Weather Data Source: havadurumuuzun.com

Azərbaycanlı rəssam Nihad Əliyev İtaliyada böyük uğura imza atdı – Beynəlxalq sertifikata layiq görüldü!

Azərbaycanlı rəssam Nihad Əliyev İtaliyada böyük uğura imza atdı – Beynəlxalq sertifikata layiq görüldü!

İtaliyanın paytaxtı Romada yerləşən məşhur “Medina Art” qalereyasında keçirilən “Art of Cultural Diplomacy – Art for Peace” adlı beynəlxalq sərgidə azərbaycanlı rəssam Nihad Əliyev uğurla çıxış edərək ölkəmizin mədəniyyətini yüksək səviyyədə təmsil edib.

Sərgidə nümayiş olunan 4 rəsm əsəri böyük maraqla qarşılanan rəssam incəsənət vasitəsilə mədəniyyətlərarası dialoqa, sülhün və dostluğun təbliğinə verdiyi töhfəyə görə beynəlxalq sertifikatla təltif olunub.

Sənətkar bildirib ki, bu uğur onun yaradıcılıq yolunda yeni bir mərhələ, böyük xoşbəxtlik və yeni zirvələrin başlanğıcıdır:

> “Roma sərgisinə dəvət almağım, əsərlərimin beynəlxalq auditoriyada maraqla izlənməsi mənim üçün böyük qürurdur. Azərbaycan incəsənətini İtaliyada tanıtmaq və sənətimizə diqqəti cəlb etmək mənim üçün xüsusi bir məsuliyyətdir. Bu uğurun qazanılmasında əməyi olan, dəstək göstərən hər kəsə dərin minnətdarlığımı bildirirəm.”

Sərgi çərçivəsində iştirakçılar üçün İtaliyanın tarixi və mədəniyyət abidələrinə xüsusi turlar təşkil olunub. Bu səfər Nihad Əliyevin yaradıcılıq ilhamına yeni bir nəfəs gətirməklə yanaşı, beynəlxalq arenada Azərbaycan rəssamlığının nüfuzunun daha da möhkəmlənməsinə töhfə verib.

Doğum günü münasibətilə rəssamı təbrik edən Pərvanə Salmanqızı isə bu uğurun təkcə Nihad Əliyevin şəxsi nailiyyəti deyil, həm də Azərbaycan mədəniyyətinin dünyada tanıdılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib:

> “Nihad Əliyev rəsm əsərləri ilə Azərbaycan mədəniyyətinin ruhunu, rənglərini və zənginliyini dünyaya tanıdır. Onun yaradıcılığına, sənətə olan sevgisinə və Vətənə bağlılığına dərin hörmətlə yanaşır, yeni uğurlar və tükənməz ilham arzulayıram.”

Azərbaycan incəsənəti üçün daha bir parlaq səhifə olan bu uğur, rəssamın yaradıcılıq yolunda yeni perspektivlərin açılmasına zəmin yaradır.

İmza:Pərvanə Salmanqızı.

Top