Birlikdən Gücə, Gücdən Zəfərə Aparan Yol

Birlikdən Gücə, Gücdən Zəfərə Aparan Yol
10 yanvar 2026-cı il tarixində “Arpaçay” İdman Birliyinin geniş tərkibdə iclasının keçirilməsi yalnız təşkilati bir toplantı deyil, eyni zamanda bir yolun, bir ideyanın və birliyə söykənən böyük məqsədlərin növbəti mühüm mərhələsi kimi tarixə düşdü.
Bu iclas illərin zəhməti, əzmi və fədakarlığı üzərində formalaşan “Arpaçay” ruhunun yenidən təcəssümü idi. Burada səslənən hər fikir, edilən hər təklif və verilən hər qərar təkcə bu gün üçün deyil, gələcək nəsillər üçün də möhkəm təməl yaratmaq məqsədi daşıyırdı. İdmanın təkcə fiziki güc deyil, həm də mənəvi kamillik, vətənpərvərlik və birlik məktəbi olduğu bir daha vurğulandı.
Geniş tərkibdə keçirilən iclas bir daha göstərdi ki, “Arpaçay” İdman Birliyi yalnız idman uğurlarını hədəfləmir. Bu birlik gənclərin sağlam ruhda yetişməsi, milli dəyərlərə bağlı, intizamlı və məqsədyönlü fərdlər kimi formalaşması üçün çalışan böyük bir ailədir. Burada hər bir üzvün səsi eşidildi, hər bir fikir dəyər qazandı və ümumi məqsəd naminə vahid iradə ortaya qoyuldu.
Tarix boyu böyük nailiyyətlər məhz belə məqamların üzərində qurulub — doğru zamanda, doğru insanlar və doğru niyyətlə bir araya gəlmək. 10 yanvar 2026-cı il də məhz bu baxımdan “Arpaçay” İdman Birliyinin salnaməsində mühüm bir səhifə kimi yadda qalacaq. Bu iclas gələcəyə inamın, birliyə sədaqətin və daha böyük uğurlara doğru atılan qətiyyətli addımların rəmzi oldu.
İnanırıq ki, bu birlikdən doğan güc, sabahların yeni zəfərlərinə çevriləcək və “Arpaçay” adı idmanla yanaşı, mənəviyyat, birlik və milli ruh anlayışları ilə də daim yanaşı çəkiləcək.

Pərvanə Salmanqızı
Arpaçay İdman Birliyinin Üzvü
Jurnalist, şair-publisist.


