Weather Data Source: havadurumuuzun.com

Təbəssüm – Qana Ən Tez Qarışan Dərmandır

Təbəssüm – Qana Ən Tez Qarışan Dərmandır

Bəzən həyatın ağır yükü çiyinlərimizi əzəndə, içimizdəki fırtınalar bizi yoranda, gözlərimizdəki işıq solanda, bir möcüzə kimi çıxır qarşımıza – təbəssüm… O, səssiz, amma ən təsirli bir məlhəmdir. Heç bir sözə ehtiyac duymadan insanın içini işıqlandırar, ruhu isidər, qəlbə həyat payı bəxş edər.

Elm sübut edib ki, bircə təbəssüm belə qanda xoşbəxtlik hormonlarını – serotonin, dopamin və endorfini oyadır. Bir anlıq gülüş bütün bədəni rahatladar, stressi azaldar, qəlbi yüngülləşdirər. Bəlkə də buna görə deyirlər ki, təbəssüm qana ən tez qarışan dərmandır. Amma bu dərmanı heç bir aptekdə tapa bilməzsən, çünki onun mənbəyi ürəkdir.

Təbəssüm yalnız dodaqlarda doğulan bir jest deyil, ürəyin musiqisidir. O, sevginin, mərhəmətin və ümidin dilidir. Bir insana təbəssüm hədiyyə etdiyin zaman, sən ona sadəcə bir anlıq sevinc bəxş etmir, eyni zamanda onun ruhuna güc, qəlbinə istilik verirsən.

Bəzən bir təbəssüm bir insanın həyatını dəyişir. Bəlkə də kimsə susqunluğunun içində boğularkən, sənin gülüşün ona “yalnız deyilsən” mesajını verir. Hər birimiz bilmədən kimsənin sağalmasına səbəb ola bilərik, bir insanın ümidini dirildə bilərik.

Unutmayaq ki, həyat daim göz yaşları ilə yox, təəssüratlarla ölçülür. Bəzən bir xoş söz, bir səmimi gülüş, bir səmavi təbəssüm bütün yuxusuz gecələrə dəyər. Ona görə də qəlbin yorulduğu, həyatın çətinləşdiyi anlarda belə, təbəssüm etməyi unutma… Çünki təbəssümün səni sağaldacaq, ruhunu dirildəcək və qanına ən saf sevinc kimi qarışacaq.

Unutma: Bəzən bir təbəssüm bir ömürlük şəfa ola bilər…

İmza:Pərvanə Salmanqızı.

Top