Dr. Rəhim CAVADBƏYLİ yazır – MARAQLI

RUM MƏDƏNİYYƏT HÖVZƏSİ ÜÇÜN VATİKAN ƏHƏMİYYƏTLİDİRSƏ, TÜRK MƏDƏNİYYƏT HÖVZƏSİ ÜÇÜN TƏBRİZ DAHA BÖYÜK ƏHƏMİYYƏT DAŞIYIR!
Dr. Rəhim CAVADBƏYLİ (JAVADPOUR)
Doktorluq dissertasiyası olaraq işlədiyim “Xorasan/Azərbaycan Sivilizasiya Yaradıcı Mədəniyyət Hövzəsi (XV əsrə qədər)” adlı tədqiqatda daha geniş şəkildə araşdırılmış Mədəniyyət məsələsi ilə bağlı əldə olunmuş nəticələrə görə, qlobal miqyasda önə çıxarıla biləcək iki əsas sivilizasiya yaradan mədəniyyət hövzəsi mövcud olmuşdur. Bunlardan birincisi, tarixi etibarilə Sümer, Elam və digər yerli sivilizasiya ocaqlarından başlayaraq, eyni zamanda Həzrət İbrahimin atası Təbrizli Azərlə əlaqəli şəkildə başlanan İbrahimi dinlər prosesini də özündə ehtiva edən, bizim “Xorasan/Azərbaycan Mədəniyyət Hövzəsi” adlandırdığımız sivilizasiya sahəsidir.
İkincisi isə, mənşəcə Xorasan/Azərbaycan mədəniyyət hövzəsinə bağlı olduqları barədə fikirlərin üstünlük təşkil etdiyi Etrüsklərin vaxtilə Tiber və Arno çayları arasına yerləşməsi ilə bünövrəsi qoyulan (e.ə. VIII əsr) və sonradan Xorasan/Azərbaycan Mədəniyyət Hövzəsi üçün güclü bir alternativ təşkil edən “Rum Sivilizasiya Yaradıcı Mədəniyyət Hövzəsi”dir.
Qədim dünyamızda – Avrasiya məkanındakı siyasi və mədəni rəqabət və mübarizə əsasən bu iki mədəniyyət arasında inkişaf edərək davam etmişdir. Bu proses XV əsrin ortalarınadək Xorasan/Azərbaycan mədəniyyət hövzəsinin üstünlüyü ilə davam etmişdir. XV əsrin ortalarından etibarən üstünlük tədricən Rum Mədəniyyət Hövzəsinin xeyrinə dəyişməyə başlamışdır.
Türkmən köklü Osmanoğulları sülaləsinin II Mehmed dövründən etibarən İstanbulda Kayser-i Rum olaraq ilan-i vucud etməsi (1453), ardınca III İvanın Ortodoks Rumun hüquqi varisi kimi Moskvada özünü Sezar Rum elan etməsi (1473) və bunun ardınca Hindistan yarımadasına daxil olan Portuqaliya, İspaniya, Hollandiya və İngiltərə kimi Rum mədəniyyət hövzəsinin siyasi və mədəni iradəsini təmsil etmək iddiasında olan digər qüvvələrin Hindistandakı hakim türklərə qarşı xalqı qızışdırmaları və daxili müharibələri qızışdırmaları, həmçinin yenicə bir sekt (sect) kimi formalaşdırılmış Sihizmdən (1460-cı illərdən etibarən) istifadə edərək Babur türk dövlətinin hökmdarı Hümayun Şahı taxtdan salmaları (1540) ilə bu yıxıcı proses sürətlənmişdir.
Baburun oğlu Hümayun Şah Təbrizə sığınaraq türkün əsil övladları sayılan Qızılbaşların dəstəyi ilə yenidən Hindistana dönüb hökumətini bərpa etməyi bacarmışdır (1555) və bu proses 1858-ci ilə – ingilislərin rəsmi işğalına qədər davam etmişdir. Lakin mədəniyyət hövzəsinin digər bölgələrində geriləmələr, tənəzzüllər, məğlubiyyətlər bir-birini izləmişdir.
Dünya türklüyünün elmi, ədəbi, siyasi və mədəni mərkəzi hesab olunan Təbrizə sığınan və sonradan Təbrizin lazımi dəstəyi ilə geri dönüb öz hakimiyyətini yenidən dirçəldən yalnız Babur hökmdarının oğlu Hümayun Şah deyildi. Bu dövrün ümumi qaydası belə idi: Təbriz dünya türklüyünün “Ümmü’l-Qura (أمّ القرى)”, yəni Şəhərlərin Anası kimi qəbul olunurdu. Bu prinsip və qayda Kitaydan (bugünkü Çin Xalq Respublikasının Şimal-Qərbi) Misirə, Deşt-i Qıpçaqdan Hindistan yarımadasına, Hindistandan Şərqi Afrikadakı Tanzaniyanın Zəngibar (Zənzibar) adalarına qədər uzanan Xorasan/Azərbaycan mədəniyyət hövzəsində siyasi iradə ilə bağlı bütün sahələrdə çətinliyə düşən hər kəsin, xüsusilə hər bir türkün üz tutduğu mərkəz olmuşdur.
Bunu Kaşğər, Fərqanə vadisi, Qazan, Qafqaz, bugünkü Pakistan, Qaşqay, Hələb-Şam və Anadolu türklərinin xalq ədəbiyyatında oxunan tarixi bayatılarımızda açıq şəkildə görə bilirik. Anadolu türklüyü ilə bağlı nümunə kimi Məhəmməd Fuat Köprülünün “Anadolu Türklərinin Xalq Ədəbiyyatı” əsərində topladığı bayatılara baxmaq kifayətdir.
Yeri gəlmişkən qeyd etmək yerinə düşər ki, hazırkı Rusiya Federasiyasındakı türklərin tarixi mərkəzi sayılacaq “Qazan Şəhəri”, İlhanlı hökmdarı Təbrizli Qazan xanın şərəfinə Təbrizli mühəndis və memarların inşa etdiyi və mədəniyyət hövzəsinin bölgə təmsilciliyi halinə gətirdikləri şəhər olmuşdur.
Vaxtilə Anadolu türklüyünü təmsil edərək Zağanoslara qarşı dirənən və sonadək mübarizəsini davam etdirən türkün igid övladı Çandarlı Xəlil Paşaların birbaşa istəyiylə sonradan Adilşah kimi tanınan II Muradın oğlu Yusifin Təbrizə aparılması hadisəsi də bu qaydanın bir nümunəsidir. Türklərin tələb və dəstəyi ilə Sultan II Muradın yerinə keçməsi hədəflənmişdir. Anadolu türklüyünün başlatdığı bu hərəkətin Anadoluda uğursuzluqla nəticələnməsindən sonra II Muradın oğlu Yusif Hindistana aparılaraq orada dəyərləndirilmiş və orada bölgə hakimiyyətliyi (Adilşahilər Dövləti, 1489–1686) ilə mükafatlandırılmışdır (Məhəmməd Qasım Hinduşah bin Qulam Əli əl-Əstərabadi (ö. m. 1623), Firiştə Tarixi, Gülşən-i İbrahimi əsəri).
Deşt-i Qıpçaqda Xorasan/Azərbaycan mədəniyyət hövzəsinin siyasi və mədəni iradəsini təmsil edən Qızıl Orda dövlətini aradan qaldıraraq Rum mədəniyyətinin pravoslav nümayəndəliyinə iddia edən Moskva knyazı III İvanın (Sezar Rum) türklərə qarşı başlatdığı qətliamlar nəticəsində bölgə türklüyünün iradəsi qırılmış, dövlət adamları və sərkərdələr Təbrizə sığınmağa başlamışdılar. Deşt-i Qıpçaqda, xüsusilə də bugünkü Tatarıstan ərazisində bu dirəniş və müqavimət savaşları gedişində Səfəvi dövlətinin hökmdarı Böyük Şah Abbas, Rum Mədəniyyət Hövzəsinin siyasi iradəsini təmsil etməyə çalışan İvan sülaləsinə qarşı, eyni ailədən gələn şahzadə və Qazax Ataman vasitəsilə alternativ bir qazax türk dövlətinin qurulması prosesini başlatmışdır. Bu müqavimət mərhələsi 1612-ci ildə Səfəvilərin dəstəyi və himayəsi altında Astarxan/Hacı Tərxanda Qazax Atamanı Zarutski rəhbərliyi ilə qurulması nəzərdə tutulan “Qazax Dövləti” layihəsinin Moskva dövləti tərəfindən məğlubiyyətə uğradılması, həm Ataman Zarutskinin, həm də Çarzadə İvanın yaxalanaraq edam edilməsi ilə iflasa uğramışdır.
Nəticə etibarilə Kitay bölgəsi, tarixi baxımdan regional mədəniyyət hövzəsi kimi dəyərləndirilən Çin mədəniyyət hövzəsinin siyasi iradəsinə tabe olmuşdur. Deşt-i Qıpçaq və onun ardınca Qafqaz, daha sonra isə Orta Asiya Sezar Rum adı ilə tanınan Çar Rusiyası tərəfindən işğal edilmişdir.
Xüsusilə XVIII əsrin sonlarından və XIX əsrin əvvəllərindən etibarən Qafqazda, Hindistanda və Orta Asiyada rus və ingilis işğalına qarşı başlanmış müqavimət hərəkatlarının iflasla nəticələnməsindən sonra Səlcuq, Çəngiz Xan və Əmir Teymur verasət hüququna əsaslanan İran Qacar dövlətinə zorla qəbul etdirilmiş Gülüstan 1813 (İran–Rusiya arasında Qafqazla bağlı), Türkmənçay 1828 (İran–Rusiya arasında Qafqazla bağlı), Paris 1857 (İran–İngiltərə arasında Hindistan sərhədləri ilə bağlı), Goldsmid 1871, Goldsmid 1872 (İran–İngiltərə arasında Hindistan yarımadasının sərhədləri ilə bağlı) və nəhayət 1881 Axal-Təkə müqaviləsi ilə (İran–Rusiya arasında) Orta Asiyanın tamamilə Çar Rusiyasına verilməsi qəbul edilmişdir.
Başqa sözlə desək, son 1500 ildə Xəzərlərdən Qəcərlərə qədər davam edən türk dövlətçiliyi üçün geridə qalan sadəcə bugünkü İran əraziləri olmuşdur.
İngiltərə ilə Rusiya arasında imzalanmış 1907 İranı nüfuz bölgələrinə bölən Müqavilə ilə ölkənin iqtisadiyyatı, xüsusilə də müdafiə sistemi hədəfə alınmışdır. Nəticədə dövlətin iqtisadi quruluşu çökmüşdür. 1917–1921-ci illər arasında tətbiq edilən aclıq və qıtlıq dövrü ilə ölkənin 18 milyonluq əhalisinin 8 milyonu həlak olmuşdur. Nəticə etibarilə dövlətin Milli Ordusunu təşkil edən “Qazax”, “Qara Sürən” və Polis, qismən isə Jandarma vəzifəsini yerinə yetirən “Darğalıq” kimi rəsmi dövlət qurum və təşkilatlarının ləğvi ilə ölkənin müdafiə sistemi tamamilə dağılmışdır. 1921-ci il fevralın 21-də həyata keçirilən ingilis çevrilişi ilə türk dövləti de-fakto olaraq ortadan qaldırılmış və 1925-ci ildə de-yure şəkildə türk əleyhdarı Fars Düşüncə Sisteminə əsaslanan Pəhləvi dövləti qurulmuşdur.
XIX əsrin ortalarından etibarən çökmüş sayılan Xorasan/Azərbaycan mədəniyyət hövzəsinin səyfəsi, Birinci Dünya Müharibəsi ilə rəsmən bağlanmışdır. Birinci Dünya Müharibəsindən sonra qlobal miqyasda Rum Mədəniyyət Hövzəsi əsasında modern formada yenidən quruculuğa gedildi. Tarixi baxımdan türkün ata yurdu və türkün əsas və qurucu ünsur olduğu, əhalisinin hələ də ən az yarısından çoxunu təşkil etdiyi İranda isə mövcudluq Fars Düşüncə Sistemi ilə şərtləndirildi.
Rıza Pəhləvi dövründə tətbiq olunan dövlət siyasətləri İranın etnik və dil strukturunu mərkəzi bir fars kimliyi ətrafında formalaşdırmağı hədəfləmişdir. Fərisiyə təriqətinə (Pharisees Sect) aid hikayələrin XV əsrdən etibarən Rum/Yunan mifologiyası ilə qarışdırılıb qurulmuş Pers/Persian anlayışı, Dəri/Fars dili üzərindən süni şəkildə yaradılmış, türk ziddiyyətinə əsaslanmış Fars Düşüncə Sistemi olaraq milli kimlik kimi ortaya qoyulmuşdur. Dövlət siyasəti olaraq bu sistem xüsusilə ölkənin cənub və mərkəzi bölgələrində, o cümlədən Şiraz, Kirman, İsfahan və Məşhəd kimi şəhərlərdə olduqca qorxunc vəhşətlərlə tətbiq edilmişdir.
Bu ideya sisteminin ən mühüm nəzəriyyəçisi və tətbiqçisi Bağdad Yahudisi Məhəmməd Əli Furuqi (1877–1942) olmuşdur. Fars Düşüncə Sisteminə əsaslanan Pers kimlikli müasir milli-dövlət quruluşunun daxili amil olaraq əsas memarı da məhz Furuqi olmuşdur. Furuqi həm dövlət strukturunda, həm də Fars dili vasitəsilə qurulmaq istənən milli-dövlət formalaşmasında daxili amil olaraq əsas rol oynamışdır. Bundan əlavə, 1935-ci ildə “Fars Dil Qurumu”nun ilk qurucusu da olmuşdur.
Pəhləvi dövründə dövlətin qanunvericilik, icra və məhkəmə orqanları ilə təhsil sistemində Farsçanın hökmranlığını təmin etməklə Türk dilinin istifadəsi rəsmi və faktiki olaraq sərt şəkildə qadağan edilmişdir. Tarixi baxımdan Xorasan/Azərbaycan Mədəniyyət Hövzəsinin təlim-tərbiyə sistemi üzrə İlahiyyat sahəsi ərəb dili üstünlük təşkil edirdi, Mədrəsə sistemi fars dili, məktəb sistemi isə türk dili ağırlıqlı olmuşdur. Furuqi’nin bu sahədə ilk işi məktəbləri tamamilə ləğv etmək olmuşdur.
İranda siyasi və milli kimlik olaraq məhv edilmək istənən Türk və Türklük, Ənvər Paşa, əmisi Xəlil Paşa, Cəmal Paşa və Tələt Paşa kimi şəxslərin 1908-ci il çevrilişindən sonrakı hakimiyyətləri ilə Anadoluda yenidən gündəmə gəlmişdir. Bu proses Mustafa Kəmal Paşanın 1923-cü ildə qurduğu Türkiyə Cümhuriyyəti ilə taclanmışdır. Başqa sözlə, Paşaların hakimiyyəti ilə ön plana çıxarılan və Atatürk rəhbərliyində qurulan Türkiyə Cümhuriyyətində millət-dövlət kimliyi olaraq hüquqi şəkildə təsdiq edilən Türklük, ad və forma baxımından tarixən türklərin əsli və qurucu ünsuru olduğu, Təbrizin “Ümmü’l-Qura” sayıldığı Xorasan/Azərbaycan mədəniyyət hövzəsinin modern formada siyasi iradəsini təmsil edən Ankara mərkəzli təzahür şəkliydi.
Təbriz başda olmaqla İranda bütün türk xalqı, romantik bir hisslə Türk və Türklüyü ön plana çıxardıqları üçün həm Ənvər Paşanı, həm əmisi Xəlil Paşanı, həm də Atatürkü sevirdilər. Atatürkü, Türklüyü rəsmi olaraq uzun sürə sonra Anadoluda yenidən dövlət kimliyi kimi qəbul etdirdiyi üçün, Ənvər Paşanı isə onlar üçün həqiqi bir qəhrəmanı xatırlatdığı və onun varisi hesab etdikləri üçün çox sevirdilər. Ənvər Paşa Təbrizlilər üçün Təbrizli Abdulsəmət Xanı xatırladırdı. Ona görə də çox sevilirdi.
Ənvər Paşanın Təbrizlilər üçün Təbrizli Abdulsəmət Xanı xatırlatdığı sözü mövzusunda bir neçə kəlmə də Təbrizli Abdulsəmət Xandan bəhs etmək yerinə düşər.
XIX əsrin ilk yarısında Qacarların başlıca hədəfləri Hindistanda xalq dirəniş cəbhələrinin yaradılması və digər tərəfdən arxa cəbhə sayılan Orta Asiyada Buxara Əmirliyini mərkəz alaraq, şimalda ruslara, cənubda ingilislərə qarşı Qacarların yanında duracaq, mərkəzi bir dövlətin təşkili olmuşdur. Bunun üçün təyin olunan ən önəmli şəxslərdən biri Təbrizli Abdulsəmət Xan olmuşdur. Təbrizli Abdulsəmət Xan uzun müddət Hindistanda xalq dirəniş cəbhələrinin yaradılması üçün ölümünə mübarizə aparmış, orada Britaniya ordusu tərəfindən həbs olunmuş, daha sonra xalq üsyanları nəticəsində həbsdən azad edilmişdir. Həbsdən azad edildikdən sonra mərkəzə, yəni İrana qayıtmışdır. Azərbaycan Darü’s-Səltənə’sinin valisi, Dövlət-i Aliye-i Qacarın Ordu Başkomandanı, Xaqan Fətəli Şah Qacarın vəliəhtı Abbas Mirzanın huzuruna çıxmışdır. Bu dəfə isə Təbrizli Abdulsəmət Xan, Buxara Əmirliyini əsas alacaq mərkəzi dövlət quruculuğu üçün təyin edilmişdir. Təbrizli Abdulsəmət Xan, Xaqan və Dövlətin qoruyucusu kimi xüsusi şəkildə yetişdirilmiş “Qara Sürənlər” ordusuna aid idi. Hər iki cəbhədə, yəni Hindistan və Orta Asiyadakı vəzifələrində, Qara Sürənlərə aid xüsusi ordu üzvləri ilə birlikdə, çiyin-çiyinə mübarizə aparmışdır. Nəticədə isə Orta Asiyada hamısı şəhid olmuşdur.
Qeyd etmək yerinə düşər ki, Qara Sürənlər ordusu əsasən Qaradağlılar, Qaşqaylar və Xorasanın seçmə türklərindən təşkil olunmuşdu. Rus və İngiltərə dövrü arxivlərində bu mövzu ilə bağlı kifayət qədər məlumat mövcud olsa da, müasir milli-dövlət dövründə Türk, Fars, Azərbaycan, Qazax, Qırğız, Özbək və Türkmən dillərində bu mövzunun ələ alınmasına dair tərəfimdən aparılmış ədəbiyyat araşdırmasına əsasən hələ bir iş görülməmişdir. Lakin Zəki Vəlidi Toğanın tədqiqatlarında bəzi ipucu qeydlər mövcuddur. Zəki Vəlidi Toğan, Rus və İngilis mənbələrinə istinad edərək qısa şəkildə Təbrizli Abdulsəmət Xanın şəxsiyyətinə toxunmuşdur.
Bəli! Müasir milli-dövlət dövründə, tarixən türkün ata yurdu və türkün əsli, qurucu ünsuru olduğu İranda mövcudluq Fars Düşüncə Sistemi ilə şərtləndirilmişdir.
Təbriz uqəlası, burada həlledici siyasi və ideya mərkəzi, eyni zamanda qərarverici mənbə olaraq təsmim tutmalıydı. Tarixi mərkəzi olduğu Mədəniyyət Hövzəsinin və onun əsli qurucu ünsuru olan Türklüyün əsrlər boyu ağır şəkildə bədəlini ödəyən Təbriz, harada dayanmalıydı; yeni dünya pay bölgüsündə Fərisiyə təriqəti (Pharisees Sect) tərəfindən tətbiq edilən Fars Düşüncə Sistemini qəbul etmə şərti ilə haqqına düşən, Türk və Türklüyün vəhşicəsinə məhv edilməsinə qərar verilmiş vətəni İranı seçməli, yoxsa yenicə Ankaraya transfer edilmiş kimliyinin ardınca Türkiyəni üstün tutmalıydı? Ağır bir vəziyyət idi…
Hər bir qarış torpağını əlinə alıb sıxsan, türkün qanı fışqıracaq olan İranı seçdi. Hər şeydən əvvəl payına düşəni hər nə qiymətinə olursa olsun qorumağı üstün tutdu. Ona görə də ölkədə türklərə qarşı Fars Düşüncə Sisteminin əsas memarı olan Furuqi komandası ilə mübarizə aparabilmək üçün bürokratiya və üləma içərisində ən güclü türk ziddiyyətli Fars Düşüncə Sistemini özü yaratdı və Türk kütləsini də Şiə İslamına möhkəm şəkildə bağladı. Bu proses 1979-cu ilə qədər belə davam etdi.
1979 İran İslam İnqilabı sonrası dövrdə, etnik məsələlər, xüsusilə türklərin statusu, Konstitusiya qaydaları vasitəsilə formalaşdırılmışdır. 15-ci maddə ilə dünya ve İran tarixində ilk dəfə Fars dilinin rəsmi status qazanması və Türk dili başda olmaqla digər yerli dillərin qeyri-rəsmi mövqeyə itələnməsi, Pəhləvi dövründə başlayan türklərə qarşı Fars Düşüncə Sisteminin İslam Cümhuriyyəti dövründə də Konstitusiya səviyyəsinə yüksədilərək davam etdiyini göstərir. Bu kontekstdə, Xumeyni və ətrafındakı liderlərin türkləri həm ideoloji, həm də siyasi olaraq sistem daxilində marjinalizə edərək Fars Düşüncə Sisteminə əsaslanan mərkəzi hakimiyyəti gücləndirdiyi müşahidə olunur.
Mövzumuz baxımından olduqca böyük əhəmiyyət daşıyan məsələ, İslam İnqilabı adı altında irəli sürülən “Ümmü’l-Qura” nəzəriyyəsidir. 1980-ci illərin əvvəllərində, mənşəyi Yahudi olduğu müzakirə olunan Laricani ailəsinə mənsub Məhəmməd Cavad Ardəşir Laricani tərəfindən irəli sürülən “Ümmü’l-Qura” nəzəriyyəsinin, Osmanlının tarixi kontekstdə formalaşmış və “türk ziddiyyətli Fars dilli İslam anlayışının” dövlət siyasətinə çevrilmiş bir davamı olaraq ortaya qoyulmasıdır. Bu nəzəriyyə bəzi dairələr tərəfindən yeni qurulan İran İslam Cümhuriyyətinə demək olar ki, təhmil edilmiş və rəsmi ideoloji çərçivənin əsasını təşkil etmişdir.
Başqa sözlə, İran İslam Cümhuriyyəti, Osmanlının sözügedən tarixi-siyasi missiyasını öz üzərinə götürən bir aktor vəziyyətinə gətirilmişdir. Tətbiq olunan bu dövlət siyasəti, Türkiyə daxil olmaqla İslam dünyasında hissi romantizm şəklində geniş kütlələr tərəfindən ilkin olaraq müsbət bir inkişaf kimi qarşılanmış olsa da, xalqın təhlükəsizliyi və gələcəyindən məsul dövlət orqanları tərəfindən ehtiyatla və narahatlıqla qiymətləndirilmişdir. Nəticədə, qısa müddət ərzində bu yanaşma dərin və köklü bir ayrı-seçkiliyin mənbəyinə çevrilmişdir.
İranda davam edən bu proses, Türkiyənin Dövlət uqəlası tərəfindən narahatlıqla qarşılanmış və profilaktik tədbir olaraq 12 Sentyabr 1980 hərbi çevrilişi baş vermişdir. Nəticədə Türk-İslam sintezçilərinin önü açılmış, “Türk” anlayışı İran əleyhinə “Turan” ilə, “İslam” anlayışı isə “Osmanlı” ilə eyniləşdirilmiş və bu ikili diskurs alternativ bir dövlət anlayışı kimi ön plana çıxarılmışdır.
Bu kontekstdə bir düşünək: Əgər Məhəmməd Cavad Ardəşir Laricanının türklərə qarşı Osmanlı missiyasını əsaslandıran Ümmü’l-Qura nəzəriyyəsi, İran İslam Cümhuriyyəti tərəfindən dövlət ideologiyası səviyyəsində qəbul edilməmiş və ölkənin əsli qurucu ünsuru olan Türk kimliyi rəsmən nəzərə alınmış olsaydı, 1991-ci ildə Sovetlər İttifaqının dağılmasından dərhal sonra Orta Asiya və Qafqazda meydana çıxan yeni Türk Cümhuriyyətləri ilə İranın tarixi köklərə əsaslanan geniş və dərin əlaqələr şəbəkəsi qurması an məsələsi olardı.
Lakin sözügedən nəzəriyyənin dövlət siyasətinə çevrilməsi yalnız İslam dünyasını ideoloji bir çıxılmaz vəziyyətə sürükləməklə qalmamış, həmçinin İranı da əks istiqamətə itələyərək, nəticədə ölkə üçün mədəni, siyasi və iqtisadi səviyyədə ciddi itkilərə yol açmaqla yanaşı, etno-sosial-siyasi parçalanmanın da önünü açmışdır. Digər tərəfdən, İran dövləti adına irəli sürülən “Ümmü’l-Qura” geopolitikası, Türkiyənin də Atatürk tərəfindən irəli sürülən Türklüyündən və ümumilikdə müasir Türk kimliyindən uzaqlaşaraq Osmanlıçı bir xəttə keçməsinə səbəb olmuşdur. Həqiqətən, bölgə belə bir çıxılmaz vəziyyətə məhkum edilmişdir. Hal-hazırda İran ilə Türkiyənin, Hələp-Şam da daxil olmaqla İraq və digər bölgə ölkələri üzərində yaşadıqları rəqabət və mübarizə, əsasən bu türklərə qarşı Osmanlıçı missiyanın bir məhsuludur. Nəticədə Türk və Türklük önəmini itirir. Sanki biriləri deyir ki, siyasi kimlik baxımından Atatürk Türklüyünü İrandan devraldığı kimi, İran da türk ziddiyyətli Fars dilli İslam anlayışını Osmanoğullarından devralmışdır.
İndi azlıqda olan Şiə İslamı (2 milyard müsəlmandan 10–13%-i Şiə müsəlmandır), necə ki çoxluqda olan Sünni İslam dünyası (87–90%) qarşısında yetərsiz qalır, Türkiyə də bir çox cəhətdən, xüsusilə tarixi sürəklilik/davamiyyət və kimlik baxımından yetərsiz və səthi qalır. Təbriz olmadan qurulacaq hər hansı bir müasir Türk dövləti (ümumilikdə bir Türk dövləti nəzərdə tutulur), dünya Türklüyünün bayraqdarlığı missiyasını öz üzərinə götürmək fikri və ideyası, tarixi davamlılıq baxımından olduqca səthi və yetərsiz qalır.
Dəyərli böyüklərimizdən, böyük Dövlət xadimi, keçmiş Dövlət Naziri mərhum Sadi Somuncuoğlu ilə söhbətlərimizdə bu mövzu gündəmə gəldikdə belə deyərdi: “İran pişik kimidir, haradan düşsə də dörd ayağı üstə düşər, amma Anadolu Türklüyü çox diqqətli və ehtiyatlı olmalıdır.”
Mərhum Sadi Somuncuoğlu’nun bu mövzuları da əhatə edən “Patrikhane və 551 İllik Hesab: İstanbuldakı Yeni Roma İmperiyası” əsərini bütün oxucularıma tövsiyə edirəm. Çünki bu, olduqca önəmli bir əsərdir. Tarixi davamlılıq bir millət və bir dövlət üçün həyati əhəmiyyət daşıyır.
Keçmiş Türk Ocakları sədri mərhum Ulvi Batu ilə görüşümüzdə bu mövzunu müzakirə edərkən belə demişdi: “İran öz qədim tarixinə əsaslanaraq hər zaman vəziyyətdən çıxır, amma biz Anadolu Türklüyü bu mövzuda böyük problemlər yaşaya bilərik…”
İranın qədim tarixi, əslində, türkün qədim tarixidir.
Türkiyənin Türk tarix davamiyyətsizliyi və sosyopolitik zəifliyinə dair aşağıda iki nümunə verilir:
Birincisi, Anadolu Türklüyü, Xorasan/Azərbaycan mədəniyyət hövzəsinin birbaşa bir parçası və davamı olaraq, 15-ci əsrin ortalarına qədər iyirmiyə yaxın Türk bəylikləri vasitəsilə təmsil edilmişdir. Təbrizin mərkəz nöqtə olduğu Xorasan/Azərbaycan mədəniyyət hövzəsindən ayrılmış Anadolu Türklüyünün mövcudluğu ciddi narahatlıq doğurur. Buna görə də bütövlüyümüz həyati əhəmiyyət daşıyır.
İkincisi, 15-ci əsrin ortalarından 1870-lərə, daha dəqiq desək 1908-ci ilə qədər, ən azından Türklükdən uzaqlaşmış bir Osmanlının mövcudluğudur.
Cümhuriyyət sonrası Türk kimliyini dövlət-millət kimliyi olaraq ön plana çıxaran Atatürk, bu sosyopolitik zəifliyi dərindən yaşamışdır. Türkiyə Cümhuriyyətinin Atatürk’ün vəfatından sonra dərhal Türk Tarix Tezindən imtina etməsi də bununla bağlıdır. Türk-İslam sinteziylə Osmanlıçılığa dönüşmənin yolunun açılması da bu sosyopolitik zəifliklə əlaqəlidir.
Türkiyədə Türklüyün qalası sayılan MHP və onun sədri hörmətli Dövlət Bağçalı (Devlet Bahçeli) kimi bir şəxsiyyətin Abdullah Öcalanı muxatib almasıyla başladılan yeni proses də bununla bağlıdır. Hörmətli Prezident Ərdoğan’ın “Türk, Kürd, Ərəb.” qardaşlığı, birliyi və bütövlüyü tezisi də eyni kontekstdə qiymətləndirilməlidir.
İYİ Parti, Zəfər Partiyası, Anahtar (Açar) Parti və digər milliyyətçi camiənin, hörmətli Dövlət Bağçalı’nin Öcalan və PKK-nı muxatib almasına qarşı ciddi müxalifət göstərməsi, yuxarıda qeyd olunan yetərsizliklərlə birbaşa əlaqəlidir.
Türkiyənin həqiqətən sadiq övladlarının, o cümlədən Açar Parti’nin sədri hörmətli Yavuz Ağıralioğlu’nun, hörmətli Dövlət Bağçalı’nin Öcalan və PKK-nı muxatib almasıyla başlayan yeni açılım prosesi ilə bağlı söylədiyi “Öcalan Hanki Qapının İtidir!” ifadəsi olduqca yerində deyilmiş bir söz olmuşdur. 40 il boyunca terror təşkilatına qarşı Türkiyə dövlətinin yanında və arxasında dayanan, bədəl ödəyən, PKK-ya qarşı mübarizə aparan milyonlarla kürdün gələcəyinin PKK ilə masaya yatırılması, zaman baxımından təlafisi olduqca çətin olan sosyopolitik parçalanmalara səbəb ola bilər.
Yavuz Ağıralioğlu’nun siyasi mövqeyi bu mövzuda olduqca yerində bir tutum olmuşdur və mən şəxsən bu düzgün mövqeyini yüksək qiymətləndirirəm. Kürd qardaşlarımızla bağlı mövcud problemlərin həlli, yalnız on illər boyunca Türkiyə dövlətinin yanında olan kürdlərin muxatib alınmasıyla mümkündür.
Yeri gəlmişkən qeyd edim ki, Yavuz Ağıralioğlu 2018-ci ildə İran’a iadem müzakirə mövzusu olduğu və göz altına alındığım zaman Təbrizdə ailəmi ziyarət etmək üçün heyət göndərən yeganə partiya rəhbəri olmuşdur (o dövrdə İYİ Parti İstanbul Millət vəkili idi). Bunun üçün də ayrıca təşəkkürümü bildirirəm.
Sözün qısası, Türklük baxımından tarix davamlılığı və sosyopolitik zəifliklər aradan qaldırılmadan, Türkiyənin Türk Dünyasının mərkəzi və bayraqdarı olması barədə fikirlər yalnız şüar olaraq qalır. Amma Təbriz mərkəzli bir Türk dövləti üçün Türklərin əsli və qurucu unsur olduğu Xorasan/Azərbaycan mədəniyyət hövzəsinin yenidən dirçəldilməsi, bərpa edilməsi mümkündür və olması gərəkli olan da budur.
Bugün İran’da heç bir inhitata və sosyopolitik parçalanmağa yol vermədən, insani dəyərlərin ön plana çıxarılmasıyla, ədalətli bir qayidə çərçivəsində həyata keçirilmiş haqsızlıqların aradan qaldırılması istənilsə; bunun yeganə yolu Pozitiv Ayrımçılıq / Positive Discrimination siyasətinin dövlət strategiyası olaraq qəbul edilməsindən keçir.
Unutmaq olmaz; 1925-ci ildən etibarən Türk ziddiyyətli Fars Düşüncə Sisteminə əsaslanan müasir millət-dövlət quruculuğu dövlət siyasəti kimi qəbul edilmiş, cəmiyyətdə yuxarıdan aşağıya qədər tətbiq olunmuş və “etno-geopolitik inhilal” adlandırılan zülm və təzyiqlər vasitəsilə hakim olmuşdur.
İran Türklüyünün tələbləri isə belədir: İran’da Türk və Türk kimliyinin yenidən bərpasının təmin edilməsi məqsədilə Türk dilinin rəsmi, hüquqi və məcburi dövlət dili olaraq konstitusiya səviyyəsində tanınması və siyasi iradənin Təbrizə qaytarılması ilə İran da daxil olmaqla güclü, böyük və yüksək rifah içində Türk Dövlətləri Birliyinin yaradılmasıdır. Bu da yenə yuxarıdan aşağıya doğru qanuni səviyyədə həyata keçirilməsi lazım olan dövlət iradəsini tələb edir.
Son yüz ildə qırğınlarla, qorxunc qəddarlıqlarla Farslaşdırılmış Kirman, Şiraz, İsfahan, Tehran və Məşhəd vd. türklərin yenidən Türk dilini və mədəniyyətini mənimsəməsi yalnız dövlət iradəsi ilə mümkündür. Dövlət öz məsuliyyətini üzərinə götürmədiyi təqdirdə, Təbriz (Təbriz dedikdə tarixi Azərbaycan və bitişik Türk torpaqları nəzərdə tutulur) Fars dili əsasında, Fərisiyə təriqətinə (Pharisees Sect) aid hikayələrə dayanaraq süni şəkildə yaradılmış Türk ziddiyyətli Fars Düşüncə Sistemi’ni milli kimlik kimi qəbul edəcəyini düşünmək yersizdir və açıq şəkildə mümkün deyildi.
Nəticə etibarilə, edilmiş haqsızlıqların yuxarıdan aradan qaldırılması üçün ciddi dövlət iradəsi ortaya qoyulmadığı halda, Təbriz adına (Türklük üzərindən) həyata keçiriləcək yeni geopolitik proses bölgədə yeni bir nizam ve quruculuğu qaçılmaz edəcəkdir.
Təbriz, yüz ildir həm İranı qoruyub, həm də hər şeyə – qətllərə, qırğınlara, olduqca ağır şəkildə edilən təhqir və aşağılama hallarına baxmayaraq, öz Türklüyünü qoruyub saxlayıb. Təbriz 2006-cı ildə bir milyondan artıq insanın iştiraki ilə meydanlara çıxdı; “Haray Haray Mən Türkəm / Ey Dünya Eşidin Mən Türkəm” dedi və yüzillik mədəni soyqırıma nöqtə qoydu.
İndi sıra Tehran, Məşhəd, İsfahan, Şiraz kimi mərkəzlərdəki – “Mən Tork Nistəm, Babam Tork Bud / Mən Türk deyiləm, Babam Türk idi” – deyə biləcək qədər aşağıladılmış, təhqir edilmiş, milli şəxsiyyətini itirmiş, kimliksizliyi kimlik hesab edən nəsildədir.
Təbriz yenidən şahlanacağı dövrü səbirsizliklə gözləyir; Təbriz yeni bir siyasi quruluşun mərkəzi olacaq ki, həmin mərkəz güclü, böyük və yüksək rifah içində Türk Birliyinin qapılarını açacaq. Bizim üzərimizə düşən vəzifə isə bunun fərqində olmaq, ona uyğun olaraq ağıllı, ehtiyatlı və ciddi hərəkət etmək və tarixi davamlılığı ön plana çıxaran Türk Düşüncə Sistemini rəhbər tutmaqdır. Şiraz, İsfahan, Kirman, Tehran, Məşhəd kimi mərkəzlərimiz gec-tez “Öz atasını inkâr etməklə var olmaq olmaz” prinsipini anlayacaq. Anladığı zaman, anladığı səviyyədə Təbrizi izləyəcəkdir.
Təbriz və İstanbul dünyada tarixən ən əhəmiyyətli iki mədəniyyət hövzəsinin siyasi iradəsinin təmsil edildiyi mərkəz olmuşdur. Əgər Təbriz Türklərin əsli, qurucu unsur olduğu Xorasan/Azərbaycan Mədəniyyət Hövzəsinin tarixi mərkəzidirsə, Osmanlı dövlətinin Türklərə qazandırdığı İstanbul da Rum Mədəniyyətinin formalaşmasında baş rolu oynayan Roma, Bizans, Latın və Osmanlı kimi Roma-İslam İmperiyasının mərkəzi olmuşdur. Bu iki mədəni mərkəz bölgəmiz üçün böyük əhəmiyyət daşıyır. Təbriz və İstanbulun bir mərkəzdən idarə olunacağı dövr Avrasiya üçün tamamilə yeni bir başlanğıc olar. Təbrizə Tehran mı daşınacaq, Ankara mı, yoxsa hər ikisi də…
Tehrandakı bəzi dairələr Səfəvi-Osmanlı qarşıdurmasını, savaşlarını həmişə şişirdərək xalqın gözünə soxmaq istəyirlər… onlara demək istədiyim açıq və konkret tarixi sübutlara əsaslanan bir sözüm var; Təbrizin Osmanlı ilə olan əsasən 300 illik (15–17-ci əsrlər) problemi, Osmanlının II. Mehmetdən etibarən Rum mədəniyyət hövzəsinin bayraqdarlığını öz üzərinə götürərək Türkləri hədəf alması olmuşdur. Bu isə böyük Atatürkün, təbiri caizsə, Təbrizdən devraldığı Türklüklə aradan qaldırılmışdır. Bugün Türklük üzərindən bütövləşməyi hədəfləyən yaxınlaşma bunun açıq nümunəsidir. Tam əksinə, Fərisiyə təriqətinə (Pharisees Sect) aid olan Türk ziddiyyətli Fars Düşüncə Sistemi ilə Tehran, İsfahan, Şiraz, Məşhəd kimi mərkəzlər özlərini – Təbrizdən uzaqlaşdırırlar. İndi Təbriz üçün ən böyük əhəmmiyyət daşıyan məsələ, kimin Türklüyü ön plana çıxarması və Türkün İslam anlayışını qəbul etməsi məsələsidir.
Bugün Təbrizin Kirman, İsfahan, Şiraz, Tehran və Məşhəd kimi şəhərlərdəki Türkdən gözləntisi budur: özünü inkar etməkdən vaz keçsin. 2006-cı ildə Təbrizin hayqıraraq dediyi “Haray Haray Mən Türkəm” şüarını milyonlarla İsfahanlı, Məşhədli, Tehranlı və Şirazlı Türk də eynisiylə – “Haray Haray Mən Türkəm” – deyərək milli kimliyini cani gönüldən mənimsəməsidir. Təbrizin gözləntisi budur!
Son söz olaraq, hazırki vəziyyətdə Rum Mədəniyyət Hövzəsi üçün Vatikan nə qədər önəmlidirsə, tarixi baxımdan Avrasiyanı əhatə edən, Türklərin əsli və qurucu unsur olduğu Xorasan/Azərbaycan Mədəniyyət Hövzəsi üçün Təbriz daha böyük əhəmiyyətə malikdir.


