Zaur Ustac və “Şəhidlik” mövzusu

Zaur Ustac və “Şəhidlik” mövzusu
Azərbaycan ədəbiyyatında və publisistikasında şəhidlik mövzusu hər zaman müqəddəs məqam kimi dəyərləndirilmişdir. Çünki şəhidlər Vətənin azadlığı, xalqın müstəqilliyi, millətin bütövlüyü uğrunda canlarından keçən müqəddəs ruh sahibləridir. Onlar tariximizin ən uca zirvəsində dayanan qəhrəmanlardır. Müasir Azərbaycan ədəbiyyatında bu mövzunu xüsusi bir həssaslıqla qələmə alan yazarlardan biri də Zaur Ustacdır. Onun yaradıcılığında şəhidlər sadəcə bir ədəbi mövzu deyil, həm də milli-mənəvi kimliyimizin əsası, milli yaddaşımızın işıqlı səhifələridir:
Belə şanlı hekayət,
Tarixdə bir, ya iki…
Lap başqası varsa da,
Möcüzədir bizimki …
* * *
Bu dastanı qanıyla
Yazdı ərlər, ərənlər…
Bu kitabın qədrini,
Bilir yazmaq bilənlər…
Zaur Ustacın ədəbi dünyasında şəhid anlayışı böyük bir ideyanın ifadəsidir. Onun əsərlərində şəhidlər igidlik, qəhrəmanlıq, mərdlik rəmzi olmaqla yanaşı, həm də Azərbaycan xalqının azadlıq arzularının, milli ruhunun daşıyıcılarıdır. Yazıçıya görə şəhid – sadəcə döyüşdə can verən əsgər deyil, o, həm də gələcək nəsillərə yol göstərən işıq, unudulmaz yaddaşdır. Bu baxımdan Zaur Ustacın qələmindən süzülən hər bir sətirdə şəhidlərə olan minnətdarlıq, onların ruhuna olan ehtiram öz əksini tapır:
Tək getmişdin gedəndə,
Yüz min olub qayıtdın…
Özün getdin yuxuya,
Milyonları oyatdın…
Ədəbiyyat yalnız söz sənəti deyil, həm də xalqın tarixini yaşadan mənəvi kitabdır. Zaur Ustac şəhidlərin obrazını bu kitabın ən uca səhifələrinə həkk edir. Onun əsərlərində şəhidlər tarixi şəxsiyyətlər qədər ucaldılır, çünki o yaxşı bilir: bu torpağın hər qarışı şəhid qanı ilə yoğrulub. Bu baxımdan Ustacın yazılarında şəhidlər sadəcə xatırlanmaqla kifayətlənmir, onların adı milli kimliyin ayrılmaz parçasına çevrilir:
Başlanan yol qapından,
Şuşayadək uzandı…
Vətən oğlun itirdi,
Torpağını qazandı…
44 günlük Vətən müharibəsi Azərbaycan xalqına böyük Zəfər sevinci bəxş etdi. Lakin bu zəfərin əsasında minlərlə şəhidimizin qanı, igidliyi dayanır. Zaur Ustac bu həqiqəti qələmində tez-tez vurğulayır: əgər şəhidlərimiz olmasaydı, biz azad torpaqlara qovuşa bilməzdik. Bu mənada onun publisist yazıları həm qəhrəmanlıq salnaməsi, həm də bir vətəndaş mövqeyidir. Yazıçı hər dəfə oxucuya xatırladır ki, şəhidlərin ruhu qarşısında məsuliyyət daşımaq – təkcə onların xatirəsini yad etməklə bitmir. Bu, həm də Vətənə sədaqətli olmaq, onların ideallarını yaşatmaq deməkdir:
Çox dilək diləmişdim, Bayraq olsun kəfənim,
Xəyalım gerçək olub, sevinməsin düşmənim,
Dualarım qəbuldu, ağlamasın sevənim,
Ana, sən də gözünün qorasını sıxma ha…
“Oğul düşmən çəpəri”, qurban gedər torpağa…
Zaur Ustacın yazılarında şəhidlər həm qəhrəman əsgər, həm də bir ailənin övladı, bir ananın oğlu, bir balanın atası kimi təqdim olunur. Bu yanaşma onun üslubuna xüsusi təsir gücü qatır. Oxucu şəhidin igidliyi ilə yanaşı, onun arxasında qalan boşluqları, nisgil və ağrını da hiss edir. Bu, həm də yazıçının publisistik qələminin gücüdür: o, şəhid obrazını təkcə döyüş meydanında deyil, gündəlik həyatımızın hər anında yaşadır:
Bir otaq küncündə bacı naləsi,
Birində qardaşın hıçqırtısı var…
Məhəllə uşağı, qrup yoldaşı,
Bu gün qəmgin durub meyvə satanlar….
* * *
Adi çörəkçi də xiffət eyləyir,
Çəkməçi çəkməsin görüb ağlayır….
Alışqan verdiyi bardakı qızın,
Bu yağış qəlbində tonqal qalayır….
Zaur Ustac şəhidliyi “əbədiyyətin zirvəsi” kimi dəyərləndirir. Onun düşüncəsində şəhidlər xalqın yolunu işıqlandıran ulduzlardır. Bu ulduzlar heç vaxt sönmür, çünki onların nurunda həm azadlıq, həm müstəqillik, həm də milli ləyaqət əks olunur. Bu baxımdan Zaur Ustacın şəhidlər mövzusuna yanaşması təkcə ədəbi hadisə deyil, həm də vətəndaşlıq borcunun təcəssümüdür:
Al qanının rəngidir,
Al qırmızı lalələr..
Hər bahar salamlayır,
Onları Xürrəmilər…
Qanıyla suvardığı
Torpaq bitib yurd olar.
Yalançı, düz aramaz,
Hamıçün şəhid olar…
Şəhidlər bir millətin ən uca dəyərləri, xalqın mənəvi sütunlarıdır. Zaur Ustac isə bu sütunların üzərində söz abidələri ucaldan qələm sahibidir. Onun yaradıcılığında şəhidlər həmişə uca tutulur, onların adı daim ehtiramla anılır. Beləliklə, Zaur Ustacın əsərləri şəhidlərimizin ruhunu yaşadan, gələcək nəsillərə vətənpərvərlik aşılayan mənəvi məktəbdir. O, hər kəsə bir həqiqəti xatırladır: “şəhidlər ölməz, vətən bölünməz!“
Müəllif: Günnur AĞAYEVA,
müstəqil ədəbiyyatşünas-tənqidçi
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru


