Weather Data Source: havadurumuuzun.com

BU YOL HARA GEDİR

BU YOL HARA GEDİR

Qara saçlarına düşüb dən, keçir,
Bir az qəmli keçir, bir az şən keçir,
Dolanır, burulur, körpüdən keçir,
Qarşıda yoxdumu tələ, görəsən?
Bu yol hara gedir belə, görəsən…?

Ətəkdə fağırlıq, zirvədə vüqar,
Ağaclar yamacın ağzında siqar.
Dünəndən yağmağa başlayan bu qar,
Ələnir, yağırmı hələ, görəsən?
Bu yol hara gedir belə, görəsən?

Sevgi cəfasına dözən Kərəmi,
Həsrəti qəlbinə düzən Kərəmi,
Düşüb, Əslisini gəzən Kərəmi,
Keçirə bilərmi Lələ, görəsən?
Bu yol hara gedir belə, görəsən?

Qışdan istədiyi aman, belində,
Ömründən ötüşən zaman, belində,
Nə gözəl görünür duman, belində,
Çox ağır deyilmi şələ, görəsən?
Bu yol hara gedir belə, görəsən?

Gündüzü, axşamı, danı pusquda,
Hər gələn saatı, anı pusquda,
Qarşıda şaxtası, donu pusquda,
Verər Qəzənfəri ələ, görəsən?
Bu yol hara gedir belə, görəsən?

Müəllif: Qəzənfər MƏSİMOĞLU

QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top