20 sentyabr tarixində Bakı şəhər, “Badamdar Hotel And Residences”də “1 Şəhid, 1 Hekayə, 1 Şeir” kitabının 4-cü cildinin təqdimatı keçirilib

20 sentyabr tarixində Bakı şəhər, “Badamdar Hotel And Residences”də Türkiyəli və Azərbaycanlı yazarların birgə ərsəyə gətirdikləri “1 Şəhid, 1 Hekayə, 1 Şeir” kitabının 4-cü cildinin təqdimat mərasimi keçirilib
Kitabda 62 azərbaycanlı şəhidin həyat hekayələri və onlara həsr edilmiş şeirlər qələmə alınıb. Tədbirdə Türkiyə və Azərbaycan yazarları ilə bərabər, kitabda yer alan şəhidlərin ailə üzvləri, Azərbaycan Yazarlar Birliyindən, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən və Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyindən nümayəndə heyəti, bədii incəsənət ustaları və media nümayəndələri iştirak ediblər.
Tədbirdə ilk öncə layihənin Azərbaycan üzrə koordinatorları İlhamə Müslümova və Namiq Müslümov layihə barədə iştirakçıları məlumatlandırarq bildiriblər ki, 5 il əvvəl Türkiyəli yazar Harun Yıldırım tərəfindən başladılan bu layihənin ilk 3 cildi Türkiyə şəhidlərinə, 4-cü cildi isə Azərbaycan şəhidlərinə həsr edilib. Bu ilin yanvar ayında başaldıqları layihənin ərsəyə gəlməsində layihə rəhbəri Harun Yıldırıma, Türkiyəli və Azərbaycanlı yazarlara, ələlxüsus da maddi dəstək verən Birinci Qarabağ Müharibəsi Qazisi Anar Əliyevə təşəkkürlərini bildirən koordinatorlar daha sonra qeyd ediblər ki, bu kitablar pulsuzdur və şəhidlərin ailələrinə, təhsil aldıqları orta məktəblərə, yaşadıqları rayonun, şəhərin mədəniyyət mərkəzlərinə, kitabxanalara paylanılacaq.
Sonra kitabın redaksiya heyəti üzvləri: Baba Vəziroğlu, Zemfira Məhərrəmli, İbrahim İlyaslı, Gülnarə Cəmaləddin və Mənsurə Xələfbəyli çıxış edərək, layihədə iştirak edən Türkiyəli yazarlara Azərbaycan və Türkiyə arasında ədəbi əlaqələrin inkişafındakı xidmətlərinə görə plaket təqdim ediblər.
Tədbirə qatılan Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin, Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri də çıxış edərək, bu gözəl layihənin həyata keçməsinə vəsilə olan hər kəsə təşəkkürlərini bildirərək, həm Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsi, həm də şəhidlərin xatirəsinin yaşadılması adına layhənin vacibliyini vurğulayıblar.
Rəsmi hissənin sonunda Azərbaycan Milli qəhrəmanı Şəhid General Polad Həşimovun anası Səmayə xanım da bütün şəhid ailələri adından təşəkkürünü bildirib.
Daha sonra tədbirin ədəbi-bədii hissəsi başlamış, Azərbaycan Respublikasının Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar vətənpərvər mahnılar ifa etmiş və tanınmış qiraət ustaları kitabdakı şeirlərdən səsləndirmişlər.
Tədbirin sonunda bütün iştirakçılar çay süfrəsi arxasında söhbətlərinə davam ediblər. Tədbirdən fotolar:



