Şəhidin Mövludu – Vətənin Ümidə Doğan Sabahı

Şəhidin Mövludu – Vətənin Ümidə Doğan Sabahı
Bu gün zamanın içində müqəddəs bir an var…
Bu gün Şəhid çavuş Qəribzadə Fəxri Elmir oğlunun mövlududur.
Bu gün həm də şəhidliyin nurla davam etdiyi, həyatın ölümə qalib gəldiyi gündür.
15 dekabr 1993-cü ildə Bərdə rayonunun Güloğlular kəndində dünyaya göz açan Fəxri, daha körpə yaşlarından Vətən torpağının nəfəsini sinəsində daşıdı. Onun taleyinə adi bir ömür deyil, tarix yazmaq, adını şəhidlik zirvəsinə həkk etmək qismət oldu. O, böyüdükcə torpağın səsinə qulaq verdi, Vətənin çağırışını canından üstün bildi.
10 oktyabr 2020-ci il…
Ağdərə istiqamətində gedən ağır və şiddətli döyüşlərdə Fəxri Elmir oğlu Qəribzadə qəhrəmancasına Şəhid oldu. O gün Vətən bir oğlunu göylərə ucaltdı, tarix isə bir ad qazandı — Şəhid Fəxri. Onun canı ilə qoruduğu torpaq bu gün azaddır, bayrağımız dalğalanır, şəhid qanı yerdə qalmayıb.
Bu gün isə həyat başqa bir möcüzə ilə davam edir…
Bu mövlud günü artıq təkcə Fəxrinin doğulduğu gün deyil.
Bu gün həm də onun adının, qanının, amalının yeni bir canla yaşadığı gündür. Şəhidlər ölmür — onlar övladlarının nəfəsində, Vətənin azad səmasında, xalqın yaddaşında yenidən doğulurlar.
Bu körpə böyüdükcə şəhidimizin adını şərəflə daşıyacaq. Hər addımında şəhid qanının məsuliyyətini, Vətən sevgisinin müqəddəsliyini hiss edəcək. Şəhidin məzarı onun üçün həm ziyarətgah, həm də qürur məktəbi olacaq.
Bu gün biz bir daha anlayırıq:
Şəhidlik son deyil.
Şəhidlik başlanğıcdır.
Şəhidlik Vətənin əbədi nəfəsidir.
Ruhun şad olsun, Şəhid Fəxri.
Adın övladında, adın Vətəndə, adın tarixdə əbədidir.
Pərvanə Salmanqızı
Jurnalist, şair-publisist.


