Weather Data Source: havadurumuuzun.com

Həqiqət Şamilli – Nisgilini çox çəkmişəm

OLDU

Nisgilini çox çəkmişəm,
Gözümü yola dikmişəm,
Taleyimdən incimişəm,
Saf eşqimiz xəzan oldu.

Təmiz idi duyğularım,
Heçə döndü xəyallarım,
Öldü bütün arzularım,
Gənc ömrümüz talan oldu.

Payız günəşitək soldum,
Bulud kimi tez-tez doldum,
Sevgidə yarımçıq qaldım,
Xoş nağıllar yalan oldu.

Sevənlərə həsəd etdim,
Ümidsiz yolları getdim,
Bu sevgidən yaman bezdim,
Könlüm çox pərişan oldu.

Yazda açan çiçəklərin,
Özüm oldum bənövşəsi,
Haray çəkdi qəlbin səsi,
Səsim döndü fəryad oldu

Qəmli nəğmələri yazdım,
Sevgimizə qəbir qazdım,
Duyğular içində azdım,
Həyat mənə məzar oldu.

NƏ OLAR, ALLAHIM, MƏNİ BAĞIŞLA

Səhvlərim çox olub fani dünyada,
Günahım yuyulsun suyla, yağışla.
Gecələr Rəbbimə dua edirəm,
Nə olar, Allahım, məni bağışla.

Kiminsə könlünə bəlkə dəymişəm,
Acı sözlər deyib qəddin əymişəm,
Haqqına girərək günah etmişəm,
Nə olar, Allahım, məni bağışla.

Hərənin qəlbində bir aslan yatır,
Bəlkə niyyətləri təmizdir, safdır,
Mənimsə ürəyim günaha batır,
Nə olar, Allahım, məni bağışla.

Doğru yol hansıdır, axtarıram çox,
Bəlkə mənə doğru, kimə isə yox,
Bunu bilmək olmaz sadə baxışla,
Nə olar, Allahım, məni bağışla.

Çətin olar bəzən, günlər pis ötər,
Mən səhv eləsəm də, sən düzü göstər,
İşlərim olmasın daha da betər,
Nə olar, Allahım, məni bağışla.

Məni tanıyanlar qəlbimi bilsin,
Təmiz niyyətimi, arzumu görsün,
Yaradan könlümdən pisliyi silsin,
Nə olar, Allahım, məni bağışla.

İstərəm vicdanım çox sakit olsun,
Ömrümdə hər zaman yaxşılıq dursun,
Yaxşı əməlləri yazım naxışla,
Nə olar, Allahım, məni bağışla.

Kiminsə qəlbini salmışam qəmə,
Kiminsə gözündə yaş olub gilə,
Mən boyun əyirəm tale hökmünə,
Nə olar, Allahım, məni bağışla.

Könlüm qoy bağlansın hər gözəl işə,
Təmiz əməllərim dönsün vərdişə,
Heç vaxtı düşməyim narahat hala,
Nə olar, Allahım, məni bağışla.

Hər insan səhvini kaş görə bilsin,
Bütün əməlləri saf-çürük etsin,
Haqqın dərgahında, son imtahanda,
Nə olar, Allahım, məni bağışla.

GÖRƏSƏN

Sən uzaqda idin, mənsə havada,
Qəlbimiz bəlkə də birgə vururdu.
Bu illər uzunu görüşməsək də,
Könlüm sənlə yatıb, sənlə dururdu.

Hərdənbir sorağın azca gəlirdi,
Deyirdim görəsən məni anırmı?
Yadına salaraq ilk mıhəbbəti,
Onun da ürəyi məntək yanırmı?

Gözlərim gözünə əgər tən gəlsə,
Bilirəm bədənim od tutub yanar.
Qəlbim gəlişini qəfildən bilsə,
Sevgi atəşiylə o, alovlanar.

Ayrılığın qəlbimi çox incitdi,
Gözlərinin həsrətini çəkmişəm.
Zaman ötüb keçib , geri qayıtmaz,
Ürəyim nə çəkir, bir mən bilmişəm.

Yuxuda hərdənbir sənlə görüşək,
Demirəm yenidən sənlə birləşək.
Ötən zamanlardan biz söhbət salaq,
Nə olar arabir gəl biz dərdləşək.

Sən sevgi dənizi, mən batan qayıq,
Gündüzlər yuxulu, gecələr ayıq.
Könlümdə çırpınır lal xatirələr,
Sanki o illərin havasındayıq.

SORDUM

Gözlərim yol çəkir, hər yer qaranlıq,
Xatirən yadıma düşür bir anlıq.
Sənlə söhbət edib əhval soruşdum.
Özümü unutdum, səndən danışdım.

Sordum, yadındamı ilk görüşümüz,
Silinməz yaddaşdan o ilk günümüz
Qəlbim gözlərini heç unutmadı,
Baxışın, duruşun yaddan çıxmadı.

Üzündə təbəssüm heç görmədimki,
Qəlbin nə söyləyir, heç bilmədimki.
Sən necə, gecələr rahat yatırsan,
Mənimtək yuxunu qarışdırırsan?

Sənin də ürəyin tez-tez sıxılır,
Sənin də qəlbində bərk tufan qopur?
Bəzən nəfəs almaq çətin olurmu,
Könlündə sevgidən nəsə qalırmı?

Əzizlər, yaxınlar, doğma içində,
Səndəmi özünü tək hiss edirsən?
Sevinib, şadlanan dostlar yanında,
Qəlbin sızıldayır, çıxıb gedirsən ?

Yoxsa illər onu silib aparıb,
Sevgi əvəzinə bir nisgil qalıb.
Məndəsə başqadır, qoy deyim sənə,
Baxışın könlümə odunu salıb.

Yadına düşürmü o gözəl günlər,,
Xəyallar səni də aparır ora.
Neyləsəm də olmur, bu düşüncələr,
Göynədir qəlbimi, lap çəkir dara.

Nə olar yuxuda sənlə görüşək,
Demirəm yenidən sənlə birləşək.
O ötən zamandan biz söhbət salaq,
Nə olar arabir dur gəl, dərdləşək.

YAŞIL GÖZLÜM

Bir payız fəslində gəzdim, dolaşdım,
Yaşıl gözlərinin sehrinə daldım.
Nə qədər çırpındım, qopmaq istədim,
Mən heç bacarmadım, orada qaldım.

Pərişan gözlərim yola dikildi,
Yaşıl gözlüm sənin üçün darıxdım.
Gecə -gündüz həsrətini çəkmişəm,
Sənin yollarına kədərlə baxdım.

İlk məhəbbət unudulmur ,deyirlər,
Gözlərinin sevdasına düşmüşəm.
Məhəbbət qəlbimi yaman incitdi,
Uzun illər qəm gölündə üzmüşəm.

Ömür boyu bu sevgiylə yaşadım,
Yaşıl gözlərindən doya bilmədim.
Qəlbimin alovlu ,xəlvət küncündən,
Gözlərə sevgimi silə bilmədim.

Könlüm o gözlərin intizarında,
O gözlər yadımdan heç çıxmadı da
Yuxuda da olsa bircə dəfə də,
O gözlər gözümə heç baxmadı da.

Hələ də ürəkdə izləri qalıb,
Bilmirəm görsəydim nələr olardı.
Mən özüm özümə heç güvənmirəm,
O gözlər canımı məndən alardı.

PAYIZ ÇAĞI

Xəyalınla söhbət etdim,
Mən soruşdum əhvalını.
Könlüm yaman çırpınırdı,
Görmək üçün hər halını.

Görəsən sən xəyalında,
Mənlə söhbət edirsənmi?
Yuxularda mənim kimi,
O yerlərə gedirsənmi?

Həsrət yamanca çoxalır,
Niyə görən payız çağı.
Çoşub yenə haray salır,
Könlümdəki qəm otağı.

Çiskin olur, yağış yağır,
Üşüdür həsrətin səsi.
Hava almaq olur ağır,
Yoxdursa sevgi nəfəsi.

Ötən günlər yada düşür,
Qəlb sıxılır payız çağı.
Zaman bir də geri dönməz,
Duman olur könül bağı.

QORXURAM

Sənə olan hisslərimi, illər boyu daşımışam,
Açıq, aşkar ölməsəm də, ölü kimi yaşamışam.
Çırpınardı könlüm daim, duyğularım nalə çəkib,
Yayın isti qızmarında, qış dumanı qəlbə çöküb.

Sənin üçün darıxmışam, duyğular görmək istərdi,
Qorxu məni üstələyər, ağıl isə yox deyərdi.
Əgər görsəm məhəbbətim bəlkə yenə alovlanar,
Sevgimizin sonu yoxdur, qəlbim kül olar, yanar.

Qorxuram ki, gözlərinin atəşindən yanaram,
Ürəyim də zəif düşüb, orda donub qalaram.
Düşüncələr yorur məni, ağlım görüşmə deyir,
Duyğularımsa həsrətdən acı çəkir, inləyir.

İllərin çox sualı ürəyimdə dolaşır,
Hisslərim görmək üçün alovlanır, alışır.
Bir tərəfdə qorxu var, tez-tez öndə dayanır,
Bir tərəfdə duyğu var, həsrət canımı alır.

Hansı daha üstündür, qorxu, yoxsa duyğular?
Cavab tapa bilmirəm, məni yorur suallar.
Qorxuram dözə bilmərəm, bu ayrılığa daha,
Zaman geri dönməyəcək, ümid yoxdur sabaha.

YENİ İLDƏ

Xoş arzular, diləklər,
Bu ildə çiçək açsın.
Hər evə, hər ailəyə,
Rəbbim nurunu saçsın.

Açsın səhər günəşi,
Hər ürəkdə doğulsun.
Sevgi dolu duyğular,
Könüllərə yayılsın.

Təzə ildə hər kəsin,
Çin olsun arzuları.
Uğurla gəlsin bu il,
Doğrulsun xəyalları.

Vətən torpaqlarına,
Şəhid gəlməsin daha.
Xoşbəxt olsun övladlar,
Dua edək Allaha.

Oğul balalarımız,
Otursun bəy taxtında.
Hər kəs öz sevdiyinə,
Qismət olsun vaxtında.

Ceyrantəki qızlara,
Qismət olsun vağzalı.
Valideynlər şükr etsun,
Olsun ağzı dualı.

Nənələr nəvələrə,
Desin şirin nağıllar.
Nağıllarda tanınsın,
Cəsur, qoçaq oğullar.

Yeni il ölkəmizə,
Gətirsin bolluq ruzi.
Ürəkdən sevindirsin ,
Yaradan hər birimizi.

Hər bir kəs xeyir tapsın,
Açılsın düyünləri.
Sevinc, şadlıq içində,
Başa çatsın günləri.

Xəstəlik, azar-bezar,
Uzaq dursun evlərdən.
Qeyd edək xoş günləri,
Dəstə tutaq güllərdən.

Ocaqlarda qazanlar,
Xoş ətirlə qaynasın.
Könüllərdə duyğular,
Həvəs ilə çağlasın.

Analar körpələri,
Nəvazişlə oxşasın.
Göyərçinlər səmada,
Sevinclə qanad çalsın.

Bir də doğma yurdumuz,
Görməsin müharibə.
Toy-düyün xonçaları,
Qismət olsun hər evə.

Gəlinlərin, qızların,
Xınalansın əlləri.
Sevgi duyğusu ilə,
Şadlansın könülləri.

Yeni ildə qəm, kədər,
Könüllərdən silinsin.
İnsanların sevgisi,
Üzlərində görünsün.

Paxıllıq, xudpəsənlik,
Yox olsun birdəfəlik.
Sevgi dolsun qəlblərə,
Xoş olsun həmişəlik.

Çətinliyin, acının,
Qoy tapılsın çarəsi.
Ürəklərdə yer tutsun,
Mən xoşbəxtəm kəlməsi.

Yeni ildə hər bir kəs,
İstədiyinə çatsın.
Gecələri yataqda,
Vicdanı rahat yatsın.

Yeni ildə ay dostlar,
Kimsə qəlbə dəyməsin.
Adamlar inciməsin,
Qamətini əyməsin.

Sevinək yeni ildə,
Açılsın ürəyimiz.
Sağlam olsun canımız,
Xoş olsun hər ilimiz!

Müəllif: Həqiqət ŞAMİLLİ

HƏQİQƏT ŞAMİLLİNİN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top