Weather Data Source: havadurumuuzun.com

Şamsız Zəngəzurun qədim kəndidir

Şamsız Zəngəzurun qədim kəndidir

    Şamsız (Dzorak) – Zəngəzur mahalının  qədim  tarixə  malik olan kəndlərindən biridir.
Şamsız  kəndi  Qafan – Gorus  yolunun  sağ  tərəfində  Ağbulaq,   Qurdqalaq  və  Şurnuxu  kəndlərinə  yaxın, meşənin içərisində, Daşbaşı – dağın ətəyində,   Gorus – Qafan yolu ilə Ağbulaq kəndi arasında yerləşir.

Ata yurdum olan Şamsız kəndi Zəngəzur mahalının Gorus rayonuna aid olan beş azərbaycanlı   kəndindən   biridir.   Bu  kənd  ata  –   babalarımızın    bizə   qoyub getdiyi  ən  böyük  sərvətdi.  Qədim  tarixə  və  zəngin mədəniyyətə malikdir. Bu toponim  P. Zelinskinin  tədqiq  etdiyi  qeydlərdə  vardır. Q. Qeybullayev   o adın Qızılbaş tayfasından olduğunu qeyd etmişdir.
Kənddə 1897-ci ildə 124 nəfər,  1914- cü ildə 186 nəfər, 1916 –cı ildə  911 nəfər azərbaycanlı yaşamışdır. 1918 –ci ildə kəndin  əhalisi erməni quldur dəstələrinin hücumuna  məruz  qalaraq  kəndi tərk  etməyə  məcbur  olmuşlar.  Yalnız  indiki  Ermənistanda  sovet   hökuməti   qurulandan  sonra  sağ   qalanlar   tarixi   etnik torpaqlarına dönmüşlər . Burada  1926 – cı ildə  54  nəfər,  1931- ci ildə  52 nəfər, azərbaycanlı  yaşamışdır.  1949 – cu ilin  oktyabr  ayına  qədər  kəndin  26 evdən
( bəzi evlərdə 2- 3 ailə yaşayıb) ibarət  əhalisi  kənddən  çıxarılmış,  deportasiya  olunmuşdur.   Deportasiya   olunanlar   əsasən   Yevlağın   Malbinəsi,    Salahlı kəndlərində,  Bərdənin  Cijimli   kəndində   və   Ağdamda   məskunlaşmışlar.
1941 – 1945 – ci  illərdə   Böyük   Vətən   müharibəsi   zamanı   şamsızlılarda müharibədə   iıtirak etmişdir. Onlardan 13 nəfəri müharibədən qayıtmış, 4 nəfəri isə qayıtmamışdır.
1935 – ci   ildə   kənddə   “26 komissar” adına kolxoz qurulmuş, ibtidai sinif, klub, mağaza  1949- cu ilə qədər  fəaliyyət    göstərmişdir.  Deportasiyadan   bir neçə  il  sonra  vətən  həsrəti  ilə  yaşayan  şamsızlı  ailələrdən   bəziləri   Şamsız kəndinə qayıdıb və orada yaşamışlar. Lakin   kəndin kolxozu  Ağbulaq  kəndinin kolxozu  ilə  birləşdirildi.  Ferma   isə  Şamsız  kəndində  yerləşirdi.  İbtidai  sinif yenidən açıldı və 1974 –cü ilə qədər fəaliyyətini davam etdirdi. Mağaza isə bir evin zirzəmisində yerləşmişdir. 1988-ci ilə qədər fəaliyyət göstərmişdir.
1988- ci ildə isə kəndin əhalisi yenidən erməni təcavüzünə məruz qalaraq kəndi məcburən tərk etmişlər.

Təbiətin bütün gözəlliklərini özündə əks etdirən Şamsız kəndini,  Ağbulağa gedən yol iki yerə ayırır.  El arasında yoldan yuxarıda olan hissəyə yuxarı məhlə, yoldan  aşağıda  olan  hissəyə  isə  aşağı  məhlə  deyilir.  Kənd   dağın   ətəyində, daşbaşının  altında  meşənin  içərisində  yerləşir.  Kəndin  toponimlərinə Yuxarı məhlə,  Aşağı məhlə,  Süleyman bulağı,  Ağ bulaq,  Xor-xor bulaq,  Soyuq bulaq, Ayna bulaq,  Xallava bulağı,  Qəhrəman bulağı,  Taxta körpü,  Daş körpü,  Qum dərəsi,  Sulu dərə,  Kəpəz dağı,   Daşbaşı,   Kaha,  Dəf  yalı,  Kotan yalı,  Üç ağac, Alçalıq,  Armudluq,  Almalıq,  Cilli  çəmən,  İsmayıl  çəmənliyi,   Şamolu  yurdu, Təpəsər və Biçənək daxildir.
Kənd  sakinləri  deyirdilər ki, Qaçaq Nəbi dəstəsi ilə dağın başında yerləşən kahada gizlənirmiş.
1949 – cu ilə  deportasiyaya  məruz qalan,  vətən  həsrəti  ilə dünyadan köçmüş Şahsuvar Cəfərov yazdığı bayatılarında kəndə aid toponimlərin adlarını  çəkmiş dir.
Şamsız bayatıları

 Əzizim Daşbaşına,
Çıxaydım daş qaşına,
Ordan hər yana baxıb,
Güc verib göz yaşına.

Əzizim Kəpəz qaldı,
Baxmadıq Kəpəz qaldı
O bahar köç eylədi
Yurdunda Kəpəz qaldı.

Əzizim Xor-xor bulaq,
Dəf yalı, Xor-xor bulaq,
Vətən erməniyə qaldı,
Xorulda Xor-xorbulaq.

Əzizim Ayna bulaq,
Gözündən qayna bulaq,
Elimiz köç eylədi,
Dərdimi söylə, bulaq.

Əzizim Suludərə
Su vermə, sulu dərə
Vətən düşmənə qaldı
Qalasan quru, dərə.

Əzizim  Cərgədaşı
Tarixdir Cərgədaşı
Biz köçdük, sən qalırsan
Cərgələn , Cərgədaşı.

Əzizim Kotanyalı
Böyük yer, Kotan yalı
El köçdü, oba köçdü
Hər yanın qaldı xalı.

Əzizim Təpəsərdən
Yel əsdi mənə sərdən,
Mikoyan hiylə qurdu
Milləti etdi sərgən.

Əzizim Qanlı gədik
Qədimdən Qanlı gədik
Erməni qan axıtdı,
Sən qaldın qanlı, gədik.

Əzizim ay Niyadar,
Hökumət Verdi qərar
Elimiz köç eylədi
Yurdu qaldı tarimar.

Əziziyəm boy otu
Kəklikotu, boyotu
Çayına mən həsrətəm
Söyləyirəm bayatı.

Əzizim Qalaboynu,
Çay zəmi, Qala boynu,
Rusun fitvası ilə
Erməni qurdu oynu.

Əzizim ay bənövşə
Lalə, nərgiz, bənövşə
Biz köçdük, siz qaldınız
Bəzək vurun dağ döşə

Doyunca gəzim, meşə.
Əzizim uzun meşə
Bu dərdə dözüm meşə
Arzum budur səndə bir
Doyunca gəzim, meşə.

Əzizim zirə qaldı
Qantəpər, zirə qaldı
Şamsıza qayıtmağım
Qiyamət günə qaldı.

Əzizim div damları,
Daşdandır div damları
Şamsız xaraba qalıb
Yox imiş adamları.

