“Bir görəydim ayrılığı kim saldı”

TƏBRİZİM
“Bir görəydim ayrılığı kim saldı”,
Səni bizdən kim qopardı, kim aldı?
Bizə həsrət, kədər, qüssə-qəm qaldı.
Elə küskün, dərdli baxma, Təbrizim,
Sən könlümü oda yaxma, Təbrizim.
Araz ilə iki yerə böldülər,
Başımıza yaman ” corab hördülər”,
Yurddaşların həsrət, zillət gördülər.
Xudafərin yol gözləyir, Təbrizim,
Qəmli Araz hey sızlaylr, Təbrizim.
Şah İsmayıl Xətayinin eliydin,
Öz yurduydun, qılınc vuran əliydin,
Türk dilində şeir yazan diliydin,
Azərbaycan paytaxtıydın, Təbrizim,
Vətənimin öz taxtıydın, Təbrizim.
Şəhriyarın, Bəxtiyarın varıydı,
Ürəkləri Vətən ilə yarıydı,
Həsrətləri o dağların qarıydı,
Ruhları çox narahatdı, Təbrizim,
Sönük bəxtin niyə yatdı, Təbrizim?
Bəxt-taleyin nə oxşayır Şuşama,
Xarı bülbül eli, gülü qoşama,
Qədim, ulu torpağıma, daşıma,
Şuşam qədər mənə əziz Təbrizim,
Sevgisi bir ümman, dəniz Təbrizim.
Bulud kimi gözün yaşla dolmasın,
Ayrılıqdan qəlbin nisgil olmasın,
Ümidlərin saralmasın, solmasın,
Araz üstə toy qurular, Təbrizim,
Azərbaycan bütöv olar, Təbrizim.
SAVALAN
Ayrılığın göz yaşını siləydin,
Başımıza nələr gəldi, biləydin,
Yel olaydın, kaş bu taya gələydin.
Sən ki, dağlar anasısan, Savalan,
Dərdimizə yanasısan, Savalan.
“Azərbaycan dağlarının qibləsi”,
Sevgi dolu bir dəyanət zirvəsi,
Amma qəlbi tutqun, kədər türbəsi.
Məğrur-məğrur dayanmısan, Savalan,
Qüruruna boyanmısan, Savalan.
Təbrizimin gözü yaşla dolanda,
Ərdəbilin dərddən rəngi solanda,
Zəncan nisgil çəkib, köz-köz olanda,
Təsəlli ol, sən dayaq ol, Savalan,
Vətənimə çilçıraq ol, Savalan.
Ağrı dağdan Savalana meh əsir,
Qəmli Araz Kür çayına tələsir,
Tikan məftil sərhəd olub, yol kəsir.
Həsrətimiz gül açaydı, Savalan,
Qüssə-kədər nur saçaydı, Savalan.
Heydərbaba orda yaxın sirdaşın,
Şahdağı bu tayda doğma qardaşın,
Ulu, qədim, öz torpağın, öz daşın.
Düşmənə sən bir göz dağı, Savalan,
İllərdir qəlbin qəm tağı, Savalan.
Xudafərin sevinc gülü dərsəydi,
Vüsal həsrət körpüsünü döysəydi,
Turan ellər o günləri görsəydi.
Göy üzünə ucalardın, Savalan,
Tanrı dağdan güc alardın, Savalan.
İki qardaş ayrı düşüb, duzaqdı,
Qəlbimiz də buz bağlayıb, sazaqdı,
Demə yollar bağlanıbdı, uzaqdı.
Çağlayacaq dağlar selin, Savalan.
Birləşəcək Turan elin, Savalan.

Müəllif: SEVDA SƏFƏRLİ
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında


