Weather Data Source: havadurumuuzun.com

GÜLLƏDƏN QORXMAYAN QƏLƏM — SALATIN ƏSGƏROVA

GÜLLƏDƏN QORXMAYAN QƏLƏM — SALATIN ƏSGƏROVA

Tarix bəzən silah tutan əllərlə, bəzən isə qələm tutan ürəklərlə yazılır. Elə talelər var ki, həm sözün, həm də şəhidliyin zirvəsində dayanır. Salatın Əsgərova məhz belə talelərdəndir — qələmi ilə cəbhəyə gedən, həqiqəti qorumaq üçün canını fəda edən, Azərbaycan tarixinin yaddaşına qanı və sözü ilə yazılan bir qadın.
1961-ci il dekabrın 16-da Bakıda doğulan Salatın Əziz qızı Əsgərova ömrünün ən yetkin çağında, 1991-ci il yanvarın 9-da Laçından Şuşaya gedərkən Qaladərəsi kəndi yaxınlığında Ermənistan silahlı qüvvələri tərəfindən vəhşicəsinə qətlə yetirildi. O, Azərbaycanın Birinci Qarabağ müharibəsində həlak olan ilk qadın jurnalist, həqiqətin və Vətənin yolunda şəhid olan bir ziyalı idi.
Salatın Əsgərova jurnalistikanı peşə deyil, mübarizə forması kimi qəbul edirdi. Onun üçün reportaj sadəcə informasiya ötürmək deyildi — o, tarix yazırdı, xalqın ağrısını dünyaya çatdırırdı, müharibənin görünməyən üzünü sözün gücü ilə açırdı. O, bilirdi ki, susqunluq bəzən xəyanətdir. Buna görə də susmadı. Yazdı. Getdi. Gördü. Və ən ağır həqiqətləri olduğu kimi çatdırdı.
Qadın olmasına baxmayaraq deyil, qadın olduğu üçün daha cəsarətli idi Salatın. Ana həssaslığı ilə Vətənin yarasını hiss edir, bacı ürəyi ilə torpağın fəryadını duyurdu. O, təhlükədən qaçmadı. Əksinə, təhlükənin içinə girərək dünyaya hayqırdı: “Bu torpaqlarda haqq tapdanır!” Onun qələmi silahdan daha güclü idi, çünki o qələm həqiqəti yazırdı.
Salatın Əsgərovanın şəhidliyi bir qadının, bir jurnalistin, bir vətəndaşın ən uca zirvəyə yüksəlişidir. Onun ölümü təsadüf deyildi — o, hədəf idi. Çünki həqiqəti deyənlər həmişə hədəf olur. Amma Salatını öldürməklə həqiqəti susdurmaq mümkün olmadı. Əksinə, onun adı simvola çevrildi — qorxmadan yazan jurnalistin, əyilməyən qadının, Vətən yolunda canını əsirgəməyən Azərbaycan qızının simvoluna.
Bu gün Salatın Əsgərova Azərbaycan jurnalistikasının vicdanıdır. Onun adı çəkiləndə təkcə bir şəhid yox, məsuliyyət xatırlanır. Qələm sahibləri üçün bu ad bir ölçüdür — nə qədər dürüstük, nə qədər cəsarətliyik, nə qədər Vətənpərvərik?
Azərbaycan dövləti Salatın Əsgərovanın fədakarlığını Milli Qəhrəman adı ilə əbədiləşdirdi. Amma o, xalqın qəlbində çoxdan qəhrəman idi. Onun ömrü qısa oldu, amma izi dərin oldu. O iz zaman keçdikcə silinmir, əksinə, daha da aydın görünür.
Salatın Əsgərova sübut etdi ki, Vətən sevgisi cins tanımır, qorxu tanımır, geri dönüşü olmayan yoldur. O yolun adı şərəfdir, həqiqətdir, şəhidlikdir.
Ruhu şad olsun. Qələmi əbədi yaşasın. Adı Azərbaycan tarixində daim yaşayacaq.

Pərvanə Salmanqızı
Jurnalist, şair-publisist.

Top