Yeni Azərbaycan Partiyasının Yaranma Günü — Tarixi Dərin Məna Daşıyan Bir Gün

Yeni Azərbaycan Partiyasının Yaranma Günü — Tarixi Dərin Məna Daşıyan Bir Gün
21 noyabr Azərbaycan siyasi tarixində mühüm dönüş nöqtəsi kimi yadda qalır. Məhz bu gün xalqın taleyinə, dövlətin sabahına biganə qalmayan ziyalıların, “91-lər” kimi tarixə düşmüş vətənpərvər şəxslərin təşəbbüsü ilə Yeni Azərbaycan Partiyasının (YAP) əsası qoyuldu.
1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransı yalnız bir siyasi təşkilatın yaradılması deyildi — bu, Azərbaycan dövlətçiliyinin ağır və çətin günlərində xalqın ümid işığının yenidən alovlanması idi. Konfransda 550 nəfərlik təşəbbüs qrupunun iştirakı, xalqın dərin inamı və ümummilli lider Heydər Əliyevin sədrliyi ilə YAP-ın tarixi yolu başlandı.
Partiya 1992-ci il dekabrın 18-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alındı. Bu tarix, artıq dövlətçilik ideyalarının daha güclü şəkildə formalaşması, siyasi sabitliyin bərqərar olmasına doğru atılan mühüm addım kimi qiymətləndirilir.
Yeni Azərbaycan Partiyası sonrakı illərdə müstəqil dövlətçiliyin möhkəmləndirilməsində, iqtisadi inkişafın təmin edilməsində, beynəlxalq əlaqələrin genişləndirilməsində və Azərbaycanın dünyada nüfuzlu bir dövlətə çevrilməsində müstəsna rol oynadı. Bu gün YAP yalnız siyasi təşkilat deyil, müasir dövlətçilik şüurunun, milli həmrəyliyin və inkişaf xəttinin daşıyıcısıdır.
Bu əlamətdar gün münasibətilə Yeni Azərbaycan Partiyasının bütün üzvlərini, ölkəmizin inkişafı naminə əvəzsiz xidmət göstərən bütün vətəndaşlarımızı ürəkdən təbrik edir, dövlətçilik yolunda daim uğurlar arzulayıram.
Yaşasın müstəqil Azərbaycan!
Yaşasın dövlətimizə xidmət edənlər!
Pərvanə Salmanqızı


