Weather Data Source: havadurumuuzun.com

ADİL CƏFAKEŞİN ƏDƏBİ PORTRETİ

SÖZÜN TALEYİNİ DAŞIYAN ŞAİR — ADİL CƏFAKEŞİN ƏDƏBİ PORTRETİ

Hər sözün xüsusi bir ölçüsü var,
Ölçüsüz söylənən söz qulaq yırtar.
Bir söz ki, qaşlara düyün vuracaq,
Gözəl söz olsa da, söyləmə, burax!
Nizami Gəncəvi.

Söz hər kəs üçün danışıq vasitəsi ola bilər, amma şair üçün söz — tale məsuliyyətidir. Hər kəs söz deyər, lakin hər deyilən söz yaşaya bilməz. Sözün ölçüsünü bilmək, onun çəkisini daşımaq isə yalnız seçilmiş qələm sahiblərinə nəsib olur. Məhz bu baxımdan çağdaş Azərbaycan poeziyasında Adil Cəfakeş imzası ilə tanınan şairimiz sözə məsuliyyətlə yanaşan, sözü taleyin yükünə çevirən şair obrazı kimi seçilir…
Lap çoxdan istəyirdim ki, sözün dəyərini bilən, sözə və sözünün məsuliyyətinə daim uca yerdən baxan ustad şairlərimizdən olan — “Sarı Aşıq” Ədəbi Məclisinin rəhbəri Adil Cəfakeşin yaradıcılığına münasibətimi qələmə alım. Zaman-zaman onun şeirlərindən seçmələr də etmişəm. Amma nədənsə bu yazı həmişə “sonra”ya qalıb.
Bəlkə də insan taleyində yazılmış qismət kimi, edəcəyimizin, deyəcəyimizin və yazacağımızın da öz zamanı, “qismət vaxtı” var. Hər şeyin bizə etdirənin məsləhəti, buyruğu və vaxtı olduğuna inanaraq, bu gecikməni taleyin İlahinin bir səssiz razılığı kimi qəbul etdim.
Adil Cəfakeş mənim üçün poeziyanı ilahi səviyyədə dərk edən, sözlə düşünən, sözlə taleyini danışan bir şair obrazıdır.
Adil Cəfakeş poeziyada “deyən” yox, “düşünən” şairlərdəndir. Onun şeirləri oxunmur — yaşanır. O, sözü bəzək kimi yox, yük kimi daşıyır.
Sosial şəbəkələrdə dostluğumda olan çoxsaylı yaradıcı insan arasında onun poeziyası bir çox dostların yaradıcılıqı kimi xüsusi çəkisi ilə seçilir. Mükayıl Müşfiqin dediyi kimi: “Şairə ilhamdan maya gərəkdi” — bu həqiqəti Adil Cəfakeşin və digər bir çox şair dostlarımın hər misrasında aydın görmək mümkündür.
Bu gün Adil Cəfakeş yaradıcılığına müraciət edəcəm deyə onun şeirlərindən danışacam. Şairin, “SƏNIN GÜNAHLARIN SU GÜNAHLARI” şeiri bütün təşbehləri özündə cəmləyən, qısa, lakin son dərəcə dolğun bədii təsvirləri ilə seçilən, güclü fəlsəfi sevgi şeiridir. Viktor Hüqonun qənaəti ilə desək: “Gözəl ifadə gözəl fikri qoruyur” — bu şeir həmin fikrin canlı təsdiqidir.

Yenə sillələyir qar sifətimi,
Yenə kaman çalır külək saçımda.
Yazır ayaqlarım altımda səkkiz,
Yorulub əlimdə əl ağacım da.

Burada bədii simvolların dəqiq və yerində seçimi şeirin emosional yükünü artırır. Qar, külək, ayaqların “səkkiz” yazması, hətta əl ağacının yorulması — hamısı daxili gərginliyin, ruhi sarsıntının göstəricisidir.
Şairin yolu yalnız fiziki məsafə deyil, ruhi əzab yoludur.

Arxamca boylanıb qımışır həsrət,
Kür taleyim havalanıb qabaqda.
Çöllərə salmısan yetim eşqimi,
Edam hökmün saxlamısan nə vaxta?

Şair arxada qalan həsrətlə vidalaşıb, qarşıda onu gözləyən qaçılmaz “Kür taleyi”nə doğru gedir. Sevgisinin edam hökmünün nə vaxta saxlanıldığını bilmədən, yetim eşqinin onu çöllərə salmasını obrazlı şəkildə ifadə edir.

Batıb boğulmuşam dərinliyində,
Sənin günahların su günahları.
Heç bir zaman yuya bilməz suyu su,
Nəynən yuyacaqsan bu günahları?

Burada sevginin yaratdığı boğulma halı, günahın yuyulmazlığı və bağışlama ilə unudulma arasındakı fərq ustalıqla təqdim olunur. “Su” həm təmizlik rəmzi, həm də batma və boğulma bənzətməsidir. Günahın özü sudursa, onu yumağa artıq vasitə qalmır. Şairin “sən”i həm günahkar, həm də sevgi obyektidir. Burada ittiham yox, sual və təslimçilik var.

Şairin digər bir şeiri, “BİR YOLÇU SƏNDƏDİ, BİR YOLÇU MƏNDƏ” şeiri struktur, ideya və fəlsəfi bütövlüyü baxımından xüsusi yer tutur.

Qanadı dibindən kəsilən eşqin,
Bir suçu səndədi, bir suçu məndə.
Ortası dolaşıq kələfdi bu suç,
Bir ucu səndədi, bir ucu məndə.

Bu şeir ortaq günah və ortaq tale manifestidir. “Bir suçu – bir suçu”, “bir ucu – bir ucu” təkrarı ilə sevginin bölünmüş məsuliyyət modeli yaradılır.

Adəmin, Həvvanın nəvəsiyik biz,
Bu yolun kiridi, həvəsiyik biz.
Minilmiş bir ömrün dəvəsiyik biz,
Bir yolçu səndədi, bir yolçu məndə.

Adəm–Həvvaya istinad günahın ilkinliyini və insanın təbiətən səhv edən varlıq olduğunu xatırladır. Sevgi burada qurban axtarmır, məsuliyyəti bölür.

Ögey bir məhəbbət doğma kimidi,
Hər söz ağzımızda loxma kimdi.
Dünyamız darısqal daxma kimidi,
Bir küncü səndədi, bir küncü məndə.

Cəfakeş, etginən meyil, özün bax,
Çöküb diz üstünə, əyil, özün bax.
Məzarımız eyni deyil, özün bax,
Bir ölçü səndədi, bir ölçü məndə.

Final isə acı, amma real poetik həqiqəti ortaya qoyur: sevgi həyatda bölünür, ölümdə isə tam birləşmir.

Şairin, YAZIQ ÜRƏYİM”-şeiri, emosional və daxili monoloq, baxımından ən səmimi şeirdir.
Burada şairin “sən” müraciəti – insanın öz ürəyidir, şair özü özünə hökm oxuyur. Çünki, insan ürəyini ən çox öz sahibi incidər. Şair doğru olsraq, ürəyi – əsir, vəzir, sədaqətli qulluqçu kimi, özünü isə, istənilən insan, “mən” – şah, amma zalım şah obrazında verir.
Həmdə bu misrada, – “Mən hər gün bir kəsə vermişəm səni” – deməklə ürəyə nə qədər zülüm etdiyin göstərir. Yəni, hissləri satmaq, ürəyi dəyərsizləşdirmək, sevginin ucuzlaşması, yolun sonu, fani dünya,
özündən bezmə – bütün bunlar yorğun müdrikliyin səsidir.

Həmişə mən sənə əzab vermişəm,
Sənsən ki, dözürsən, yazıq ürəyim.
Sinəmin ən dərin quyusunda sən,
Əsirsən, yesirsən, yazıq ürəyim.

Hərdən bəhsəbəhsə vermişəm səni,
Gah zilə, gah pəsə vermirsən səni.
Mən hər gün bir kəsə vermişəm səni,
Nə ucuz “nəzirsən”, yazıq ürəyim.

Mən səni çox uzuz satmışam, baham
Mən səni göynədən, yandıran aham.
Mən sənin rəyinlə hökm edən
şaham,
Sən ali vəzirsən, yazıq ürəyim.

Mənzil başındayam, yol çatır sona,
Dünya da, həyat da fənadlr, fəna.
Adil Cəfakeşdən ta doyub cana,
Görürəm bezirsən, yazıq ürəyim.

Bu üç şeiri birləşdirən poetik silsilə günah – məsuliyyət – bölünmüş tale, sevgi ilə cəza arasındakı gərginlik, “mən”lə “sən”in qarşıdurması yox, ortaq günahı götürülməsi üzərində qurulmuşdur.
Şair heç yerdə özünü tam haqlı çıxarmır, bu isə poeziyada ən çətin, amma ən qiymətli mövqedir.
Bu misra sevginin ucuzlaşmasını, hisslərin bazara çıxarılmasını sərt, amma dürüst şəkildə ifadə edir. Ürək əsirdir, şair isə hökm edən, lakin vicdan əzabı çəkən şahdır.
Final misralarında isə yolun sonu, fanilik və daxili yorğunluq var. Bu, üsyan deyil — qəbulun səsidir.
Adil Cəfakeş poeziyası texnikadan çox həyat təcrübəsinin məhsuludur.
Bunlar şairin yetkin poeziya düşüncəsinin, daxili məsuliyyətin və taleylə dialoqun məhsuludur.
O, özünü heç yerdə tam haqlı çıxarmır. Bu isə poeziyada ən çətin, amma ən qiymətli mövqedir.
Adil Cəfakeş sözün ölçüsünü bilən, sözün taleyini daşıyan şairlərdəndir. Onun poeziyası oxucuya cavab vermir — sual verir. Və bəlkə də həqiqi poeziyanın əsas missiyası elə budur.

P. S. Bu kiçik yazımla dəyərli ustad şairmiz Adil Cəfakeşə yaradıcılıqında uğurlar diləməklə bərabər, ona, uca Yaradandan sağlam can sağlığı, uzun ömür, sevincli günlər arzulayıram.

Müəllif: Elxas Comərd
AYB-nin, “İti Qələm” Respublika Ədəbi Birliyinin və “Ağsu Yazarları” Ədəbi Birliyinin üzvü.

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

GÜNNUR AĞAYEVANIN DİGƏR YAZILARI

PROZA.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top