Weather Data Source: havadurumuuzun.com

Bir Türk Anasının Səsi

Bir Türk Anasının Səsi

Mən bir Türk anasıyam… Mənim səsim min illərin yaddaşından gəlir. Göytürklərin daş kitabələrindən, Dədə Qorqudun dilindən, Nizaminin hikmətindən, Yunusun ilahisindən, Atatürkün və Heydər Əliyevin iradəsindən gəlir. Mənim səsim yalnız öz övladıma deyil, bütün Türk ellərinə, bütün insanlığa yönəlir.

Mən deyirəm:
— Bir olun! Çünki bölünən millət gücsüz qalar, birləşən millət isə dünyaya ədalət gətirər.
— Dost olun! Çünki dostluq əlləri birləşdirir, qəlbləri yaxınlaşdırır.
— Sevin! Çünki sevgi olmayan yerdə insanlıq da yoxdur.

Türkün tarixi boyu ən böyük gücü birlikdə olmağında idi. Birlik olanda biz imperiyalar qurduq, ədalət verdik, elm və mədəniyyət yaratdıq. Amma ayrı düşəndə zəiflədiq, parçalandıq. Tarix bizə ən böyük dərsi budur: bölünmə yox, birləşmə!

Mənim səsim, Qarabağda şəhid olan igidlərin səsi ilə birləşir. Çanaqqala səngərində son nəfəsini verən əsgərin duası ilə güclənir. Mənim səsim min illərin türk qadınının səsidir — o qadın ki, oğlunu Vətən üçün böyüdüb, qızını mərdliklə tərbiyə edib, millətinə güvən verib.

Mən çağırıram:
Türkün ocağı sönməsin, Türkün yurdu bölünməsin, Türkün sevgisi itməsin!
Birlikdə yaşayaq, dostluğu ucaldaq, sevgini böyüdək.
Unutmayaq ki, insanı yaşadan dəyər millətinə, dostuna, bəşəriyyətə faydalı olmaqdır.

Mən bir Türk anasıyam… Mənim səsim bəşərin ruhuna toxunmaq üçündür.
Qoy bu səs hər bir qəlbdə eşidilsin:
— Birlikdə güclüyük!
— Dostluqda ucalarıq!
— Sevgidə sonsuzlaşarıq!

Ana Duası

Ya Rəbbim,
Övladımın yoluna nur sal, qəlbinə mərhəmət ver, qollarına güc, alnına şərafət yaz.
Onu nahaqdan, zülmdən, fitnədən uzaq eylə.

Ya Rəbbim,
Millətimi birləşdir, ellərimi bütöv eylə, dostluğu möhkəm, sevgini əbədi elə.
Türk ocaqlarını sönməyə qoyma, yurdumun səsini kəsmə.

Ya Rəbbim,
Şəhidlərin ruhunu şad eylə, qazilərə səbr, xalqıma ümid ver.
Qəlblərə mərhəmət, könüllərə iman, qardaşlığa əmin-amanlıq bəxş eylə.

Ana duası ilə deyirəm:
Qoy birlik heç vaxt sınmasın, dostluq əbədi yaşasın, sevgi bütün bəşəriyyəti qucaqlasın.

İmza: Pərvanə Salmanqızı

Top