçılar Birliyinin rəsmi mövqeyini ifadə edə bilməz və bu mənada nə birliyin sədri, nə katiblik tərəfindən, nə də Cənubi Azərbaycan Ədəbiyyatı Komissiyası tərəfindən səlahiyyətləndirilməyib.
Amma başqa Həmid Herisçi də var, jurnalist Həmid Herisçi. Əslən cənubdan olan Herisçi. Çox ola bilsin, onun hələki mənim görmədiyim paylaşımlarını ikinci Həmid Herisçi edib ki, məzmunundan asılı olmayaraq bu ümumun və təşkilatın mövqeyini ifadə etmir.
Görünür, Həmid Herisçi ilə, ola bilsin Azərbaycan Yazıçılar Birliyi ilə ədavəti olan fürsətcil adamlar nəyəsə rəng vermək istəyirlər. Amma yalan ayaq tutar, yeriməz. Azərbaycan Yazıçılar Birliyinin rəsmi mövqeyini sədr, katiblik və hazırkı məsələnin spesifikliyi nəzərə alınarsa, Güney Azərbaycan Ədəbiyyatı komissiyasının sədri ifadə edə bilər.
-Sizcə Həmid Herisçinin İrana bu kritik dönəmlərdə səfərləri hansı məqsəd daşıyır?
-Bu suala ən doğru cavabı Həmid Herisçi özü verə bilər. Eşitdiyim, bildiyim qədər Həmidin İrana son səfərləri şəxsi məqsəd daşıyır. Mən arzu edirəm ki, Həmid ağa tezliklə və sağ-salamat Bakıya qayıtsın, onda sizin sualları da özü cavablandırar.
-Səlim bəy, ümumiyyətlə İran niyə belə edir? Ümumiyyətlə, bu proseslərin sonunu necə görürsüz?
-İranın və digər qonşularımızın əməllərinin bir adı var, düşmənçilik. Müstəqil və güclü Azərbaycanı əzmək, məhv etmək, vassala cevirmək, yağmalamaq cəhdi. Bu isə şər deməkdir. Bir qayda olaraq nə insani və fərdi, nə də dövlətlərarası şərin məntiqi olmur. Amma arzuları qursaqlarında qalacaq.
Bilirsiz, xatırlayıram, 44 günlük Şanlı Zəfər savaşımız vaxtı, Şuşa azad olunan ərəfədə, bir qrup İran-fars sənətçisi, yazıçısı guya sülhməramlı bəyanat vermişdi. Mən onda onlara cavab olaraq bir mətn yazdım: “İranlı incəsənət xadimlərinin “sülh çağırışı”na düzəliş!”. Mətni məndən başqa Sayman Aruz da imzalamışdı. Mən bu mətni o İrandakı bəyanatda adıkeçən bir neçə ədibə şəxsən də göndərmişdim. Orda həmin mətndə bir sual vermişdim, Şuşa işğal olunanda biz Tehranda guya sülh danışıqlarına getmişdik İranın vasitəciliyi ilə, ermənilərlə, amma həmin saatlarda Şuşanı işğal edirdilər. İran-fars-molla rejimi budur da… Mən o bəyənatda çoxlu şeyləri xatırladırdım. Bir şeyi yaddaşımdan deyim, gərək ki, belə bir cümlə vardı: sizin fikriləriniz acı təəssüf hissi doğurdu. Çünki 28 il yarım ərzində bircə dəfə də olsun belə bir tərkibdə iranlı və fars sənət adamlarının (sülhü, ədaləti, beynəlxalq hüququ, islami dəyərləri dəstəkləyən, 1000 000 nəfər Azərbaycanlı qaçqının haqlarını müdafiə edən bəyanatını görmədik… Mətbuatda, saytlarda var, yəqin tapa bilərsiz (redaktordan: Səlim Babullaoğlunun bəyanatının linki: https://525.az/news/154948-iranli-incesenet-xadimlerinin-sulh-cagirisina-duzelis ) .
Yaxud, xatırlayıram, Fərid Hüseynlə Şəhriyar Del Geranini- iki gənc yazıçını günahsız yerə tutmuşdular.
İran budur da. Onda da mən İran rəhbərliyinə müraciət etmişdim və demişdim ki, baş verənlər sizin əlinizdə bayraq etdiyiniz islami dəyərlərlə bir araya sığmır.
Amma qaldı ki, sona, məncə elə baş verənlər dövlət kimi İranın, ən azı indiki İranın sonu deməkdir. Allah eləsin, az qanla, qurbanla başa çatsın, nə qədər eqoistik səslənsə də, xüsusən azərbaycanlılarımız üçün dərin narahatlıq hissi keçirirəm. Arzu eləmirəm ki, orda hakimiyyətə pəhləvilərdən kimsə gəlsin, o da zülm edib azərbaycanlılara. Məncə İran parçalanacaq, ilk dövrdə federativ dövlət olacaq, sonra isə parçalanacaq.
Yeri gəlmişkən, bu gün bu məsələ ilə bağlı fb hesabımda paylaşım etmişdim, sırf şəxsi fikirlərimi bölüşmüşdüm. Bu fikirdəyəm ki, insan özünü islah etməyincə, islahat apara bilməz. Və əksəriyyəti özünü islah etməyən insanların qurduğu indiki İran dövləti rejimi qalmayacaq və belə görünür ki, son aylarını, bəlkə də həftələrini yaşayır. İstənilən inanc, təlim və siyasi ideologiya ilə (bu demokratiya da ola bilər, millətçi, sosialist və ya liberalist düşüncə də, islam da, xristianlıq da, iudaizm də) istənilən manipulyasiya hansısa bir müddət inkişaf və rifah illüziyası yarada bilər, amma sonunda bəla gətirir…
Yaxın 3-4 ildə tarix baxımdan bəlkə maraqlı, amma qanlı hadisələrin şahidi olacayıq.
Səlim Babullaoğlu: – “Bu hücum xronologiyasını xeyli dərəcədə böyütmək olar…”
Söhbətləşdi: Faiq Balabəyli
Faiq Balabəylinin digər yazıları
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında


