Weather Data Source: havadurumuuzun.com

I ÜMUMİTTİFAQ TÜRKOLOJİ QURULTAYIN 100 İLLİK YUBİLEYİNƏ DƏYƏRLİ TÖHFƏ

I ÜMUMİTTİFAQ TÜRKOLOJİ QURULTAYIN 100 İLLİK YUBİLEYİNƏ DƏYƏRLİ TÖHFƏ

2026- cı ilin fevral ayında I Ümumittifaq Türkoloji Qurultayın 100 illik yubileyi bütüm türkdilli dövlətlər çərçivəsində keçirilməkdədir. I Türkoloji Qurultatyın 100 illik yubileyi münasibətilə müxtəlif əsərlər hazırlanmışdır. Belə əsərlərdən biri də Türkiyəli alim, Azərbaycanın dostu, Türk Dil Qurumunun keçmiş rəhbəri, professor Şükürü Haluk Akalının “100 Yılında 100 Soruda Birinci Türkoloji Kurultay” əsəridir. (Ankara: Erkmen Yayınçılık, 2025. –300 səh.). Əsər I Türkoloji Qurultay haqqında yazılmış ən orijinal və özünəməxsus kitab sayıla bilər. Çünki əsər 100 sual əsasında hazırlanmışdır və Türkoloji Qurultayın 100 illik yubileyinə həsr edilmiş mükəmməl bir hədiyyə, ərmağan sayıla bilər.

Buradan belə bir sual meydana çıxa bilər ki, əsərin digər bu mövzuda yazılmış kitablardan fərqi v ə özünəməxsusluğu nədir?.

Əvvəla əsər 100 sual əsasında hazırlanıb. Müəllif kitabda 100 sual qoyur. Və bu 100 sual çərçivəsində türkoloji qurultayın elə bir əlaməti, qurultayda baş vermiş elə bir hadisə, qurultayda iştirak etmiş elə bir şəxs yoxdur ki, Şükrü bəy ona toxunmasın. Nəinki toxunmaq, toxunduğu hər bir detal haqqında ətraflı şəkildə məlumat verir. Kitabda birinci sual “Türkoloji qurultayın tam adı nədir?”,  100-cü sual isə “Türkoloji qyrultayda iştirak edən nümayəndələrin aqibəti necə oldu?” suallarıdır. Düzdür, suallar içərisində indiyə qədər bizə– türkoloji aləmə bəlli olan, cavabları məlum olan suallar da çoxluq təşkil edir. Lakin müəllif bizə məlum olan sualın cavabında da gizlənmiş bəzi məqamları izah edir. Məsələn, 2-ci sual belədir: “Türkoloji nə deməkdir?”. Müəllif izah edir: Türkoloq yalnız bugünükü Türkiyə türkcəsi və ədəbiyyatı mütəxəssisi deyil. Türkoloq türklərin tarixi, dili, mədəniyyəti, ədəbiyyatı, coğrafiyası ilə məşğul olan elm adamlarıdır. Türkoloq və türk dilləri mütəxəssisi eyni zamanda Azərbaycan dili, qazax dili, yakut dili, qaqauz dili ilə və s. türk dilləriylə, onların tarix və etnoqrafiyası ilə məşğul olan alimlərdir. Və yaxud 4 cü sual: “Türkoloji qurultayın keçirilməsi fikri nə vaxt və neçə meydana çıxdı?”. Şükrü bəy bu sualın cavabını 1905-ci ildə Rusiyada keçirilmiş Rusiya Müsəlmanları Konqresi ilə əlaqələndirir. Bu qurultayı keçirmək ideyasının ilkin rüşeymləri məhz bu konfransdan doğmuşdir. Bu ideyanın ilk müəllifi isə rus türkoloqu A.N. Samoyleviç olmuşdur. A.N. Samoyleviç Bakıda dərc olunan “Maarif və mədəniyyət” jurnalında “Türkoloji qurultay lazımdır” adlı məqalə ilə çıxış edir.

Qurultayla bağlı ən kiçik bir detal belə müəllifin nəzərindən qaçmamışdır. Hətta iclasdların niyə bir salonda keçirilməsi, türk dillərində olan çıxışların stenoqrafiyasının niyə bu günümüzə gəlib çatmamağının səbəblərini müəllif ətraflı şəkildə şərh edir. Qurultayın keçirilməsi üçün məkan seçilməsindən bəhs edən alim İsmailiyyə binasının tam tarixini təqdim edir. Nəzərə alsaq ki, bu əsər bu gün ortaq türkcə olma yolunda irəliləyən Türkiyə türkcəsində yazılıb və bu əsərdən bütün türkdilli ölkələrin türkoloqları bəhrələnəcək biz, Azərbaycan alimləri Şükrü hocaya  minnətdar olmalıyıq. Çünki müəllif bu kitabda təkcə türkoloji qurultayın tarixini deyil, eyni zamanda Bakının, o dönəmin Bakısının elmi və ictimai, eyni zamanda mədəni həyatını bütün türkdilli ölkələrə çatdırır.

Kitabda mənim nəzərimi bəzi suallar cəlb etdi ki, bu sualların cavablaraı bu gün də müasir türkologiyada bir növ müəmmalı olaraq qalır.

16-cı sual: Qurultayın rəsmi bir dili varmı?”. Türk dilindəki çıxış və məruzələr niyə stenoqrafiyayay alınmamışdır?  Türk soylu xalqların dilini və ədəbiyyatını mövzu edən, Sovet Türk respublikalarının əksəriyyətinin nümayəndələrinin iştirak etdiyi Birinci Türkoloji Qurultayda çıxışların Türk dillərinin olması təbii idi. Sovetlər Birliyində nizamlanma prosesi nəticəsində rus dili də təbii olaraq işlək dilə çevrilmişdi. Lakin türk ləhcələri arasında qarşılıqlı anlaşıqlılıq nisbətinin aşağı olması, hər kəsin rus dilini bilməməsi səbəbindən Qurultayın ortaq bir ünsiyyət dili formalaşa bilməmişdi. Qeydlərdə və ümumi iclas müzakirələrində Birinci Türkoloji Qurultayda rus dilinin yeganə dil kimi nəzərdə tutulmadığı açıq şəkildə göstərilir. Alınan ilk qərara görə, yaxşı hazırlıq, nizam-intizamlı rəhbərlik və zamana diqqət edilməsi şərti ilə hər çıxışdan sonra rus dilində xülasə verilməsi şərti ilə hər bir bildirinin türk və ya rus dilində olması mümkündür. Bu tətbiq qısa iclasları izləməyi təmin edir. Lakin zaman keçdikcə çıxışların çox uzanması və eyni mövzuların təkrarlanması bu qaydanın tətbiqini çətinləşdirmişdi. Bu səbəbdən ən mühüm məruzələr üçün xülasələrin verilməsi qərara alınmışdı.

Hər kəsin müəyyən edilən türk dilində xülasə verilməsi düşünülmüşdü. Buna qarşılıq, müxtəlif türk toplumlarından gələn iştirakçılar üçün Türkiyə türkcəsi və ya Anadolu türkcəsinin seçilməsi uyğun hesab edilməmişdi. Əslində, əvvəldən yalnız Türkçə danışılmasının mümkünsüzlüyü deyil, Çıxışların anlaşıla bilməsi üçün yenidən rus dilinə müraciət edilməsi də vacib idi. Buna görə rus dilinə tərcümənin aparılması zəruri görülmüşdü.

Qurultayda müxtəlif türk dillərinin eyni anda rus dilinə tərcümə edilməsi də vacib idi. Müxtəlif türk dillərini bir-birindən fərqləndirən, lakin eyni zamanda onları bir araya gətirən rəngarəng bir mühit yaranmışdı. Rus dili bu mühitdə bir növ vasitəçi rolunu oynayaraq, iştirakçıların bir-birinə yaxınlaşmasına, onların öz xüsusiyyətlərini qorumaqla qarşılıqlı ünsiyyət qurmasına imkan verirdi.

Türk dilinin, ədəbiyyatının və tarixinin müzakirə mövzusu olduğu bir toplantıda türk dilləri ilə aparılan çıxışların qeydə alınmaması mümkün deyildi. Lakin türk dillərində aparılan çıxışlar stenoqramiyaya tam şəkildə salınmamışdı. Bunun əsas səbəbi Sovet İttifaqında yaşayan türk soylu xalqların öz dillərində apardıqları çıxışların geniş miqyasda qeydə alınmasının müəyyən çətinliklər yaratması idi. Bu vəziyyət qeydlərin daha çox rus dilində aparılmasını zəruri etmişdi.

Rusca xülasə istənilməsinə baxmayaraq, türkcə aparılan çıxışların rusca xülasələrinin verilməsi sonrakı mərhələlərdə də tətbiq edilmişdir. Məsələn, F.Ağazadənin türkcə çıxışının xülasəsi daha sonra rus dilində təqdim edilmişdir. Bəzi çıxışçılar üçün rusca xülasə tərtib edilmiş, bəzilərinin isə çıxışları birbaşa rus dilinə tərcümə olunaraq stenoqrafiyaya  salınmışdır.

Bu məsələnin əsas səbəbi katiblərin və stenoqrafların türk ləhcələrinin hamısına tam şəkildə bələd olmamaları idi. Türk dünyasının müxtəlif bölgələrindən gələn iştirakçıların danışdıqları dillər və ləhcələr arasındakı anlaşıqlılıq səviyyəsinin aşağı olması da bu vəziyyəti daha da mürəkkəbləşdirirdi.

21- ci sual belədir: “Ənvər paşa birici türkoloji qurultaya gəldimi?”.

Şükrü bəy birmənalı şəkildə bidirir ki, xeyir. Çünki Əvnər paşa 4 avqust 1922-ci ildə Düşənbə yaxınlığında Qurban bayramı ərəfəsində əsgərləri ilə bayramlaşarkən rusların hücumuna məruz qalmış və şəhid olmuşdur. O zaman niyə düşünülür ki, Ənvər paşa qurultayda iştirak edib? Bu suala Şükrü bəy aydınlıq gətirir. Ənvər Paşa 1920-ci ildə sentyabrın 1 -də I Şərq Xalqları Qurultayında iştirak etmişdir. Opera tetrında keçirilmiş bu qurultayda Ənvər Paşanın şəkli də var.

39-cu sual belədir: “Qurultayda türklərin rəsm sənətindən danışılbmı?”. Əslində bu da mübahisəli məsələlərdəndir. Çünki 1 Türkoloji Qurultayda yalnız əlifba, orfoqrafiya, etnoqrafiya məsələlərinin yer aldığından bəhs olunur. Lakin Şükrü bəyin tədqiqiatı nəticəsində bəlli olur ki, qurultayın ikinci oturumunda Aleksandr Aleksadroviç Miller türk xalqlarının rəsm sənti haqqında məruzə ilə çıxış edir.

Müəllif qurultayda məruzə söyləmiş hər bir məruzəçinin tərcümeyi -halını, türkologiyayya xidmətlərini təqdim edir və sonra qurultaydakı məruzəsində hansı məsələlərə toxunduğunu qeyd edir. Sadə xalıqn, bakılıların I Türkoloji Qurultaya münasibəti, marağı da müəllifin nəzərindən qaçmır. Dinləyici qismində zala buraxılan xalq nümayəndələrindən əlavə bugünkü Sabir bağında, İsmailiyyə binasının qarşısında xalq yığışıb səsgücləndiricilər vasitəsilə məruzələri dinləyirmişlər.

Kitab haqqında uzun – uzadı danışmaq mümkündür. Hər bir sualı, sualın cavabında işıq üzü görən həqiqətləri saatlarla təhlil etmək olar.  Sonda bir fikri bildirim ki, bu kitab sadəcə olaraq I Türkoloji Qurultaya həsr olunmuş, qurultaydakı hadisələri təsvir edən bir əsər deyil. Bu kitab türkün tarixidir. 1937 -ci ildə güllələnən türkologiyanın tarixi. Eyni zamanda türkologiyada Bakının tutduğu mövqeyinin göstəricisidir. XX əsrin 1-ci yarısında Bakıda mövcud olan elmin, mədəniyyətin, təhsilin güzgüsüdür.

100 il bundan öncə doğma paytaxtımız Bakıda baş tutan bu möhtəşəm tədbiri bu qədər dəqiqliklə araşdırıb, belə gözəl əsər ərsəyə gətirən professor Şükrü Haluk Akalına bu kitab üçün yalnız və yalnız təşəkkür borcluyuq.

Qətibə Çingiz qızı Mahmudova,

AMEA Nəsimi adına Dilçilik İnstitutunun

Türk dilləri şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top