Weather Data Source: havadurumuuzun.com

ANAMA BƏNZƏYƏN QADIN

ANAMA BƏNZƏYƏN QADIN

Məğrurluğu , eyni zamanda sadəliyi anamı xatırladır. Ötkəmdi , sözünə güvənir , dəb arxasınca düşmür, müasirliyi kökdə axtarır.
Safdı , yüklü və dərin duyğuların məngənəsində çırpınmağı var. Bu sarıdan dənizə bənzəyir. Baş vurmadığı sular qalmayıb. Göz yaşı ovcunun içindədi. Özü demiş dörd müharibə görüb , gəl kövrəlməsin. Çox ağrıdan , acıdan keçdiyi üçün adamı gendən anlayır.Oturub saatlarla dərdləşə bilirsən onunla . Hansı mövzuda desən adamla polemikaya girməyi bacarır. Düşüncələri maraqlıdı. Ədalətlidi və həmişə həqiqətin yanındadı. Dəyər verməyi gözəl bacarır . Haqqı müdafiə edəndi. Bir az da küsəyəndi.
Yazıçı , şair Şövkət Zərin Horovludan danışıram.
Sözü çox sevir . Ömrün payızında da ( qışı yaraşdırmıram hələ ) dayanmadan yazır. Bütün mövzulardan danışmağa və yazmağa sözü var. Çeşid -çeşid əsərlərin müəllifidi. Əsas odu öz cığırıyla gedir , heç kimi təkrarlamır. İxtisasca filoloqdu. Uzun müddət müəllim işləyib. Yaradıcılığa şeirlə başlayıb. Ona görə də mən əsasən bu xanımın yaradıcılığına nəzm tərəfdən baxıram. Əfqanıstan müharibəsinin də odundan keçib. “Çinar həsrəti”, “Mən Arazın qızıyam”,”Ömür darıxanda”, “Sənsiz ağlayan nəğmə” və onlarla başqa əsərləri öz oxucusunu tapıb həmişə. Əslən Qarabağlıdı. Ürəyində Vətən , torpaq nisgili daşıyan qadındı. Uzun illərin ayrılığından sonra doğma elinə , obasına qovuşmaq həsrətinə su çilənsə də ürəyində yuva salan o ağrılar hələ də Şövkət xanımladı.Gəncliyini qoyub gəldiyi o yerlər uzun illərdən sonra ağsaçlı qızına sevgi ilə qucaq açsa da könlündəki həsrətini bütünlüklə ovuda bilməyib. O illər , o ağrı , acı , vətəndən uzaqda yaşadığı çətinliklər yaddaşında əbədi iz buraxıb. Bir sözlə həsrət , ələm şairidi. Deyir ən nikbin şeirlərimin də içində kədər gizlənib. Dünyadan və sözündən nigarandı. Özü demiş axı əsərləri də onun övladlarıdı. Gözünün nurunu , könlünün odunu , əllərinin sığalını verdiyi övladları. Laqeydliyə və biganəliyə dözümsüzdü . Ömrünü ədəbiyyata verən bir yazarçun ən böyük dəyər oxucu sevgisidi. Sevgiylə mükafatlanan Şövkət xanım bəzən ruhdan düşsə də Tanrıya dopdolu şükranlığından da əl çəkmir. Mən onun çox xüsisiyyətlərini anama bənzədirəm. Elə üsyankarlığını da.. Şövkət xanım həsrət yolçusudu. Bu xanımın yaradıcııcılığını yetərincə incələyiblər. Hərə öz pəncərəsindən boylanıb Zərin dünyasına. Mənsə könlümdən keçənləri nəzmə çəkdim bu gün. Təki hər şey könlüncə olsun.

Min ilin əzabı gizlənib alnının qırışlarında.
Ürəyinin içindəki işıqdı gözlərində parlayan,
Sükutunda min ilin ağrısı var,
Səsində Vətən yanğısı,
Təbəssümündə gizlədirsən harayını ,
Səni misralarında üşüyən qəmdən tanıyıram,
Saçlarını ayrıc -ayrıc,
Tellərini dən -dən tanıyıram.
Sözün yaddaşına köçüb duyğuların,
İçində Şövkət Zərin sevdası var.
Dağınıq arzuların bütövləşəndə şeir olur ,
Sözün varaqda , dodaqların duanda ovunur.
Səni həsrətindən tanıyıram,
Vüqarını zamanın küləkləri əyməyən qadın,
Soyuq baxışdan qaçan,
Bir kəpənəyin də xətrinə dəyməyən qadın ,
Torpaq qadın , yurd qadın, Vətən qadın,
Sən ey təpədən dırnağacan anama bənzəyən qadın!

Təranə DƏMİR,

AYB -nin və AJB-nin üzvü, şair -publisist.

Yunus Oğuzun bloqu

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Top