Şamsız haqqında Təvəkkül Goruslu “Şamsız”,  kənd sakini Zərifə Əliyeva “Kəndimiz” adlı şeirlər, Qiyas Quliyev “Şamsızdan gələn köç” adlı əsər yazmışdır.
I Qarabağ  döyüşləri  zamanı  Şamsızda  anadan  olmuş  Quliyev  Seymur Misir oğlu 02. 09. 1992 – ci ildə  Sırxavənd kəndi uğrunda gedən döyüşlərdə qəhrəman
casına şəhid olmuşdur. Şamsız kəndində anadan olmuş orada böyümüş  1949 -cu ildə   deportasiya  olunan  1934 – cü  il  təvəllüdlü   mülki  şəxs   Əliyeva   Sürəyya Bayram qızı  Xocalı faciəsi zamanı şəhid olmuşdur.  Əslən Şamsız kəndindən olan daha  3  nəfər Qarabağ döyüşlərində şəhid olub, 6 nəfər isə müharibə Onlar döyüşlərdə iştirak edərək medallarla təltif edilmişdir.
Görkəmli alim, tex.e.d. professor Xansuvar Fərzəli oğlu Cəfərov, (Azərbaycan Milli Ensiklopediyasında adı var), Sosialist Əməyi Qəhrəmanı  Tamara Bəbir qızı Heydərova ( Azərbaycan Sovet Ensiklopediyasında adı var), Beynəlxalq dərəcəli hakim, Boks üzrə SSRİ idman ustası  Məmməd Fətəli oğlu Eyvazov(ibtidai sinfi Şamsızda, 8-ci sinfə qədər isə Ağbulaq kəndində oxuyub. Azərbaycan Milli Ensiklopediyasında adı var),  Şamsız kənd sakinləridir. Əslən Şamsızdan olan bir çox tanınmış şəxsiyyətlərdən biri də Filologiya elmləri doktoru, professor Zahid Xəlildir.
Şamsız kəndində 1988 –ci  ildə əhali kəndi tərk etməyə məcbur olmuşlar. Ermənilər Ağbulaq kəndindən olan Əsgərov Bərxudarı da qətlə yetirmişdilər.
Hələ 1944- cü ildə  Şamsiz kəndinin kolxoz sədri Sona Məmmədova (quçağında körpə uşağı), sovet sədri Adıgözəlov Usub və kəndin ibtidai sinif müəllimi İsa Quliyev  rayon mərkəzindən qayıdarkən taxta körpüdə erməni əsilli qaçaq Levon onların  qarşısını  kəsmiş  və  atəş  açmışdır.  Bu zaman  Sona Məmmədova atdan yıxılmış başından xəsarət almışdır. Qızı Zərqələm isə heç bir xəsarət almamışdır. Zərqələm hal –hazırda Yevlax şəhərində yaşayır.
Kənd ta qədimdən ermənilərin təcavüzünə  dəfələrlə məruz qalmışdır.
Qəbrista lıq  Gorus –Qafan yolundan kəndə tərəf döndükdən sonradaş körpüdən kənd  istiqamətində,  yolun  sağ tərəfində  150 – 200 m məsafədə dağın döşündə yerləşir. Qəbristanlıqda yeni məzarlarla yanaşı köhnə məzar da əhali tərəfindən qorunub   saxlanırdı.  Əhali   kəndi    tərk  etdikdən   sonra   məzarlar  ermənilər tərəfindən    dağıdılmışdır.  Hal – hazırda  peyk  vasitəsilə   baxdıqda  evlərin   də ermənilər tərəfindən dağıdıldığı aydın görünür. Kənddə yerləşən ferma binasının (kolxoz  birləşsə  də  ferma  Şamsız kəndində idi)   dağıdılmaması  aydın görünür. Fermanın   qarşısında   maşınların  olması  onu  göstərir  ki,  ermənilər  fermadan istifadə edirlər.
Vətən   həsrətilə   yaşayan  şamsızlılar  ümid   edirlər   ki,   tezliklə   dədə – baba torpaqlarına qayıdacaqlar. O günü səbirsizliklə gözləyirlər.


Müəllif: İnarə Şahsuvar qızı Musayeva
Qərbi Azərbaycan Gorus rayon  icmasının üzvü

Şamsız Zəngəzurun qədim kəndidir PDF

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top