Qar nə yaxşı göy saxlayıb otları

Qar nə yaxşı göy saxlayıb otları
Şaxta vurub soldurmasa yaxşıdı.
Bəm üstündə çinlədiyim notları
Tale zilə qaldırmasa yaxşıdı.
Bu dünyadı , daş döyəsi canı var
Bu ömürdü , əzəli var , sonu var
Bu sevdanın xatası var , qanı var
Məni qana saldırmasa yaxşıdı.
Taleyimiz qoşa zərin dörd üzü
Qismətimiz bu dünyanın dərd üzü
Başımıza zəmanənin sərt üzü
Qiyaməti qaldırmasa yaxşıdı.
Biləmmədim bu fələyin qəsdi nə
Biləmmədim əyri nədi , düzdü nə
Bu məhəbbət ikimizin üstünə
Dost –düşməni güldürməsə yaxşıdı.
Yazımızı belə yazıb baxt özü
Hər yaranın çarəsidi vaxt özü
Öldürsə də şikayətim yox düzü
Bu dərd məni öldürməsə yaxşıdı.
Dursun Musayeva


