Weather Data Source: havadurumuuzun.com

Ehtiyata buraxılan əsgər Lənkəranda şəhidlər xiyabanını ziyarət etdi

Ehtiyata buraxılan əsgər Lənkəranda şəhidlər xiyabanını ziyarət etdi

Lənkəran torpağı yenə bir qürur hekayəsinə şahidlik etdi. Bu dəfə söhbət təkcə bir gəncin hərbi xidmətini uğurla başa vurmasından deyil, Vətənə sədaqətin, ailə tərbiyəsinin və ictimai məsuliyyətin vəhdətindən gedir. Lənkəranlı ictimai fəal, III dəfə respublika mahnı müsabiqəsinin qalibi, Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Allahverən Pərvizoğlu xidmətini layiqincə başa vuraraq ehtiyata buraxıldı və doğma Lənkərana qayıtdı.

Hərbi xidmət gəncin həyat yolunda sadəcə bir mərhələ deyil, onun xarakterini möhkəmləndirən, məsuliyyət hissini dərinləşdirən, Vətən anlayışını daha da müqəddəsləşdirən bir məktəbdir. Allahverən Pərvizoğlu da bu məktəbdən alnı açıq, üzüağ çıxan gənclərimizdəndir. O, silahı ilə torpağı qoruyan, nizam-intizamı ilə ordunun gücünə güc qatan, mənəvi duruşu ilə Azərbaycan gəncliyinin simasını təcəssüm etdirən bir hərbi qulluqçu kimi xidmətini başa vurdu.Doğma şəhərinə qayıdan Allahverən ilk olaraq Şəhidlər xiyabanını ziyarət etdi. Bu ziyarət bir rituallıqdan daha artıq idi bu, borcun, ehtiramın və sədaqətin səssiz etirafı idi. Torpaqlarımız uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu qarşısında baş əyən gənc, Vətənin əmanət olduğunu bir daha təsdiqlədi. Onların xatirəsi qarşısında göstərilən bu ehtiram, əslində, gələcək nəsillərə ünvanlanan mənəvi bir mesajdır: Vətən sevgisi unudulmur, müqəddəs tutulur.Ailə ocağında isə sevincin ayrı bir rəngi vardı. Anası Samirə xanım və əzizləri qürurla qucaqlayaraq onunla fəxr etdilər. Düzdü atası Pərviz Hüseynova bu gün qismət olmasada amma onun ruhu şaddır. Bu sevinc təkcə valideyn sevinci deyil, həm də düzgün tərbiyənin, sağlam dəyərlərin bəhrəsi idi. Çünki Vətənə layiqli xidmət edən gənc, ilk növbədə ailəsində Vətən sevgisi ilə böyüyür.Allahverən Pərvizoğlu təkcə hərbçi kimi deyil, mədəniyyət sahəsində qazandığı uğurlarla da tanınır. Onun respublika miqyasında mahnı müsabiqələrinin qalibi olması, sənətlə xidmətin bir-birini tamamladığını göstərir. Bu gün Azərbaycan gənci həm silah tutmağı, həm də milli-mənəvi dəyərləri yaşatmağı bacarır. Məhz belə gənclər ölkənin sabahını inamla qurur.Bu hekayə bir gəncin həyat yolundan daha artıqdır. Bu, müasir Azərbaycan gəncliyinin portretidir — Vətənə sadiq, ailəsinə bağlı, mədəniyyətinə sahib çıxan və məsuliyyət daşıyan bir portret. Allahverən Pərvizoğlu kimi gənclər var olduqca, bu torpağın sabahı güvənli, gələcəyi işıqlı olacaq.

 

Azərbaycan Jurnalistlər birliyinin üzvü
Aygün Məmmədova

Top