Çadrasını çıxararaq tarixi silkələyən qadın: Zərrintac Tahirə

Çadrasını çıxararaq tarixi silkələyən qadın: Zərrintac Tahirə
XIX əsrin sakit qaranlığında bir qadın səsini ucaltdı – elə bir səs ki, yalnız bir dövrü deyil, bütöv bir düşüncə sistemini silkələdi. Bu qadın Zərrintac Tahirə, yəni xalq arasında tanındığı adı ilə Tahirə Qürrətüleyn idi. O, bir zamanlar yalnız kişilərə aid sayılan düşüncə meydanına daxil oldu, öz sözünü dedi və sözün əsl mənasında adını tarixə yazdı..
Əsl adı Fatimə olan, lakin Tahirə Qürrətüleyn kimi tanınan bu şairə qadın 1818-ci ildə Güney Azərbaycanın Qəzvin şəhərində ,dövrün tanınmış müctəhidi Hacı Molla Məhəmmədsaleh Bərəğaninin ailəsində doğulub.
Yüksək təhsil alan Tahirə sonralar Qacar xanədanlığını sarsıdacaq geniş dini-siyasi hərəkatın öncüllərindən birinə çevrilir. Bu hərəkat Seyid Əli Məhəmməd Babın rəhbərlik etdiyi Babilik idi.
İran cəmiyyətində qadının yalnız ev və ailə içində görünməsi “qanuniləşdirilmişdi”. Ancaq Tahirə öz fikirlərini açıq şəkildə ifadə edirdi. Dərin dini və fəlsəfi biliklərə malik olan bu qadın Babiliyin öncül simalarından biri kimi qadınların azadlığı uğrunda çalışırdı. O, yalnız dini islahatların yox, həm də qadın hüquqlarının ilk açıq müdafiəçilərindən biri oldu.
Tahirə Zərrintac bu yolda ailəsindən uzaqlaşır və əmisi oğlu olan yoldaşı Molla Məhəmmədlə boşanması ilə ailəsi ilə daimi düşmənçiliklərinin əsasını qoyur.
Tahirənin ən cəsarətli addımlarından biri, çoxlarının hələ dilə gətirməyə belə cəsarət etmədiyi bir dövrdə, çadrasını çıxararaq ictimaiyyət qarşısında çıxış etməsi idi. Tahirə İranda keçirilən Bədəşt konfransında (1848-ci il) hicabını çıxaran ilk qadın olub. Bu hadisə yalnız dini deyil, eyni zamanda cəmiyyətin qadınlara baxışına qarşı inqilabi bir etiraz idi. O an yüzlərlə insanın qarşısında hicabsız çıxış etməsi bir çoxlarını şoka salmışdı, lakin bu, fikir azadlığı və qadınların görünürlüyü üçün mühüm simvola çevrildi. Hansı ki,qadınların susmaması, görünməsi və düşüncələri ilə cəmiyyətə qatılmasına dair bir simvol. O, bu hərəkəti ilə təkcə İran cəmiyyətində deyil, bütün Şərqdə qadın azadlığı mövzusunda bir dönüş nöqtəsi yaratdı.
Zərrintacın 18 mürid arasında yeganə qadın olması,bu hərəkata qoşulma səbəbi qadın azadlığı idi, o, Tanrı qatında kişi və qadının hər zaman bərabər qalmasını istəyirdi.Qadın azadlığı uğrunda savaş Qacar dövlətinin hökmranlıq etdiyi bir dövrdə olduqca qətiyyətli addım idi.
Ancaq cəsarətin də bir bədəli olur. Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan mədəniyyət ənənələri” məqaləsində belə bir fikir var:
“Tehranda Nəsrəddin şahın əmrilə özünü diri-diri yandırmağa məhkum etdilər. Ona” dinini tərk et,şah səni bağışlar”,dedilər.
Fəqət o:
“Bən deməm kim,sən səməndər ol da ,ya pərvanə ol,
Çünki yanmaq niyyətindir,dönmə dur,mərdanə ol!”
Beytini söyləyərək yandı”.
Türk şairi Süleyman Nazif isə onun haqqında yazırdı:
“O, Janna Darkdan daha mötəbər,daha gerçək,daha görkəmli və daha böyük qəhrəmandır. Həvvadan tutmuş doğulacaq son qız övladına qədər, hər bir kəs Qəzvindən olan bu gənc türk qadınını xatırlayarkən gözləri yaşaracaq və qürurla dolacaq. Ah! Təəssüf, Qürrətüleyn! Sən min Nəsrəddin şaha,min Qacar sülaləsinə dəyərdin.Sənin qatillərin sənin külünü Tehranın üfüqlərinə səpmədilər,xeyr,o üfüqlərdən bəşəriyyətin ürəklərinə səpdilər. Hər bir ürək sənin məskənindir,Tahirə!”
Mirzə Fətəli Axundzadə və Mirzə Kazım bəy kimi dahi mütəfəkkirlərimiz Zərrintacı atəşin təbə malik qeyrətli və hümmətli qızı, qeyri-adi dərəcədə yüksək təhsil almış alim ,sözə hakim kimi qiymətləndirmişdilər.
Bugün Zərrintac Tahirə yalnız bir şair və dini xadim kimi deyil, feminist düşüncənin erkən səsi, publisistik cəsarətin və ictimai oyanışın ilham mənbəyi kimi xatırlanır. O, öz dövründə sadəcə bir qadın deyil, bir cəmiyyətin səsini, bir millətin vicdanını, bir xalqın ümidini daşıyan şəxsiyyət idi. Tahirənin həyatı və fikirləri yalnız bir tarixi şəxsiyyətin bioqrafiyası deyil, həm də düşüncə azadlığının, qadın haqlarının və cəsarətin simvoludur. O, bir əsrin yox, bir düşüncə axınının öncüsüdür.
Onun yanmaqdan qorxmayan ürəyi bu gün də bizə cəsarət verir. Biz, XXI əsrin insanları olaraq, bəzən danışmağa, fikir bildirməyə, haqsızlığa “yox” deməyə çəkinəndə, Tahirənin susmadığı dövrü xatırlamalıyıq.
Zərrintac Tahirə sadəcə çadrasını çıxarmadı . O, qadının səsini, simasını və şəxsiyyətini işığa çıxardı. Tahirə tarixdə bir ad olaraq yox, bir ideya olaraq yaşadı və yaşayır. O bir daha sübut etdi ki, zaman dəyişsə də ,azadlıq eşqi heç vaxt ölmür.
Müəllif: Elnurə Cəfərova
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru


