Weather Data Source: havadurumuuzun.com

VƏTƏN UĞRUNDA CANINDAN KEÇƏN GƏNCİN ƏBƏDİ YAŞAYAN ADI – SAVALAN QAFAROV

VƏTƏN UĞRUNDA CANINDAN KEÇƏN GƏNCİN ƏBƏDİ YAŞAYAN ADI – SAVALAN QAFAROV

Azərbaycanın müstəqilliyi, bütövlüyü və milli qüruru uğrunda canından keçən hər bir şəhid xalqımızın yaddaşına əbədi həkk olunur. Onlar millətin şərəf salnaməsini yazan, gələcək nəsillərə yol göstərən müqəddəs işıqdırlar. O müqəddəs isimlərdən biri də gənc yaşında ölümsüzlüyə qovuşan Savalan İsfəndiyar oğlu Qafarovdur.

2003-cü ildə dünyaya göz açan Savalan, hələ uşaq yaşlarından Vətən sevgisi ilə böyüyürdü. Ana südü ilə canına hopan vətənpərvərlik duyğusu, onun həyat yolunu müəyyənləşdirən əsas amil oldu. Məktəb illərindən hər zaman çalışqanlığı, qayğıkeşliyi və cəsarəti ilə seçilən Savalan, 2020-ci ildə Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsində yerləşən 218 saylı tam orta məktəbi bitirdi. Daha sonra təhsilini Texniki Kollecdə davam etdirərək gələcək arzularının təməlini qoydu.

Lakin onun ən böyük arzusu – Vətənə xidmət idi. 2022-ci ilin iyul ayında həqiqi hərbi xidmətə yollanan Savalan, əsgərlikdə yüksək intizamı, şücaəti və vətənpərvərliyi ilə seçildi. Qısa zamanda hərbi hissənin sevilən, nümunəvi əsgərlərindən birinə çevrildi.

Azərbaycan tarixinin ən şərəfli günlərindən biri – 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror əməliyyatları zamanı Savalan Qafarov öz igidliyi ilə yaddaşlara yazıldı. O, döyüş meydanında mərdliyi, qorxmazlığı və peşəkarlığı ilə həm silahdaşlarının, həm də millətinin qürur mənbəyinə çevrildi. Lakin taleyin hökmü ilə Savalan bu döyüşlərdə şəhidlik zirvəsinə ucaldı.

Onun nurlu məzarı Binə qəsəbəsinin Şəhidlər Xiyabanında qərar tutdu. Savalanın qəhrəmanlığı, onun simasında bütün bir nəsil Azərbaycan gəncliyinin vətənə sədaqətinin simvoluna çevrildi.

Azərbaycan dövləti və xalqı qəhrəman övladının xidmətlərini yüksək qiymətləndirdi. Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Savalan Qafarov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olundu. Bu təltiflər onun igidliyinin, mərdliyinin və Vətənə sarsılmaz sevgisinin dövlət səviyyəsində təsdiqi oldu.

Savalanın həyat yolu qısa oldu, amma mənalı və şərəfli oldu. O, göstərdi ki, qəhrəmanlıq yaşla ölçülmür. Onun adı və xatirəsi yalnız ailəsinin deyil, bütün Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.

Bugünkü nəsil və gələcək nəsillər Savalan kimi igidlərin yolunu davam etdirəcək. Çünki onların ruhu bizim torpaqlarımızın, azadlığımızın, müstəqilliyimizin qorunmasında daim keşikdədir.

Savalan Qafarov – sən təkcə ailənin, qohumların və yaxınlarının deyil, bütün Azərbaycanın oğlusan. Sənin ölməz adın, şəhidlik zirvən millətin tarixində əbədi olaraq yaşayacaq.

Savalanın həyat yolu bir qığılcım kimi qısa, amma günəş kimi parlaq oldu. O, gəncliyin, mərdliyin və vətənə sədaqətin timsalına çevrildi. Hər bir ata-ananın arzusudur ki, övladı xoşbəxt, firavan, uzun ömür yaşasın. Amma Savalan ömrünü millətin xoşbəxtliyinə, torpağın azadlığına fəda etdi. Onun gənc yaşında qazandığı Şəhidlik zirvəsi bəşəriyyətin ən uca məqamıdır.

Şəhidlər heç vaxt ölmür. Onlar torpağın bağrında uyusalar da, ruhları daim xalqın üzərindədir. Savalan da bu gün Azərbaycan səmasının parlaq ulduzu kimi milyonların qəlbində yaşayır. Onun ruhu Binənin küçələrində, oxuduğu məktəbin sinif otaqlarında, bir zamanlar gülüş səslərinin eşidildiyi məkanlarda dolaşır.

Savalanın ölməzliyi onunla eyni döyüşdə iştirak edən silahdaşlarının xatirələrində, müəllimlərinin və dostlarının sözlərində, ən əsası isə xalqın yaddaşında həkk olunub. Hər kəs onun haqqında danışanda bir cümləni təkrar edir:
“O, Vətənini candan sevirdi və bu sevgi uğrunda canından keçdi.”

Şəhidimizin adı hər zaman ehtiramla anılacaq. Onun təltif edildiyi orden və medallar sadəcə bir simvol deyil – Savalanın qəhrəmanlıq dastanının dövlət tərəfindən təsdiqidir. Bu dastanı gələcək nəsillərə ötürmək bizim borcumuzdur.

Əgər bu gün Azərbaycan gəncliyi güclü, qətiyyətli və vətənpərvər böyüyürsə, bu, məhz Savalan kimi igidlərin qanı bahasına əldə olunmuş qələbələrin nəticəsidir. Onların hər damla qanı torpaqlarımızın bütövlüyünü möhürlədi.

Savalan Qafarovun adı Azərbaycanın qəhrəmanlıq salnaməsində qızıl hərflərlə yazılıb. Onun ruhu hər zaman millətinə dayaq olacaq.

Şəhidlərimizin ruhu qarşısında baş əyir, Savalanın valideynlərinə Allahdan səbr diləyirəm. Onlar belə bir igid, mərd və şərəfli oğul yetişdirdikləri üçün təkcə ailələrinə deyil, bütün millətə örnəkdirlər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların ruhu daim şad olsun.

İmza:Pərvanə Salmanqızı.

Top