Weather Data Source: havadurumuuzun.com

YOLUN SONUNDA GÜNƏŞ VAR

YOLUN SONUNDA GÜNƏŞ VAR

Yolun sonunda Günəş var;
uca dağların başında,
pambıq buludlar qoynunda.
Rəngi əməlindən aslı;
parlaq olur, solğun olur…

Əgər, yol alsan payızda,
ilk salam, yarpaq səsidir;
şütüyüb keçər yanından,
ya da qalar ayaq altda.

Bu yolun daş yaddaşında
payızın barmaq izləri,
neçə ananın gözləri,
neçə min ilin sözü var.

Səni görən kimi külək,
qamışların dili ilə
haray salar, xəbər yayar,
hamı bilər;
sən gəlirsən…

Günəş dayanıb yerində,
üfüqün lap kənarında,
səni gözlər.
Kölgə susar, səni görməz.
İşıq görər, işıq gülər…

Sən davam et!
Heç aldırma;
vızıltıya,
sızıltıya,
uğultuya.

Sən davam etdikcə ayağın altda
vaxt xırdalanır,
yarpaqlar keçmişi
yumşaq səslə bağışlayır.
Hər addımda
sən daha az qorxursan,
daha çox yola çevrilirsən.

Bu yol
qaçış deyil,
qayıdış da yox!
Bu yol özünə doğru
sakit bir irəliləyişdir.
Sükut danışır,
sözlər kölgə salmır.

Qamışlar baş əyir:
— Keç,
amma iz qoymadan yox,
ürək qoyaraq keç.

Günəş doğur,
yalnız səmanın deyil,
sənin də yolunun üstünə.
Və sən anlayırsan:
işıq haradan gəldiyini soruşmur,
hara getdiyini də.

Yolumuza Günəş doğsun!
Yolumuza davam edək!
Biz getməsək, adi yoldu,
biz gedəndə dünya olur…

04.01.2026. Bakı .

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir.

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top